Aslan İsmayılovun “bandotdel”də təhqir olunması ilə bağlı iş Avropa məhkəməsinə gedə bilər
Bu gün Bakı Apellyasiya məhkəməsində hakim Əflatun Qasımovun sədrliyi ilə tanınmış vəkil Aslan İsmayılovun Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsində təhqir və fiziki təzyiqlərə məruz qalması ilə bağlı məhkəmə prosesi keçirilib.
Aslan İsmayılov apellyasiya şikayətində işin detallarını ətraflı yazdığını bildirsə də, qısaca işin mahiyyətini hakimlərin nəzərinə çatdırıb. O, bildirib ki, 2013-cü ilin mayın 30-da müstəntiq Canpolad Daanov tərəfindən BMCQMİ-nə çağrılıb. İdarədə ona fiziki güc tətbiq edilərək təhqir olunub. Hətta ölümlə hədələnib. Hadisədən sonra Bakı Şəhər Prokroru Əziz Seyidova, Daxili İşlər Nazirliyinə müraciət edib. Bununla bağlı yüzlərlə ərizə və şikayətinin olduğunu da bildirib. Hər dəfə ona işin araşdırılmasını söz versələr də bir nəticəsi olmayıb. Cinayət işinin başlanmasının rədd edilməsi qərarından məhkəməyə müraciət etməli olub. Yasamal rayon məhkəməsi isə şikayəti təmin etməyib.
“Bandotdel”də baş verənlər keçmiş MTN-də baş verənlərdən də dəhşətlidir
Aslan İsmayılov hadisədən az əvvəl Nərimanov rayon polis İdarəsində zərərçəkmişin nümayəndəsi kimi bir prosdə olduğunu və bu zaman ona zəng gəldiyini xatırladaraq deyib: “Həmin vaxt Vüqar adlı müstəntiqlə dindirilmədə idim. Dəfələrlə Daanovdan mənə zənglər gəlirdi. Mənim idarəyə gəlməyimi istəyirdi. Əvvəlllər onunla səmimi münasibətim olduğuna görə müstəntiqdən xahiş edib onun yanına getdim. Bunları ona görə qeyd edirəm ki, əgər araşdırılma aparılsaydı həmin Vüqar adlı müstəntiq şahid kimi dindirilməli idi. Eləcə də mənim BMCQMİ-nə daxil olmağım, orada təzyiqlərə məruz qalmağım barədə müşahidə kameralarının qeydləri araşdırılmalı idi. Bilirəm sizin bunu etməyə cürətiniz çatmır. Amma inandırıram, bu idarədə baş verənlər keçmiş MTN-də baş verənlərdən də dəhşətlidir. Vaxt gələr sizin özünüzü də ora çağırıb sizi də təhqir edə bilərlər”.
Bu bir əxlaq davasıdır
Daha sonra Aslan İsmayılov bu hadisənin təkcə onun özünə qarşı yox, bütün cəmiyyətə qarşı təhqir olduğunu bildirib. “Mən xahiş edirəm dediklərim araşdırılıb məsələyə hüquqi qiymət verilsin. Yenə deyirəm bu mənim şəxsi davam deyil. Bu bir əxlaq davasıdır. Mən istəmirəm belə işlər Avropa İnsan Haqları məhkəməsinə çıxıb dövlətimiz barədə neqativ fikirlər formalaşsın”,-deyə hakimlərdən xahiş edib.
Hakimin “Niyə bəs hadisədən 3 il sonra məhkəməyə müraciət etdiniz?” sualına Aslan İsmayılov “Mənim Vilayət Eyvazov, Ramil Usubov və Əziz Seyidovla dəfələrlə görüşümüz olub. Hər dəfə işin müsbət həll olunacağını söz verdiklərindən məsələni məhkəmə müstəvisinə çıxarmaq istəmirdim”,- deyə çavab verib.
Bakı şəhər prokrorluğunun nümayəndəsi Əlizadə Cavid xəsarət barədə tibbi ekspertiza rəyinin olmamasına görə şikayətin rədd edilməsini bildirib. Buna cavab olaraq Aslan İsmayılov bildirib ki, mən fiziki xəsarətdən daha çox təhqir olunmağıma görə şikayətçiyəm. Bunu da Apellyasiya şikayətim də göstərdiyini deyib.
Hakimlər qısa müşavirədən sonra şikayətin təmin olunmaması barədə qərar veriblər.
Aslan İsmayılov qərarı aldıqdan sonra kasasiya şikayəti verəcəyini bildirib.
Təzəxan