Narazı deputatlar niyə fəhləlik eləmir?

milli-meclis1

2200 manatla yaşaya bilməyənlər, 220 manatla “yaşayanlara” inkişafdan danışır

Maaş məsələsi Azərbaycan xalqının yaralı yeridir. Əminliklə demək olar ki, Azərbaycanda maaşlar yaşamaq üçün yox, ölməmək üçündür. Hətta AzTv-nin acından öldürdüyü Ermənistanda da maaşlar Azərbyacandan yüksəkdir. Amma vətəndaşın bu qədər çətin şərtlər altında yaşaması hökuməti qətiyyən narahat etmir. 125 deputatın toplaşdığı Milli Məclisdə maaşların artırılmasını israrla tələb edən, 150- 200 manatla dolanmağın mümkünsüzlüyünü sübut etməyə çalışan deputat yoxdur. Qiymətlər qalxır, manat ucuzlaşır, maaş isə həmişəki kimi sabitdi. Sən demə bu ölkədə ağır vəziyyətdə yaşayan sadə vətəndaş yox, deputatlar imiş. Bəli, deputatlar maaşların azlığından, 2200 manatla dolanmağın çətin olmağından şikayətlənirlər. Bəziləri isə deputat maaşıyla yaşadığına görə minnət də vurur. Deyir ki, bu maaşla dolanmaq olmur, amma indiki çətin vəziyyətdə maaşımın artmasını istəmirəm.

Yadınızdadırsa, bir müddət əvvəl deputatlardan biri müəllimləri dərsdən sonra fəhləlik etməyə səsləmişdi, başqa biri dolana bilməyənlərə soğan əkmək məsləhət görmüşdü və s.

İndi sual meydan çıxır ki, deputat maaşı ilə dolana bilməyənlər niyə bənnalıq eləmirlər, niyə soğan əkmirlər, niyə sürücü işləmirlər? Bir halda ki, 150 manata dolana bilməyən müəllimə fəhləlik etməyi rəva görürsüz, özünüz niyə alternativ işlər axtarmırsız? Təbii ki, Azərbaycanda deputatların maaşa ehtiyacı yoxdur. Çünki, hər deputatın müxtəlif gəlir mənbələri var. Hansı deputatı silkələsən istirahət mərkəzi, tikinti şirkəti, deputat olduğu rayonda obyektləri mövcuddur. Amma bütün bunlara baxmayaraq 2200 manatla dolana bilmirlərsə, zəhmətə qatlaşmağı məsələhət görürük.

Digər tərəfdən deputatların maaşdan şikayətlənməsi hökumətin təbliğatını alt-üst edir. Belə ki, deputat 2200 manatla dolana

bilmədiyini söyləyirsə, əhalinin həyat şəraitinin yaxşılaşmasından, uzaqgörən siyasətdən, inkişafdan danışmaq absurddur. Çünki, deputatdan 10 dəfə az maaş alan milyonlarla vətəndaş var və bu da səfalət deməkdir. Deməli, 23 ildir bu xalqı zəlil vəziyyətə saldıqlarını, vətəndaşı zəruri ehtiyacları ödəməkdən məhrum etdiklərini etiraf edirlər.

Başqa bir məqam bundan ibarətdir ki, hökumət xalqa qul kimi baxır. Hesab edirlər ki, yalnız deputatlar, nazirlər, komitə sədrləri komfort həyat yaşamalıdır. Düşünürlər ki, mütəmadi olaraq ərzaqla, geyimlə, istirahətlə yalnız hökumət komandası təmin edilməlidir.

Bir sözlə, deputatların maaşdan şikayətlənməsi vətəndaşı təhqir etmək və ölkədəki rüsvayçı idarəçiliyi təsdiqləməkdir. Əslində, bu xalqın vəziyətini görən normal deputat nəinki maaşının azlığından şikayət etməməli, maaşının azladılması üçün məsələ qaldırmalıdır. Görünür, mandat təyinatın nəticəsi kim əldə olunanda, vətəndaşın zərrə qədər dəyəri olmur.

İlham