“The İndependent” yazır ki, ABŞ-da prezident seçilmiş Donald Trump-ın Latın amerikalılarını kriminal, narkoman və qadınzorlayan adlandırması böyük qalmaqallara səbəb olub.
Donald Trump BCS-in “60 Minutes” proqramına müsahibəsində ölkədən 2-3 milyon qanunsuz miqrantı deportasiya edəcəyi barədə vədi bir daha təsdiqləyib.
Trump demişdi ki, bu 2-3 milyon ispandilli deportasiya edildikdən sonra ABŞ-da qanunsuz yaşayan daha 11 milyon miqrantın “işinə baxılacaq”.
Lakin “The İndependent” yazır ki, Donald Trump-ın bu vədlərini, nə qədər qəribə səslənsə də hazırkı prezident Barack Obama artıq icra edib.
ABŞ-ın vəzifəsini tərk etməkdə olan prezidenti 20-ci əsrin bütün ABŞ prezidentlərinin birlikdə deportasiya etdiyindən daha çox miqrantı ölkədən xaric edib.
“The İndependent” yazır ki, buna görə bir sıra QHT-lər Obamanı hətta “ali baş deportasiyaçı” da adlandırırdılar.
Məqalədə deyilir ki, Obamanın 2012-ci il fərmanına və bu sənədin vaxtını uzadan 2014-cü il fərmanına əsasən Birləşmiş Ştatlardan 2009-2015-ci illər arasında 2, 5 milyon sənədsiz miqrant çıxarılıb.
Qəzet yazır ki, bütün bunlar Latın Amerikası mənşəlilərin seçkidə Obamanı dəstəklədikləri bir şəraitdə baş verib. Halbuki bu dəstəyin müqabilində prezident onlara miqrasiya qanununu Konqresdən keçirməyi vəd etmişdi. (BBC azeri)