“Azərbaycan xalqı yenidən bətnində böyük bir hərəkat yetişdirməkdədir”
AXCP sədri Əli Kərimli facebook səhifəsində 17 noyabr tarixinin əhəmiyyətindən yazıb. Yazını təqdim edirik:
“17 noyabr tariximizin böyük günlərindən biridir. Bizi dünyada əvvəlcə ilin xalqı, sonra da müstəqil dövlət edən o böyük Xalq Hərəkatının başlandığı gündür. Tələbə gəncliyin Qarabağda erməni separatçılığına qarşı başlatdığı mitinqlər tezliklə həm də müstəqillik və demokratiya uğrunda hərəkata çevrilmişdi. Bu mitinqlər bütün keçmiş post-sovet məkanında ən kütləvi mitinqlər idi. Bu mitinqlər ilk oturaq, 18 gün, gecə-gündüz fasiləsiz davam etmiş mitinqlər idi. Bu mitinqlər bizi millət olaraq birləşdirə, mehribanlaşdıra bilmişdi, öz gücümüzə inandırmışdı. Xalqımız məhz Azadlıq Meydanındakı fasiləsiz mitinqlərdən aldığı özgüvən ilə 14 ay sonra, 20 yanvar 1990-cı ildə o zamanın superdövləti olan Sovet İttifaqının Bakıya yeritdiyi nəhəng qoşun birləşmələrinə qarşı yalın əllərlə çıxa bildi. O nəhəng ordunu mənən məğlub etdi. O nəhəng ordunun da, nəhəng imperiyanın da çöküşü başlandı. Milli Azadlıq Hərəkatımız qələbə ilə başa çatdı. Dövlət müstəqilliyimiz bərpa olundu.
Azərbaycan xalqı yenidən bətnində böyük bir hərəkat yetişdirməkdədir. Azərbaycanlılar 28 il bundan əvvəl olduğu kimi, bu gün də fundamental hüquq və azadlıqlardan məhrumdur, bu gün də ədalət axtarışındadır, hazırda məmur özbaşınalığı, qanunsuzluq, zorakılıq, hüquqsuzluq, korrupsiya, təbəqələşmə o zaman olduğundan da dəfələrlə artıqdır. 28 il bundan qabaq xalqımızın nəhəng imperiya qarşısında qamətini dikəldib, cəsurcasına mübarizəyə başlamsının şahidi kimi deyirəm: bizim xalqımız bu həyata layiq deyil və bu vəziyyətlə barışmayacaq! Xalqımız layiq olduğunu mübarizəsilə əldə edəcək. Azərbaycanlılar bir daha dünyanı təəccübləndirib, ilin xalqı olacaq və bu dəfə də xalq hərəkatının əsas hərəkətverici qüvvəsi Azərbaycan gəncliyi olacaq! Milli Dirçəliş Gününüz mübarək, əziz həmvətənlər!”