Siyasi məhbusların vəkilinə olmaz, MTN generalının, kriminal avtoritetin vəkilinə olar…

Son illərdə Vəkillər Kollegiyasının bir xeyli üzvü bu qurumdan kənarlaşdırılıb. Həmin şəxslərin də demək olar ki, hamısı yerli və beynəlxalq hüquq-müdafiə təşkilatlarının siyasi məhbus kimi tanıdığı şəxslərin vəkilləri olub. Bu siyahıda hələlik sonuncu vəkil keçmiş siyasi məhbuslardan Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunusun, “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahidin, NİDA-çı gənc blogger Ömər Məmmədovun hüquqlarını müdafiə etmiş Əlayif Həsənov olub. Həsənovun Vəkillər Kollegiyasından xaric olunmasının səbəblərini araşdırarkən xeyli maraqlı məqamlar üzə çıxır.

Əlayif Həsənov Vəkillər Kollegiyası Rəyasət Heyətinin qərarı ilə bu qurumdan xaric edilib. Vəkillikdən uzaqlaşdırılmasına səbəb kimi isə onun məhkumluğunun olması göstərilib. Söhbət Yasamal Rayon Məhkəməsinin onun barəsində çıxardığı hökmdən gedir. Hökmə əsasən, Əlayif Həsənov Cinayət Məcəlləsinin 147 və 148-ci (təhqir və böhtan) maddələrilə təqsirli bilinərək, 240 saat ictimai işlər cəzasına məhkum edilib. Bu hökmdən verilmiş apellyasiya şikayəti də təmin edilməyib və hökm qüvvədə qalıb.

Xatırladaq ki, Əlayif Həsənov barəsində hökm Kürdəxanıdakı istintaq təcridxanasında Leyla Yunusun kamera yoldaşı olmuş Nuriyyə Hüseynovanın xüsusi ittiham qaydasında qaldırdığı iddia əsasında çıxarılıb. Əlayif Həsənov Leyla Yunusa istinadən açıqlama yaymışdı ki, Nuriyyə Hüseynova kamerada hüquq müdafiəçisinə fiziki və psixoloji təzyiq edir. Nuriyyə Hüseynova vəkili məhkəməyə verərək, onun təhqir və böhtana görə cəzalandırılmasını istəmişdi.
Əlayif Həsənovun məhkumluğuna görə Vəkillər Kollegiyası üzvlüyündən xaric edilməsinə qərar verən Rəyasət Heyətinin özünün üzvləri arasında məhkumluğu olan vəkillər var. Məsələn, adı jurnalistlərin döyülməsi, izlənməsindən tutmuş, müxtəlif adamların zorla MTN-ə gətirilib pullarını əllərindən almasına qədər bir çox qalmaqallarda hallanan general Akif Çovdarovun, kriminal aləmdə “Lotu Quli” kimi tanınan Nadir Səlifovun vəkili Kamandar Nəsibov.
Əlayif Həsənovdan az əvvəl Nəsibov Qaradağ Rayon Məhkəməsinin hökmü ilə məhkum olunub. O, Cinayət Məcəlləsinin 317-1.1 (Cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxslərə qadağan olunmuş əşyaların yoxlamadan gizlətməklə və ya hər hansı digər üsulla verilməsi və ya ötürül məsi) maddəsilə təqsirli bilinərək, cərimələnib.

Qeyd edək ki, Kamandar Nəsibov 8 saylı cəzaçəkmə müəssisəsində Nadir Səlifovla görüşə gedərkən onun üçün gizli telefon keçirmək cəhdində suçlanıb. İttihama görə, axtarış zamanı onun üzərindən gizlətdiyi, içində “Azercell” danışıq kartı olan 1 ədəd “Huawei” markalı telefon aşkar edilib. Bu səbəbdən də vəkilin barəsində cinayət işi başlanıb.

“Bunlar fəqrli məsələlərdir”

Maraqlıdır, özünün məhkumluğu olan şəxs başqa birisinin eyni səbəblə Vəkillər Kollegiyasından uzaqlaşdırılmasına necə səs verə bilər? Vəkillər Kollegiyası rəhbərliyinin üzvlərə münasibətdə fərqli davranışının səbəbi nədir?
Kamandar Nəsibov “Azadlıq”a açıqlamasında bildirib ki, həmin vaxt ölkədən kənarda olduğundan Əlayif Həsənovla bağlı məlum qərarın verildiyi iclasda özü iştirak etməyib və səs də verməyib. O ki qaldı bir vəkilin məhkumluq səbəbilə Kollegiyadan uzaqlaşdırıldığı halda, onun saxlanılmasına, Kamandar Nəsibov deyir ki, iki fərqli hala eyni cür yanaşma doğru deyil.

“Çünki bunlar bunlar tamam fərqli məsələlərdir”, – deyə vəkil qısa cavabla kifayətlənib.

Yeri gəlmişkən, Kamandar Nəsibov Rəyasət Heyətinin sözügedən toplantısında iştirak etmədiyini bildirir, amma Əlayif Həsənova təqdim olunmuş qərarda qurumun üzvlərinin yekdilliklə onun xaric olunmasına səs verdiyi göstərilib.
Vəkillər Kollegiyasının sədr müavini Fərhad Nəcəfov da hesab edir ki, Əlayif Həsənov və Kamandar Nəsibovla bağlı hallar fərqlidir, onlara yanaşma da eyni cür ola bilməz.

“Kamandar Nəsibov cərimələnmişdi, onu da ödəyib. Əlayif Həsənovla bağlı məsələ isə fərqlidir. O, 240 saat ictimai işlər cəzasına məhkum edilib. Bu barədə qanuni qüvvəyə minmiş məhkəmə hökmü var. Bildiyimə görə, Rəyasət Heyətinin qərarından məhkəməyə şikayət edib. Məhkəmə onu haqlı saysa, biz də məhkəmənin qərarını yerinə yetirməyə hazırıq”, – deyə Fərhad Nəcəfov “Azadlıq”a açıqlamasında bildirib.

Vəkil meşə idarəsi idarəsi üçün fəhləlik edərək verilən cəzanı çəkib

Əlayif Həsənovun Vəkillər Kollegiyasına qarşı qaldırdığı iddiaları yerli məhkəmələr təmin etmədi. İş hazırda Avropa İnsan Haqları Məhkəməsindədir.
Əlayif Həsənov Yasamal Rayon Məhkəməsinin hökmü ilə razılaşmasa da, onu icra edib. O, Azadlıq Radiosuna bildirib ki, hər gün 4 saat olmaqla, iki ay Zərdab Regional Meşəsalma İdarəsində pulsuz fəhləlik edib və bununla da ona verilmiş 240 saatlıq ictimai işlər cəzasını çəkib.

“Əvvəla, Yasamal Rayon Məhkəməsinin ümumiyyətlə, mənə qarşı iddiaya baxmaq səlahiyyəti yox idi. Məhkəmə Cinayət-Prosessual Məcəllənin 74-cü maddəsini əsas gətirib, işi cavabdehin yaşadığı rayon məhkəməsinə, bu halda, Zərdab rayon məhkəməsinə göndərməli idi. Lakin mənim və vəkillərimin bu barədə vəsatətləri təəssüf ki, təmin olunmadı. İkincisi, Nuriyyə Hüseynova ilə bağlı açıqlamalarım yayılan media orqanlarının məhkəməyə məktubu vardı ki, redaksiyanın mövqeyi kimi yazılanların mənə heç bir aidiyyəti yoxdu. Amma nəzərə alınmadı. Müstəqil vəkillərə qarşı təzyiqləri nəzərə alaraq, bu da gözlənilən idi”, – cəzalandırılan vəkil belə deyir.

Ali Məhkəmədən görünməmiş addım

Əlayif Həsənov deyir ki, vəkillik fəaliyyətinə xitam verilməsi barədə qərar onun məhkum olunması səbəbilə verilibsə, bunun özü də qanunsuzdur. Çünki qanun yalnız ağır və xüsusilə ağır cinayətlərə görə məhkem edilən şəxslərin vəkillikdən uzaqlaşdırılmasına imkan verir: “İctimai təhlükə törətməyən, az ağır cinayətlərə görə məhkum edilmiş şəxslərə münasibətdə belə bir norma yoxdur. Amma aydın məsələdir ki, mənə münasibətdə qanunun tələbilə yox, başqa meyarlarla qərar verilib. Hələ Rəyasət Heyətinin qərarından bir həftə əvvəl Ali Məhkəmə mənimlə bağlı tarixində görünməmiş bir addım atıb. İyunun 26-da Ali Məhkəmənin Cinayət İşləri üzrə Kollegiyasının sədri Şahin Yusifovun imzası ilə bütün hüquq-mühafizə və məhkəmə orqanlarına sirkulyar məktub göndərilib ki, Əlayif Həsənov barədə qanuni qüvvəyə minmiş məhkəmə hökmü var, onu işə buraxmayın. Ali Məhkəmənin tələm-tələsik belə məktub göndərməsi nəyə lazım idi? Həm məhkumluğum, həm də Vəkillər Kollegiyasından çıxarılmağım barədə işləri Avropa Məhkəməsinə çıxaranda bütün bunlar, o cümlədən Vəkillər Kollegiyasındakı ayrı-seçkilik əlimizdə çox ciddi əsaslar olacaq”.

Daha hansı vəkillərin məhkumluğu var?

Məhkumluğu olmasına baxmayaraq, bu gün də Vəkillər Kollegiyasının üzvü olaraq saxlanılan təkcə Kamandar Nəsibov deyil. Bir sıra səs-küylü işlərdən tanıdığımız vəkil Ramiz Zeynalovun da məhkumluğu var, özü də iki dəfə…

 

Aytən Məmmədova