Bu hadisədə məni ən çox narahat edən rejimin xalqımıza təhqiramiz münasibətidir


Tanınmış və sevilən aktyorumuz Ayşad Məmmədovun Akademik Milli Dram Teatrındakı işindən azad edilməsi rejimin növbəti dəfə xalqı sınağa çəkmək cəhdidir. Ayşad bəy mitinqdə iştirakına görə birbaşa mədəniyyət nazirinin müdaxiləsilə işindən çıxarılıb. Rejim mitinqlərin kütləviləşməsindən və davamlı olmasından çox qorxur. Əvvəlcə ümid edirdilər ki, əsas təşkilatçılar olan cəbhəçilərə təzyiq etməklə mitinqlərin kütləviliyinin qarşısını ala biləcəklər. Son 2 mitinq ərəfəsi 171 nəfər AXCP funksioneri polis idarələrinə çağırılıb və hədələnib. Onlardan 17 nəfəri şərlənərək inzibati qaydada həbs olunub, 3 nəfər işdən çıxarılıb. Daha 4 nəfər mitinq təşkilatçısının isə ailə üzvlərini işdən çıxarıblar. Ancaq bu təzyiqlər AXCP funksionerlərini durdura bilməyib. Onların azadlıq eşqi, Vətəni xilas etmək arzusu həbs və işsizlik qorxusuna qalib gəlib. Onlar daha da artıq mübarizə əzmilə 28 oktyabr mitinqini hazırlayırlar. Bunu görən hakimiyyət bütövlükdə cəmiyyətdə qorxu yaratmaq üçün tanınmış aktyoru işdən çıxardı. Elə adamı işdən çıxardılar ki, xəbər cəmiyyətdə geniş yayılsın və bununla başqalarını qorxuda bilsinlər.

Mən Ayşad bəyin işdən çıxarılmasına çox təəssüflənirəm. Ancaq etiraf edim ki, bu hadisədə məni ən çox narahat edən rejimin bütövlükdə xalqımıza təhqiramiz münasibətidir. Bunlar öz hərəkətlərilə açıq deyirlər ki, yaxşı edib sizə zülm edirik, sərvətinizi talayırıq. Çox yüksəkdən də “talana, yalana son!” deməyin. Aranızdan bir neçə nəfəri işdən çıxardarıq, bununla da qaçıb dağılışarsınız, başınızı aşağı salıb, aylıq 150-200 manatınıza şükr edərsiniz. Biz də talanımızı davam edərik.

Biz rejimin gözləntisini doğrultsaq, qaçıb dağılsaq, mitinqlərə gəlməkdən qorxsaq, bizimlə hər zaman belə davranacaqlar. Cəmiyyətdən daha artıq itaətkarlıq tələb edəcəklər. İndi mitinqdə iştiraka görə işdən çıxarırlarsa, sabah feysbukda yazılan tənqidi qeydə, birisi gün məhlədəki söhbətdə narazılıq ifadə etdiyimizə görə bizi işdən çıxara bilərlər. Ona görə də xalqı bir heç sayan, təhqir edən, qorxudub itaətdə saxlayacağını düşünən hakimiyyətə biz də adekvat cavab verməliyik. Bizim cavabımız ilk növbədə Ayşad bəyə sahib çıxmaq, onunla həmrəy olmaqdır. İkincisi, biz açıq və hamılıqla hökumətin bu addımından hiddətləndiyimizi, 28 oktyabr mitinqində daha kütləvi olacağımızı ifadə etməliyik. 

Unutmayaq, yalnız qorxusuna qalib gələn, çətinlikləri dəf etməyə hazır olan xalqlar azadlıqlarına qovuşub ölkələrində xalq hakimiyyəti qura, milli sərvətlərinə sahib çıxa bilirlər.