Gültəkin Hacıbəyli: «Bu layihə Rusiyanın daha da aqressivləşməsinin, bölgəyə iddialarının daha da artmasının göstəricisidir»
Hikmət Hacızadə: «Bu o anlama gəlir ki, Rusiya Ermənistanın arxasında sona qədər dayanmaq niyyətindədir»
Rusiya prezidenti Vladimir Putin Rusiya Federasiyası və Ermənistan arasında Silahlı Qüvvələrin birləşdirilmş qrupunun yaradılması ilə bağlı sərəncam imzalayıb.
Sərəncama əsasən, Rusiya Müdafiə Nazirliyinə XİN-in iştirakı ilə Ermənistan tərəfilə danışıqlar aparmalı və Rusiya Federasiyası adından saziş imzalıdır.
Layihəyə əsasən, Rusiya və Ermənistan “Qafqaz regionunda tərəflərin təhlükəsizliyini təmin etmək məqsədilə” iki ölkənin Silahlı Qüvvələrinin silahlı hücuma adekvat cavab verə biləcək birgə qruplaşması yaradılmalıdır.
Bu addımı necə qiymətləndirmək olar? Bu addım Rusiyanın regionda gərginliyi artırmasına xidmət edir. Azərbaycanın bu addıma reaksiyası necə olmalıdır?
Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəyli bildirdi ki, bu və bundan əvvəlki addımlar Rusiyanın bölgədə aqressivləşdcyini deməyə əsas verir. Bu günə qədər də Rusiyanın Ermənistana dəstək verdiyini deyən G.Hacıbəyli vurğuladı ki, «İsgəndər» raketlərinin Ermənistana verilməsi, bölgədə hərbi balansın dəyişməsinə səbəb oldu. Ermənistanın Hava Hücümundan Müdafiə sisteminə Rusiya məsuliyyət daşıyır və bu ölkənin hava məkanını bilavasitə Rusiya qoruyur. Putinin imzaladığı son sərəncam təbii ki, Rusiyanın daha da aqressivləşməsinin, bölgəyə iddialarının daha da artmasının göstəricisidir. Bu addım Şərq-Qərb qarşıdurmasının bir hissəsi kimi nəzərdən keçirilməlidir. Rusiya Cənubi Qafqaz bölgəsini qətiyyən əldən vermək istəmir. Rusiya Krımda yaratdığı qarşıdurmadan sonra, Cənubi Qafqazla bağlı iddialarından heç bir halda vaz keçmədiyini bu tip addımlarla nümayiş etdirir. Bu bizim üçün yenilik deyil».
Rusiyanın Qarabağ münaqişəsindən Ermənistan və Azərbaycan siyasi rəhbərliyinə təzyiq kimi istifadə etməsinin hamıya bəlli olduğunu deyə G.Hacıbəyli vurğuladı ki, Rusiyanın köməyi olmasa idi Ermənistan Qarabağı işğal edə bilməzdi: «Aprel döyüşləri də bir daha sübut etdi ki, Rusiyanın iştirakı olmasaydı, ordumuz qısa zamanda Qarabağı işğaldan azad edə bilərdi. Bu baxımdan Putinin sərəncamı Rusiyanın Cənubi Qafqazdan geri çəkilmək niyyətində olmadığını deməyə əsas verir. Bu da başa düşüləndir. Əgər Rusiya Suriya və Ukraynada Qərblə ciddi qarşıdurma aparırsa, onun Ermənistan kimi forpostu olan Cənubi Qafqazdan geri çəkiləcəyi inandırıcı deyil. Bu baxımdan Rusiyanın son təşəbbüsü dünyaya və o cümlədən Azərbaycana əzələ nümayişidir».
Politoloq Hikmət Hacızadə isə bildirdi ki, bu layihənin meydana çıxması Azərbaycan üçün pis xəbər sayıla bilər. H.Hacızadənin fikrincə, bu o anlama gəlir ki, Rusiya Ermənistanın arxasında sona qədər dayanmaq niyyətindədir və Kreml aprel hadisələrinin yenidən baş verməsinə imkan verməyəcək: «Sərəncam hələlik tam reallaşdırılmayıb. Ona görə Azərbaycanın XİN-i və diasporu ciddi işlər aparmalıdır. Rusiyanın bu qərarına kəskin etiraz edilməlidir. Əgər biz bu qərarın qəbul edilməsinə mane ola bilməsək, heç olmasa həmin qərara düzəliş edilməsini tələb etməliyik. Sazişdə qeyd edilməlidir ki, hücuma adekvat cavab Ermənistan ərazisinə hücum olacağı təqdirdə edilməlidir. Azərbaycanın işğal altında olan ərazilər bura daxil edilməməlidir».
Xəyal