Almaniyanın müdafiə naziri Ursula fon der Lyayen yeni seçilmiş ABŞ prezidenti Donald Trampdan Rusiya və NATO ilə münasibətlərini aydınlaşdırmağı tələb edib.
Ursula fon der Lyayen ABŞ-ın 45-ci prezidenti Trampa Putinlə çox yaxın əlaqələrdən qaçmağı məsləhət bilib, – “Le Monde” yazıb. “Donald Tramp aşkar şəkildə deməlidir ki, o, hansı düşərgədədir: o, qanun, sülh və demokratiya tərəfindədir, yoxsa bütün bunlar onun vecinə deyil”, – Ursula fon der Lyayen deyib. O, həmçinin əlavə edib ki, Putinlə danışıqlarda nə Krımın anneksiyasını, nə də Hələbin bombalanmasını yaddan çıxarmaq olmaz.
Bundan əlavə, ABŞ-ın NATO xərclərini azaltmaq barədə Trampın seçki qabağı təhdidləri ilə bağlı Almaniya müdafiə naziri deyib ki, Tramp gərək NATO-ya “şəxsi biznesinə yanaşdığı kimi” yanaşmasın. Elə çıxışın həmin günü Pentaqonun rəsmi təmsilçisi Piter Kuk bəyan edib ki, Avropada NATO-nun gücləndirilməsi “planlaşdırıldığı kimi davam edəcək” – Donald Trampın hansı niyyətlərinin olduğundan asılı olmayaraq.
Fransanın xarici işlər naziri Jan-Mark Ero da Trampın Rusiya ilə münasibətlərdə ortaya qoyacağı mövqedən narahat olub. “Baxmaq lazımdır ki, bu yeni seçilmiş prezident nə etmək istəyəcək, bu vaxta qədər onun söylədikləri narahatlıq doğurur”, – fransız nazir bəyan edib. Nazir Ero Trampın prezidentlik yarışı vaxtı etdiyi vədlərin bəzilərini yerinə yetirməyəcəyi ilə bağlı ümidini ifadə edib.