Azәrbaycan necә analoqsuz ölkәdir

Rafiq Manaflı

Analoqsuzluq əslində pis məziyyət deyil. Dünyanın əksər ölkələri sosial-iqtisadi-mədəni həyatın bir, bəzən bir neçə sahəsi üzrə analoqsuz göstəricilərə malikdirlər. Məsələn, yaponların texnologiyaların miniatürizasiyasında tayları yoxdur. Dünyada hamıdan yaxşı saatı isveçrəlilər istehsal edirlər, almanlar maşineriyanın ustasıdırlar. Türklərin turist qəbul etməkdə, braziliyalıların futbol oynamaqda və bir də karnavallar keçirməkdə, ərəblərin göbəy rəqsi oynamaqda analoqları yoxdur.

Qalan bütün sahələrdə hər bir ölkə milli xarakterinin, yerləşdiyi coğrafiyanın, allahın bəxş etdiyi təbii ehtiyatlarının diqtəsi ilə biri o birindən bir az yaxşı, biri bir az pis, normal yaşayış və inkişaf yolundadırlar. Heç bir ölkə bütün sahələr üzrə analoqsuz inkişaf göstəricilərinə malik deyillər və ola da bilməzlər. Amma bütün istiqamətlərdə öz xalqına analoqsuzluq kimi sırınan anormal gedişatlı ölkələr var.

Anormallıq isə çox pis məziyyətdir, nəyi isə çatmamağın yumşaldılmış ifadəsidir. Bizim Azərbaycanımız belə anormallıqların içində də fərqlənməyi bacaran analoqsuz ölkədir.

Neftin yaxşı pul gətirdiyi vaxtlar büdcəni qaldır 24-25 milyard dollara, onu tala, qeyri-neft sektorunu bilə-bilə məhv elə, neftin qiyməti düşəndə büdcəni sal 5-6 milyard dollara və özünü dağıt ki, analoqsuz inkişaf edirəm. Anormallıq deyilmi? Pulun yaxşı gələn vaxtında “otkat” 60-70%, necədir? Normal dövlət öz ölkəsini talamağına, vətəndaşını məhv etməyinə göz yummaq üçün rüşvətlə müharibə aparan dövlətlərin vətəndaşlarına rüşvət verərmi? Normal iqtidar ölkəyə daxil olan pulun yarıdan çoxunu oğurlayarmı?

Nüfuzlu monitorinq qrupları dünya ölkələrinin müxtəlif göstəricilər üzrə reytinq siyahılarını tərtib edirlər. Harada yaxşı siyahı var sonuncu yerlərdə, harada pis siyahı var ilk yerlərdən birindəyik. Anormal rəhbərlər öz anormal idarəçiliyi ilə Azərbaycanı analoqsuz burulğana gətirib çıxarıblar ki, artıq ölkəmiz bu burulganın lüləsi ətrafında fırlanmağa başlayıb, girdabın astanasındadır. Və rəhbərlik əgər anormaldırsa bu artıq diaqnozdur, düzəlməyəcək.

Bizə normal inkişaf yolunda olan dövlətin vətəndaşlarının normal yaşayışını təmin edəcək normal insanların normal idarəçiliyi lazımdır. Onun üçün isə ölkəmizdə analoqsuz anormal seçki mühitinin normallaşdırılması kifayətdir. Bunun da yolu dinc aksiyalardan keçir.

Azərbaycanda dövləti talamayan, vətəndaşını əzməyən, onların insan kimi yaşayışını təmin edəcək normal idarəçilik istəyənləri 28 oktyabr saat 15.00-da “Məhsul” stadionuna dəvət edirəm.