Müstəntiqin məhkəməsi qismən istintaqla keçiriləcək

rufet-seferov1

Şirvan Apellyasiya məhkəməsində prokrorluq orqanlarından bəyanatla istefa vermiş müstəntiq Rüfət Səfərovun şikayəti üzrə ilkin baxış iclası keçirilib .  Müdafiəçi Bəhruz Bayramov həbs qətimkan tədbirinin dəyişdirilməsi, müdafiə etdiyi şəxsin onun yanında əyləşdirilməsinin təmin edilməsi və məhkəmənin istintaqla keçirilməsi barədə vəsatətlər verib.

İnanaq ki, biabırçı hökm sizin verdiyiniz qərarla təkrarlanmayacaq

Vəkil vəsatətləri əsaslandırmaq üçün məhkəmədə qisa çıxış edib. “Lənkəran Ağır Cinayətlər məhkəməsi məhkəmə tariximizdə ən biabırçı bir hökmə  imza atdı. Müdafiəçinin çıxışı olmadan və təqsirləndirilən şəxs söz demədən məhkəmə hökm oxudu. Digər tərəfdən məhkəmənin istintaqla aparılmasını ona görə istəyirik ki, Lənkəran ağır cinayətlər məhkəməsində sentyabrın 7-də şahid Hacıyev Babək ifadə verdikdən sonra o məcburi surətdə geri qaytarılır və guya əvvəlcədən məhkəməyə teleqram vurduğunu bildirərək istintaqa verdiyi ifadəni təsdiqlədiyini bildirir. Halbuki, məhkəməyə sərbəst ifadə verərək onun demədiyi sözlərin müstəntiq tərəfindən yazıldığını deyərək  istintaqdakı ifadəsini təsdiq etməyib. Bundan əlavə 5 şahidin ifadəsi alınmadan məhkəməyə göndərdikləri məktub vasitəsi ilə sübut kimi təqdim olunub. Ən əsası isə guya Rüfət Səfərova rüşvət verdiyini deyən Zərdab rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri nə ibtidai istintaq dövründə Rüfət Səfərovla üzləşdirilib, nə də birinci instansiya məhkəməsində ifadə verib. Onun da məhkəməyə teleqram vurması ilə ifadəsi sübut kimi qeyd olunub”,-deyə vəkil öz münasibətini bildirib.

Bəhruz Bayramov məhkəmədə tam araşdırılmasına ümidini itirmədiyini də qeyd edib: “İnanaq ki, Lənkəran Ağır Cinayətlər məhkəməsi tərəfindən verilmiş ədalətsiz və biabırçı hökm sizin verdiyiniz qərarla təkrarlanmayacaq”

Bu prezident admistrasiyasından gələn bir sifarişdir

Rüfət Səfərov vəkilinin dedikləri ilə razı olduğunu bildirərək əlavə edib: “Bir xüsusatı qeyd etmək istəyirəm. Bu günə kimi olan proses hüquqi imkandan çox siyasi yüklü bir işdir. Düşünürəm ki, bunu isbat  etmək üçün çox da çətinlik çəkməyəcəm. Əgər mən bu cəmiyyət üçün ictimai təhlükəli şəxs idimsə, nəyə görə  2016-cı ilin 15 yanvarında heç bir üzləşmə aparılmadan iki nəfərin ərizəsi ilə barəmdə həbs qətimkan tədbiri seçiləndən 5 gün sonra barəmdə ev dustaqlığı qətimkan tədbiri ilə əvəzlənib?  9 ay cinayət işi hərəkətsiz vəziyyətdə qalıb. Müstəntiq açıq bildirib ki,  hələ qərar verilməyib. Bu dövrdə mənim açıq fikirlərim mətbuatda və sosial şəbəklərdə yayılıb. Ən ağır cinayətlərdə belə istintaq iki-üç aya yekunlaşır. Sadəcə sifariş gözləyirdilər ki, prezident admistrasiyasından nə vaxt sifariş gələcək. Deyim ki, nəyə görə barəmdə həm tələsik, həm də sərt cəza verildi. Təxminən hökmdən bir həftə əvvəl  keçmiş Səhiyyə Naziri Əli İnsanov barədə  yenidən cinayət işinin başlanılmasına bir hüquqşünas kimi mövqe bildirmişdim. Həbsimdən 5 gün əvvəl Milli Şuranın 11 sentyabr mitinqində iştirak edəcəyim barədə feysbuk sosial şəbəkəsində  status paylaşmışdım. Təsəvvür edin biz avqust ayında yolun uzaqlığını havanın isti olmasını nəzərə alıb prosesin biraz uzanılmasını xahiş etmişdik, o zaman hakimlər prosesi bir ay uzatmışdı. Çünki onda hələ sifariş gəlməmişdi. Amma sentyabrın 8-də artıq sifarişin gəlməsi bəlli olduğu üçün hər şeyi bir günün içində yekunlaşdırdılar. Cinayət işi ilə tanış olanda görəcəksiniz ki, bu iş teleqram xarakterli bir işdir. Mən konkret şəxsin ifadəsi ilə rüşvət almaqda ittiham edilərəm amma həmin şəxsi görmürəm. Azərbaycan Avropa İnsan haqları konvensensiyasını qəbul edən bir dövlətdir. Konvensiyanın 6-cı maddəsinin 3-cü hissəsini D bəndində konkret olaraq göstərilir ki,  şəxsin əlehinə ifadə vermiş adama şəxs sual vermək hüquna malikdir. Mən isə əlehimə ifadə vermiş şəxsin üzünü belə görməmişəm. Bu prezident admistrasiyasından gələn bir sifarişdir. Heç bir hüquqi yükə malik deyil.”

Prosesə sədrlik edən hakim Ələsgər Novruzov məhkəmənin qismən istintaqla keçirilməsi barədə qərarı elan edərək baxış iclasını dekabrın 1-nə təyin edib.

 

Təzəxan