“Usubov İlham Əliyev barədə demək istədiyi sözü mənim adımdan yazmasın” VİDEO

tale-bagirzade-mehkeme

Noyabrın 14-də Bakı Ağır Cinayətlər Məhkəməsində Nardaran hadisələrinə görə həbs edilən Müsəlman Birliyi Hərəkatının sədri Tale Bağırzadə, Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin müavini Fuad Qəhrəmanlı və daha 16 nəfərin cinayət işi üzrə məhkəmə davam edib.

Budəfəki prosesdə də şahidlər dindirilib. Ürək həkimi olan Hüseynbala Mehdiyev deyib ki, onu DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağırıb, «Facebook»da Fuad Qəhrəmanlının Azərbaycanda seçkinin saxtalaşdırılması barədə statusuna niyə şərh yazması ilə bağlı dindiriblər.

Ürəyindən 6 dəfə əməliyyat olunduğunu qeyd edən şahid Fuad Qəhrəmanlını indiyədək real həyatda görmədiyini, ancaq ləyaqətli, cəsarətli, vətənpərvər biri kimi tanıdığını deyib. Bildirib ki, «bandotdel»dən çıxandan sonra «Facebook»da şərh yazmağı da, yazıları bəyənməyi də tərgidib.

“Ağlıma gəlməzdi ki, bir «comment»ə görə «banditizm»ə çağırarlar”

«Azərbaycanda hər şeyin seçki yolu ilə olmasını istəyirəm. Bu, mənim arzumdur. Hesab edirəm ki, nə olursa olsun, mütləq seçkiyə getmək lazımdır, başqa yolu yoxdur. Amma ağlıma gəlməzdi ki, bir «comment»ə görə «banditizm»ə çağırarlar. Elə birdəfəlik elan eləsinlər ki, «comment» yazmayın, biz də yazmazdıq. Məni o idarədən çağırandan sonra gedib məsələnin mahiyyətini bilənə qədər nə qədər stress keçirdim», – deyə şahid həkim bildirib.

Şahidin ibtidai istintaqa ifadəsində Fuad Qəhrəmanlının əleyhinə fikirlər yer alıb, amma o, ifadəni təsdiqləməyib. Bildirib ki, həmin vaxt üstündə eynəyi olmadığından müstəntiqin nə yazdığını oxuya bilməyib: «Müstəntiqlə səmimi söhbət elədik. Həkim olduğumu biləndə elə daha çox xəstəliklərdən danışdıq. Hətta müəyyən məsələlərə görə ona dedim ki, sən evlənməlisən».

F.Qəhrəmanlı bu cür mövqeyinə görə H.Mehdiyevə təşəkkür edib. «Bütün bu baş verənlər ittihamın nə qədər absurd olduğunu göstərir. Əgər bir şərhə görə insanlar «bandotdel»ə aparılırsa, görün o ölkədə söz azadlığı nə gündədir. Bu hakimiyyətin mahiyyəti şər üzərində qurulub, ona görə də söz azadlığından ermənidən daha çox qorxur. Amma hakimiyyətin zorakılığı cəmiyyəti mənəvi deqradasiyaya uğratmaq gücündə deyil», – deyə o bildirib.

“Biz öz prezidentimizi seçmişik – Cəmil Həsənlini”

Şahid Xaqani Dadaşov isə ifadə verərkən təsdiqlənib ki, iş üzrə şahidlərin polisə aparılıb saxlanması haqda ötən iclaslarda vəkillərin qaldırdığı məsələ doğrudur. Şahid deyib ki, bir müddət öncə onu Sabunçu rayonu 42-ci polis bölməsinə çağırıblar. Bu iş üzrə dindiriləcək başqa şahidlər də olub. Oktyabrın 26-da onları ifadə vermək üçün məhkəməyə gətiriblər. Amma üç nəfər dindiriləndən sonra məhkəmə təxirə salınıb və onlara növbə çatmayıb. Yenidən məhkəmədən qaytarıb polisə aparıblar. Bir müddət orada saxlanıldıqdan sonra çıxıb gediblər.

X.Dadaşov deyib ki, balıq satmaqla ailəsini dolandırır, keçən il noyabrın 26-da Nardaranda əməliyyat keçirilən vaxt da adəti üzrə ora balıq satmağa gedibmiş.

Dadaşovun istintaqa ifadəsində yazılıb ki, «Taleh Bağırov hamını silaha sarılıb, dövlətə qarşı çıxmağa çağırırdı, dini dövlət qurmaq istəyirdi, Nardaranda onun qaldığı Əbülfəz Bünyadova məxsus evdə «Molotov kokteyli» hazırlanıb, silahlar paylanıb».

X.Dadaşov bu ifadəni təsdiqləməyib və belə fikirlər söyləmədiyini vurğulayıb. Əlavə edib ki, o, istintaqdakı ifadəni oxumadan imzalayıb.

Bundan sonra Tale Bağırzadə istintaqın ona qarşı ittihamlarına münasibət bildirib: «İstintaqda o qədər səhvlər buraxıblar ki, özləri özlərini ifşa edirlər. Guya mən islam dövləti qurub, onun prezidenti olmaq istəmişəm. Bunlar hələ onu qanmır ki, İslam xilafətinin xəlifəsi olur, prezidenti yox. Qanıb yazırlarsa, bilmirəm ki, məqsədləri nədir. İkincisi, biz öz prezidentimizi 2013-cü ildə seçmişik – Cəmil Həsənlini. 2018-ci ilə qədər də bizim üçün prezident odu».

“İstintaq elə bil pambıq planı doldurur”

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin cinayət işinin materiallarına əlavə olunmuş “Taleh Bağırzadənin müraciəti” adlı kitabçaya rəy vermiş əməkdaşı Mahir Qəniyev şahid kimi dindirilmək üçün məhkəməyə çağrılıb. Amma təqsirləndirilən şəxslər onun dindirilməsinə etiraz ediblər.

“İstintaq elə bil pambıq planı doldurur. Ekspert kimi rəy vermiş adam şahid statusunda dindirilə bilməz. Bu adam nəyə şahidlik edib? Onun şahid statusuna xitam verilməlidir”, – deyə Fuad Qəhrəmanlı etirazını bildirib.

Hakimlər təqsirləndirilən şəxslərin etirazını nəzərə alaraq, Mahir Qəniyevin şahid statusuna xitam verib və o, dindirilmədən yola salınıb.

“Cürətləri çatmırsa, mənim adımdan istifadə eləməsinlər”

Tale Bağırzadə isə o kitabçanın onların həbsindən sonra hazırlandığını vurğulayıb. Qeyd edib ki, kitabçada Nardaran hadisələrindən bəhs olunması da bunu sübut edir: “Özləri hazırlayıb, işin materiallarına əlavə eləyiblər. Məsələ burasındadır ki, o kitabçada mənim adımdan “oğru İlham Əliyev” ifadəsini yazıblar. Mən belə bir ifadə işlətməmişəm. İstədiyim sözü deməyə mənim cəsarətim çatır, mənim adımdan nəsə yazmaq lazım deyil. Güman ki, o kitabçanı “bandotdel”in işçiləri hazırlayıb. Bəlkə Ramil Usubov demək istədiyi sözü işçiləri vasitəsilə mənim adımdan yazdırır? Cürətləri yoxdursa, mənim adımdan yazmasınlar”.

“Qərar… müvafiq orqanlara göndəriləcək”

Təqsirləndirilən şəxslər BMCMİ-də Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın ünvanına təhqirlər səsləndirmiş polislərin cəzalandırılması barədə ötən məhkəmə iclaslarında qaldırdıqları vəsatətin aqibəti ilə maraqlanıblar. Məhkəmə prosesinə sədrlik edən hakim Əlövsət Abbasov bildirib ki, bu barədə müvafiq orqanlara rəsmi qərar göndəriləcək: “Dövlət rəhbərliyi və birinci xanım barədə təhqirlərlə əlaqədar məhkəmənin sonunda qərar çıxarılıb müvafiq orqanlara göndəriləcək”.