Ölən ümidlər

Nədənsə məmləkətin insanlarına baxdıqda həmişə Tatar çölünün qəhrəmanı Droqonu xatırlayıram. Onun da arzuları vardı, o arzular onu yaşadırdı. Həyatımızın hər anı, arzularmız, istəklərimiz Tatar çölündəki sonsuzluq kimidir.

***

İtalyan yazıçısı Dino Buzzattinin “Tatar çölü” romanında Leytenant Droqo Bastiani qalasına hərbi xidmətə gələrkən cavan idi, hərbi məktəbi bitirmiş, qəhrəmanlıq arzusunda idi. Uzun illər Qalaya Tatarların hücumu barədə söhbətlər yayılırdı, leytenant Droqo da tatarların hücumunu gözləyirdi. Hər növbəyə çıxdığında baxdığı ucsuz-bucaqsız çöllüklərdə qaraltı görmək, qəhrəmanlıq etmək arzusuyla yaşayırdı.

Arzuların, xəyalların qovuşduğu, amma reallaşdıra bilmədiyin bir yerdir Tatar çölü. Ora gələn hər zabit qəhrəmanlıq arzusundaydı, amma bu arzusunu daxilində boğa-boğa Qaladan tərxis olunub gedirdi.

Leytenant Droqo ümidlə tatarların gəlməsini gözləyə-gözləyə 30 ili başa vurdu. Artıq mayor rütbəsinə çatmış, qocalmışdı. Amma qəhrəmanlıq etmək arzusu onu yaşadırdı.

Müharibənin başlayacağına işarələr olduğu zamanda Droqonu xəstə olmasını bəhanə edib Qaladan çıxarıb müalicəyə göndərirlər. Droqo o arzunu reallaşdıra bilməyib məhv olmağa başladı.

***

Orta məktəbdə oxuyanda inşa yazarkən çox zaman Qarabağla bağlı mövzulara toxunurduq. İnşaya “artıq 5 ildir ki, Qarabağ düşmən tapdağı altındadır” cümləsi ilə başlardıq. Zaman keçdikcə, hər il inşa yazdıqca 5 rəqəmi artırdı. Orta məktəbi qurtardıq, amma Qarabağ işğaldan azad edilmədi. Bir igidin ömrü qədər işğalda qaldı. Bəlkə də indi orta məktəbdə oxuyan şagirdlər yazdıqları inşalarda Qarabağın artıq 1988-ci ildən başlayaraq 29 ilə yaxın müddətdə işğal altında olduğunu yazırlar. 29 il uzun müddət deyilmi? Bir gəncin ömrü qədər uzanmayıbmı?

Hər çıxışında Ali baş komandan “Lazım gələrsə, Qarabağı düşmən işğalından azad edəcəyik” deyir. Amma Lazım hələ də gəlmir, insanların gözü yoldadır. Qarabağ yeni işğal olunan dövrlərdə insanlarda bəlkə də Qarabağın geri qaytarılacağına, Lazımın gələcəyinə ümidlər vardı, amma zaman keçdikcə ümidlər ümidsizləşməyə doğru getməyə başlayır. Bəlkə də Lazım artıq yaşlaşıb deyə gələ bilmir, insanların gözünü yolda qoyur.

Müxtəlif illərdə müharibənin başlayacağına işarələr olduqda məmləkət insanlarında bir qığılcım yaranır, ölən ümidləri dirçəlməyə başlayır. Amma o dirçəlmələr də elə ilk tumurcuğu açıb ölən çiçəklər kimi məhv olur. Və insanlar yenidən o işarələri gözləməyə başlayırlar. Sanki həyat belə də davam edərmiş kimi əvvələ qayıdırlar Kim Ki Dukun “Yaz, yay, payız, qış, yenə də yaz” filmindəki qəhrəmanlar kimi.

***

Təcridxanaların birində məhkumlarla ailənin, vəkillərin görüş məktubunu yazan bir əməkdaş vardı. Uzun illərdir ki, həmin vəzifədə işləyib. Balaca otağı, köhnə televizoru, köhnə kondensioneri sovet illərini xatırladırdı.  İllərini Təcridxanaya giriş məktubu yazmaqla keçirib və 20 il əvvəl ilk dəfə bu vəzifəyə gəldikdə necə idisə, 20 il sonra da həmin vəzifədə istefaya getdi. Bəlkə də 20 il əvvəl ilk dəfə bu vəzifəyə gələndə tamam başqa arzuları, vəzifədə yüksəlmək istəkləri vardı. Amma arzusuna çatmadan elə əvvəlki vəzifəsində işini başa vurdu. Hazırda onun yerinə gələn cavan əməkdaşın da bəlkə belə arzuları var. O əməkdaşa baxanda Droqonun Bastiani qalasından yaşlı halda gedərkən cavan leytenantla rastlaşması səhnəsi yadıma düşür. Ona “Tatar çölü” romanını oxumağa verməyi söz vermişəm. Amma oxuyandan sonra arzularının üstündən xətt çəkib elə həmin vəzifədə qalmaqla taleyi ilə barışacaqmı bilmirəm.

***

Bəlkə də bizim yaşamağımıza səbəb olan hansısa arzulardır. O arzularla həyatımızı başa vururuq. Kimi vəzifədə irəli çəkilmək istər, kimi itirilən torpaqlarına geri qayıtmaq, kimi də hakimiyyətin dəyişilməyini.. Hər nə arzular tutulubsa, o arzuyla yaşaya-yaşaya gedirik bu həyatı . Heç kim əsərdəki Droqo kimi yaşayaraq ölməyi arzulamaz və bu yükü özüylə həyatının sonuna qədər daşımağı istəməz. Bəlkə də bu bir insan faciəsidir, ümidlərinin öldüyü bir insanın həyatıdır. O həyatı sonunun belə olacağını bilə-bilə yaşamağı heç kim istəməz. Amma yaşadığımız həyatda ümidlərimizin ölməməsi üçün ümid etmək lazımdır. Nəyəsə ümid edib yaşayırsansa, demək ki yaşayırsan. Da Vinçi deyirdi k, ümid öldüyü yerdə boşluq başlayar. O boşluğa düşməmək ümidi ilə ..

Fariz Namazlı, vəkil