Ədalətin zəlaləti

“Prezidentə məktub” silsiləsindən

Rövşən Hacıbəyli

Cənab prezident! Qabaqca yaddaş üçün bir xatırlatma. Ali Məhkəmənin təşəbbüsü ilə Milli Məclisə göndərilən Nümayəndəlik İnstitutunun ləğvi ilə bağlı qanun layihəsi oktyabrın 31-də parlamentdə müzakirəsiz qəbul olundu. Həmin iclasda Ziyafət Əsgərov – Milli Məclis sədrinin müavini – özünü küçədə olduğu sayaq aparmışdı: “Mən burda siyasi müzakirə açılmasına imkan verməyəcəyəm, bu qanun layihəsi bizə göndərilib və  biz onu dərhal qəbul etməliyik”.

Qanunun qəbulu ilə bağlı göstəriş sizdən gəlməmişdi, açığı, Ali Məhkəmənin sədri Ramiz Rzayev də elə fiqur deyil ki, Ziyafət Əsgərov ondan bu şəkildə çəkinsin. Ali Məhkəmə hakimiyyətinin başında dayanan adamla bağlı sizin məşhur dialoqunuz indi də yaddaşlardadır. Hansısa rayon məhkəməsi binasının açılışında olanda siz ordan hakimiyyətin müstəqil qolu olan məhkəmənin sədri ilə görüntülü danışmışdız və “Ramiz, məni eşidirsən?” deyə soruşmuşduz, o da yaşına və tutduğu posta uyğun olmayan şəkildə bir az da əyilərək “bəli, cənab prezident, eşidirəm” demişdi. Yəni belə adamdan Z.Əsgərov niyə çəkinsin ki? Görünür, tapşırıq elə bir yerdən gəlib ki, Ziyafət Əsgərov özündən yaşlı deputatlarla bu tonda danışmağa cəsarət edib. Bəs hardan və kimdən alıb bu cəsarəti?!

Həmin gün – oktyabrın 31-də – sizin başınız qarışıq olub. Türkiyəni demokratiya yolundan sapındırmağa çalışan “dostunuz-qardaşınız” prezident Rəcəb Tayyib Ərdoğanla ikilikdə görüşürdüz. Çox sürətli Bakı-Tbilisi-Qars dəmir yol xəttinin(birinci qatar Bakıdan Qarsa 40 saata gedib) açılışı ilə bağlı məsləhətləşmələr aparırdız. Yəni parlament “müzakirələrindən”, Ziyafət Əsgərovun çərçivələri aşan iddialarından xəbəriniz yoxdu…

Cənab prezident! Bəlkə də elə bu xəbərsizlik bəzilərində ümid yaratmışdı: “Prezident məsələdən xəbər tutanda qanunu imzalamaqdan imtina edəcək”. Prezidenti olduğunuz ölkənin vətəndaşlarının nə qədər sadəlövh olduğunu görürsüz də. Elə bil bu ölkədə yaşamırlar, gözəlim Azərbaycanda baş verənlərdən xəbərsizdilər. Onlar düşünürdü ki, 10 milyon əhalisi olan ölkəni cəmi 900 vəkilin umuduna qoymaq sizin ağlınızdan belə keçməz; həm də bu gün məhkəmələrdə 380 minə yaxın işin olduğunu, bu hesabla hər vəkilə 500-dən çox iş düşdüyünü nəzərə alaraq siz bu təklifə qarşı çıxacaqsız. Onu imzalamaq üçün sizə ötürənləri yerində oturdacaq, bəlkə lap özünü ixtiyar sahibi sayaq aparanları – Ziyafətkimiləri cəzalandıracaqsız. Axi bu qanunun qəbulu həm də 10 min nümayəndənin işsiz, 10 min ailənin çörəksiz qalması deməkdir. Sizsə həmişə yeni iş yerləri açmaqla öyünür, 10 min yeni iş yeri açmaq üçün aylarla çalışırsız. Bütün bu səbəbləri arqument kimi əllərində bayraq edən bəzi nümayəndə və vəkillər sizi 10 minin, həm də müdafiəsiz qalan 8 milyonun xilaskarı kimi görürdü. Niyəsini bəlkə özləri də bilmir. Axı heç uzaq keçmiş deyil; iki devalvasiyadan – sabit qalması ilə öyündüyünüz (xariciləri belə pullarını manatda saxlamağa çağırırdınız) manatın dəyərdən düşməsindən sonra kredit bataqlığında boğulan milyonlar sizə üz tutdu, onları bir qrup soyğunçu bankın əlindən almağı israrla sizdən xahiş etdi. Onda siz milyonların yox, bir neçə bankın tərəfində dayandız. İndi həmin problemli kreditlərin məbləği 1 milyard 857 milyon manat olub. Düzdür, borcluların sayı bir qədər azalıb, çünki borc bataqlığında olanların hər gün intihar xəbərini alırıq… O adamların çoxunu banklar məhkəməyə verib və onları sizin ləğvinə sərəncam verdiyiniz nümayəndəlik institutunun təmsilçiləri müdafiə edirdi. O sərəncamı, bəlkə də, minlərlə başqa sərəncamlardan biri kimi, fərqinə belə varmadan imzalamısız. Əslində, ola bilsin, o sərəncamın imzalanmasıyla çörəksiz qoyduğunuz hansısa nümayəndənin intiharına səbəb oldunuz. Çarəsiz duruma düşən vətəndaşlarımız haqqı, hüququ uğrunda mübarizə aparmaq əvəzinə, adətən, intihar yolunu seçir, bu səbəbdən yazdım. Təki yanılım. 18 noyabra mitinq qərarı verən vəkil və nümayəndələr bəlkə başqa yol – mübarizə yolu seçəcək, intihar barədə heç düşünməyəcəklər də…

Hörmətli hüquqçumuz Ələsgər Məmmədlinin yazdığına görə, Dövlət Statistika Komitəsinin son məlumatına əsasən, Bakı, Abşeron və Sumqayıtdan kənarda yaşayan (qeydiyyatda olan) əhali sayı 7 milyon 20 min nəfərdir. Bu bölgələrdə cəmi 235 vəkil fəaliyyət göstərir. Deməli, 7 milyon 20 min nəfər əhalini cəmi 235 vəkil təmsil edəcək – yəni hər 30 000 nəfəri bir vəkil təmsil edəcək, hər vəkilə 500-dən çox iş düşəcək…

Bunu da yeni iş yerləri statistikanıza sala bilərsiz, ancaq burda yeni iş yerləri yeni yox, elə köhnə adamlar – işləyənlər üçün, həm də çox olacaq.

Cənab prezident! Milli Məclisin qanunu müzakirəsiz qəbul etməsindən cəmi 7 gün sonra siz də eyni addımı atdız. Milyonların marağına toxunan qanunu rəsmiləşdirdiz. Həm də tez-tələsik… Milli Məclisdən keçən elə qanunlar olur ki, siz onları bunun üçün müəyyən edilmiş müddətin lap sonunda imzalayırsız. Ancaq bu nümayəndəlik məsələsində nədənsə çox tələsdiz, lap çox. Çoxları bu tələskənliyin səbəbləri üzərində hələ də baş sındırır…

Ramiz müəllimə hörmətimiz artıb,  ancaq müraciət etmirik. Bizi onsuz da eşitməyəcək, sizi eşitməyinə baxmayın, bizi eşitsə belə cavab verməyəcək. Deməyəcək ki, niyə belə mürtəce qanunu saxta parlamentə göndərib…