“Bizdə əvvəl yaxşı çay plantasiyaları olardı, ancaq indi yox kimidir. İrəlidə “Limonlu sovxoz” deyilən yer var, təzəlikcə orda çay da əkib-becərirlər”.
İndi Astarada çay əkilən yerləri soraqlaşa-soraqlaşa tapmaq olur. Dağ ətəyində yerləşən Kijabə kəndindəki “Limonlu sovxoz” ərazisi özünün məşhur limonu, naringisi və digər sitrus meyvələri ilə ad çıxarıb. Son vaxtlar burada çay da əkirlər.
“Bu il dörd yığım çay yarpağı topladıq”
“Mən 25 il aramsız çayçılıqda işləmişəm, indi yenə burda işləyirəm. Əllərimə bax, işləməkdən belədir…”.
İşləməkdən, soyuqdan qaralmış əllərini göstərən 57 yaşlı Şinanaz İdrisova çoxdanın çaybecərənidir. Deyir, bir müddət çay əkilib becərilmədiyindən o da öz peşəsindən uzaqlaşıbmış. Ancaq təzəlikcə yaşıl çay plantasiyaları yenidən dirçəlməyə başlarkən, ona da yeni nəfəs gəlib. Sevə-sevə, sevinə-sevinə zəhmətli işinə yenidən qayıdıb:
“Qabaqlar “Azərbaycan gəncləri”, “Elm və həyat” qəzetlərində, Astarada, hər yerdə şəkillərim çıxardı. Çayçılıq çox sərfəlidir. Bu il dörd yığım çay yarpağı topladıq. Çətin peşədir, ancaq yaxşıdır. Kimin öz sahəsi var, ona lap yaxşıdır. Mənim öz sahəm yoxdur, başqasına çalışıram. Sahəsi olanlardan çay yarpağının kilosunu 1 manatdan alırlar. Mənim kimi fəhlə işləyənlərə hər yığılan 1 kiloya görə 20 qəpik verirlər. Mən bu yaşda gündə 100 kilo da yığa bilirəm. Adətən, 60-70 kilo yığıram… Adam var 200 kilo yığır”.
Çay yarpağı yığımı mayda başlanır. İndisə çay sahələri dincə qoyulub. Çayçı Şinanazdeyir ki, indi kollara başqa qulluq vaxtıdır:
“Şum vurulacaq, alaq otları təmizlənəcək, belləmə gedəcək. Mayın 12-16-da artıq çay yarpağı yığılmağa başlanacaq. Dekabrda şum vurulacaq, ta marta kimi”.
“Bu tərəflərdə çaya “yaşıl qızıl” deyərdilər”
Astarada camaat danışır ki, vaxtilə çayçılıqdan qazandıqları pulla ev-eşik sahibi olublar, uşaqlarının xeyir işlərini “çaypuluyla” yola veriblər. Vaxtilə yamyaşıl çay plantasiyaları olmuş torpaqlar sonradan becərilməyib. Bölünüb, pay torpaqları kimi əhaliyə verilib:
“Neftə “qara qızıl”, pambığa “ağ qızıl”, çaya isə biz tərəflərdə “yaşıl qızıl” deyərdilər. Astarada tərəvəzçilikdən sonra ikinci təsərrüfat sahəsi çay idi. Rayon hər il 7-8 min ton çay verərdi. O vaxtlar bütün ölkə ildə 30-31 min ton çay istehsal edirdi. SSRİ dağılanacan belə olub. İndi ölkə üzrə heç min ton çay yarpağı yığılmır. Burda isə sentnerlə demək olar”.
Uzun illər çayçılıqla məşğul olmuş Sərvər Hüseynov deyir ki, bu ildən camaat təzədən çay plantasiyası salmağa başlayıb.
“Sovet dövründə bir çay koluna görə cavabdehə cəza verilirdi. Amma indi həmin sahələr yoxdur. İndi-indi əkilir. Halbuki çayın bir kolu, ən aşağısı, 70 il məhsul verir. Qulluq eləsən, bir az da artıq olar. Nə istəyir ki… Bir il əkirsən, 6-7 ildən sonra məhsul götürürsən. Aqrotexniki qulluq edirsən, gübrəsini, suyunu vaxtında ver, sənə məhsul versin. İndi prezident qeyri-neft sektorunun inkişafı ilə bağlı məsələ qaldırıb, pambıqla yanaşı çay məsələsini də qeyd edib. Bu, çox yaxşıdır, payızda yəqin yeni plantasiyalar da salınar”.
Sərvər kişi də çayçılığın əvvəlki şöhrətinin heç olmasa yarısına çatmasını arzulayır. (azadliq.org)



