Ali məktəblərə qəbul valideynlərə neçəyə başa gəlir?

Ölkədə on minlərlə gənc qəbul imtahanları həyəcanı içindədir. Yeni qəbul olunmuş qaydalara görə artıq imtahanların bir mərhələsi sona çatıb. I və IV qruplarda iki dəfə imtahan vermək şansı tanınan abuturiyentlər artıq ilkin olaraq biliklərini sınaqdan keçiriblər. Amma hələ qarşıda on minlərlə gənci böyük həyəcan gözləməkdədir. Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadənin sözlərinə görə bu il təxminən 70 min məzunun ali məktəblərə imtahan verəcəyi gözlənir. O üzdən, ilkin qəbul imtahanı pulundan azad olunan abituriyentlərin sayı da elə 70 min nəfər olaraq nəzərə alınıb. Yəni qəbul imtahanı üçün ilk dəfə ərizə verən gənclərin imtahan pulu dövlət tərəfindən ödəniləcək. Məlum olduğu kimi, yeni qərarla ilk dəfə qəbul imtahanı üçün müraciət edən abituriyentlərin 40 manat, əvvəlki illərin məzunları üçün isə 80 manat ödəniş etməsi tələb olunur. Bu ödənişlə bağlı əhali arasında narazılıq olsa da, İmtahan Mərkəzi özünə haqq qazandıraraq deyir ki, müəyyən imtahanlarda dövlət bir şəxsə ən azı 25 manat pul xərcləyir. Ancaq elə imtahanlar var ki, bu xərc daha çoxdur. Yəni bütün təhsil pillələrinə qəbul imtahanları üçün xərc gedir ki, onların ödənməsi qaçılmazdır. Amma övladları ali məktəblərə hazırlaşan valideynlərin dərdi bu 40 manatla bitsəydi nə vardı ki… Yaxın günlərdə nəvəsi ilk qəbul imtahanlarında biliyini sınayan dostumuz deyir ki, uşağın qəbul imtahanlarına hazırlıq mərhələsi üçün son 2 ildə böyük məbləğdə pul xərcləyiblər. Xüsusi repetitorlar yanında hazırlıq keçən gəncə hər fənn üzrə aylıq 40-50 manat ödənib. Övladlarına yaxşı təhsil vermək üçün əllərindən gələni etməyə çalışan ailə bu dövrdə xeyli əziyyət çəkib. Müsahibim etiraf edir ki, indiki ağır şərtlərdə valideynlərin övladlarına təhsil vermək imkanı çox məhduddur. O. nəvəsinin Türkiyə universitetlərində də biliyini sınadığını və o universitetlərə imtahan vermək üçün də xeyli pul xərclədiklərini deyir. Belə ki, ailə gəncin İstanbul universiteti imtahanı üçün 85 dollar, Akdeniz universiteti üçün 120 dollar, Mugla universiteti üçün 85 dollar, Celal Bayar universiteti üçün isə 60 dollar ödəməli olub.

Ölkədə ailələrin ağır sosial durumu üzündən hər il minlərlə gəncin oxumaq arzusu gözündə qalır. Ailənin bütün iqtisadi imkanlarını səfərbər edə bilən valideynlər zor-güc övladını oxutmağa nail olur. Bunu bacara bilməyənlər isə ümidini üzüb oturur. O baxımdan, bu il ilk dəfə biliyini sınayan 70 min abituriyentin imtahan pulunu dövlətin ödəməsini böyük bir lütf olaraq təqdim etməyə də dəyməz. Hökumət bu illər ərzində neft milyonlarından bir az xərcləyib, təhsilin səviyyəsini Avropa standartlarına qaldırmalı, bütün imkansız gənclərin də oxumaq ehtiyaclarını təmin etməliydi…

Səadət