Heç olmasa, siyasi komanda etiraf etsin…

Hikmət Nikbin

Bu hakimiyyət İdarəçilik barəsindəki təsəvvüründə hələ də anlaqsızdır. Hətta o qədər anlaqsızdır ki, nəinki dövlətçiliyin siyasi əlifbasını, əlifbadakı bir hərfi belə başa düşmür. Bunun nəticəsi kimi, ölkədə Dövlət maraqlarını ailə maraqları, Xalq maraqlarını isə vəzifəlilərin şəxsi maraqları əvəz edib.

Bilirik ki, keçmiş Energetika naziri N. Əliyev dünyasını dəyişib. İdarəçilikdə vəfat edənə “hörmət” əlaməti olaraq aylarla vəzifəni “dondurmaq” nə demək idi ? Bu qədər müddətə təyinatın olmaması Dövlətçiliyi dərk edən şəxslər üçün böyük bir narahatçılıqdır. Təsəvvürünüzə gətirin, görün, İqtidar nə qədər Dövlətçilik baxımından məhduddur. İdarəçilikdə (xüsusilə 21-ci əsrdə) nəinki aylar, bir gün təyinatda ləngimək belə həmin sahədə boşluğun yaranması ilə nəticələnə bilər. Mütərəqqi İdarəçilikdə bu cür hallar yol verilməzdir. N. Əliyevə, eləcə də vəfat etmiş digər məmurlara yas saxlamaq istəyənlər isə evində, şəxsi həyatında saxlaya bilərdi. (bu, təbii haldır) Hakimiyyət ən azından özəl müəssisə deyil axı.

Məgər, Azərbaycan Respublikasının Qanunlarında vəfat etmiş vəzifəlilərin yerini aylarla boş saxlamaq müddəası vardı ?

Cəmiyyət kimi daha bir faciəmiz isə, böyük məmurdan ən kiçik məmura qədər bir nəfərin də İdarəçilikdə yerində olmamasıdır. Hələ də bu siyasi səbatsızlar başa düşmürlər ki, vəzifə hədiyyə deyil, istədiklərinə peşkəş verələr. Belə bir Hakimiyyətdən bir Xalq kimi nə ummaq olar ?

Ölkə İctimaiyyətini dözümsüz hala salan İqtidarın günahı ucbatından cəmiyyətin bu gününə, sabahına sevgisi günbəgün tükənir. Sevginin yerini sevgisizlik tutur, nifrət tutur. Həyat belə davam edərsə, bu nifrətin odu Ölkəmizi özü boyda atəşə çevirə bilər. Respublikamızın siyasi ab-havasına sərinlik gətirmək üçün, Azərbaycanımızın qapılarını oda, atəşə bağlamaq üçün, Hakimiyyət ən azından növbəti Prezident Seçgisində iştirak etməməlidir. Azərbaycan xalqının sərbəst seçiminə imkan verməlidir. Siyasi komanda özünə, öz məzmunsuzluğuna, öz formasızlığına yox deməlidir. Çünki siyasi cəhətcə taqətsizdi, komanda heysizdi, hərəkətsizdi, adamda “daş” təsiri bağışlayır.

Beynəlxalq Təşkilatlar bu Hakimiyyəti öz sıralarına heç bir şərt olmadan buraxdığı üçün məyusdur. Göründüyü kimi, Onlar da Azərbaycan xalqı kimi təəssüf hissi keçirirlər. Həqiqətən də, bu Təşkilatlar Azərbaycan Respublikasına qarşı deyil, yerində olmayan Hakimiyyətə qarşıdır. Daha dolğun ifadə etsək, Hakimiyyətin hakimiyyətsizliyinə qarşıdır. Heç olmasa, bu Siyasi komanda öz içində bir həqiqəti etiraf etsin. Azərbaycan Xalqının Qəlbini, Məhəbbətini Qazana Bilməmək Etirafını!