BMT-də Sərkisyana sərt cavab verilmədi

Nəsimi Məmmədli

BMT tribunasından dünən Ermənistan prezidenti Serj Sarkisyanın, bu gün isə Azərbaycan prezidenti İlham Əliyevin çıxışını dinlədik. Çıxışının böyük bir hissəsini “Dağlıq Qarabağ”a həsr edən S.Sarksiyana İ.Əliyevin necə cavab verəcəyi ictimaiyyət tərəfindən maraqla gözlənilirdi. İ.Əliyev Sarkisyana tutarlı arqumentlərlə layiqli cavab verə bildimi?
Öncə qeyd edim ki Sarkisyanın çıxışını açıq-aşkar həyasızlıq adlandırmaq olardı. Dünya ictimaiyyətinə Qarabağ problemi ilə bağlı tarixi faktları elə təhrif edərək çatdırırdı ki, münaqişədən xəbəri olmayanların Ermənistanı haqlı görməsi istisna deyildi. Bundan başqa, onun çıxışının daha hazırlıqlı və həmişəkindən daha çox hücum xarakterli olması diqqət çəkirdi.
Sanki əraziləri işğal edilən, 1 milyondan çox qaçqın və köçkünü olan, əhalisi təcavüzə məruz qalan dövlətin təmsilçisi kimi danışırdı. Həm də sanki Sarkisyanı indi daha çox özünə inamlı, qətiyyətli edən hansısa amillər var. O, hətta ATƏT-in Minsk qrupunun indiyədək təqdim etdiyi sülh təşəbbüslərini də sanki əhəmiyyətsiz bir məsələ kimi qəbul etdiyini sərgilədi. Qarabağ məsələsinə nə qədər ciddi önəm verdiklərini və əsla geriyə addım atmayacaqlarını ən ali beynəlxalq kürsüdən də göstərməyə çalışdı.
Sarkisyanı belə ötkəm edən hansı amillərdir, onun son vaxtlar özünə inamı niyə bu qədər artıb? Bu suallara başqa yazılarımızda ətraflı cavab tapmağa çalışacağıq. İndi isə onun çıxışından bir neçə tezisi bölüşmək istəyirəm.
O, çıxışında 1990-cı illərin əvvəlində ermənilərin Azərbaycandan kütləvi şəkildə çıxarılması və zorakılıq hallarına məruz qalmasını, Azərbaycanın nəzarətində olan ərazilərdə “nəhəng erməni mədəni və mənəvi irsininin ardıcıl olaraq məhv edildiyini” vurğulayıb. Belə bir şəraitdə “Artsax xalqının özünümüdafiəyə əl atmaqdan başqa seçimi olmayıb” deməklə işğala haqq qazandırdı. Habelə, “Dağlıq Qarabağ” probleminin dinc yolla həllinin alternativi olmadığını və eyni zamanda onun həllinin “xalqın öz müqəddəratını sərbəst təyin etməsi yolu ilə” mümkün olacağını bəyan edib. Sarkisyan həmçinin “Azərbaycanda ermənifobiyanın dövlət siyasətinin əsasını təşkil etdiyini” və hətta “məktəb dərsliklərində də bu halın dərin kök saldığını, ölkənin gənc nəslinin təfəkkürünü zəhərlədiklərini” deyib. “Azad Artsax” adlandırdığı Dağlıq Qarabağda “demokratik cəmiyyət”in bərqərar olduğunu, münaqişənin həll olunmamış vəziyyətinin “Artsax” xalqının hüquqlarına heç bir təsiri olmamalıdır” fikrini söyləyib.
Bu gün İ.Əliyevin çıxışında Sarkisyana ümumi və normal cavablar verilsə də, təəssüf ki erməni tərəfini ciddi narahat edəcək, çəkindirəcək, silkələyəcək xüsusi tezislər səslənmədi. Məncə bu tribunadan çox sərt tezislərin olması daha yaxşı olardı. Erməni təcavüzünün davam etməsinin total müharibəyə səbəb olacağını açıq demək lazım idi. Xüsusilə də Sarkisyanın sərsəm çıxışına qarşı, “Dağlıq Qarabağda ikinci erməni dövlətinin yaradılmasına qətiyyən imkan verilməyəcəyini konkret bəyan etmək ən adekvat cavab olardı. Bununla həm dünya ictimaiyyətinə, həm erməni havadarlarına, həm də ermənilərin özünə çox aydın mesaj vermiş olardıq.
Görünür son günlər Azərbaycan ətrafında beynəlxalq arenada baş verən irimiqyaslı qalmaqallar və ölkənin üzləşdiyi real durum prezidenti ehtiyyatlı davranmağa vadar edib. İnsan hüquq və azadlıqlarının sistemli şəkildə pozulması barədə artan beynəlxalq hesabatlar, siyasi məhbus sayına görə Avropada ilk yeri tutmağımız, ABŞ konqressində sanksiyalarla gündəmə gəlməyimiz, Avropanın bir çox dövlətlərini silkələyən 2.9 milyardlıq korrupsiya faktı ilə bağlı müzakirə olunmağımız və digər neqativ olaylar öz mənfi təsirini göstərib.
Bir müddət öncə “Qarabağa sahib ola biləcəyikmi?” başlıqlı yazımda məhz bu kimi təhlükələrə diqqət çəkməyə çalışmışdım. Ermənilərin Azərbaycanın real durumu ilə bağlı ətraflı məlumatlara sahib olması barədə şübhələrimi Sarkisyanın son çıxışı bir azda artırdı.
Ölkədə yubanmadan etimadlı iqtisadi-siyasi islahatlara başlanmasa, cəmiyyətdə həmrəyliyə nail olunmasa, düşmən qarşısında daha da zəifləyəcəyimiz istisna deyil.

Yazı müəllifin Facebook səhifəsindən götürülüb