«İqtisadiyyatda ciddi struktur islahatları aparılmalıdır»

 

samir-eliyev-iqtisadciSamir Əliyev: «Vergilər Nazirliyini, Gömrük Komitəsini və Maliyyə Nazirliyini birləşdirmək mümkündür»

Maliyyə böhranı ölkənin iqtisadiyyatını iflic vəziyyətinə salsa da, hökumətin bu istiqamətdə addımları nəzərə çarpmır. Yaranmış vəziyyətdə məntiqlə hökumət ciddi qənaət rejiminə keçməlidir. Amma biz nə görürük? Bir-birini təkrarlayan dövlət strukturları yenə də qalmaqdadır. Halbuki hələ birinci devalvasiyadan sonra müstəqil ekspertlər vurğulayırdılar ki, bu istiqamətdə ciddi islahata ehtiyac var.

Lakin böhran yalnız özəl sektorda ixtisarlara səbəb oldu. Xırda və orta şirkətlər işçilərini ixtisar edərək fəaliyyətlərini qoruyub, saxlamağa çalışdılar. Bu arada isə hökumət islahatlar adı altında təqdim etdiyi addımlar tam əksinə dövlət strukturlarının yükünün artırılmasına səbəb oldu.

Məsələn, Nəqliyyat Nazirliyinin səlahiyyətləri əlindən alınsa da, yerlərdə yaradılan əlavə strukturlar əlavə xərc deməkdir. Bundan başqa bir çox dövlət idarələrində daxili istintaq şöbəsi fəaliyyət göstərir ki, bu qurumun da ləğvi dövlət aparatını əlavə yükdən götürə bilər.

Belə olan halda hökumət niyə dövlət aparatının əlavə yüklərdən götürülməsi istiqamətində addım atmır?

Bəs, ölkədə hansı nazirliklər ixtisara məruz qalmalıdır?

İqtisadçı Samir Əliyevin fikrincə, Azərbaycan iqtisadiyyatında ciddi struktur islahatları aparılmalıdır. Bir-birini təkrarlayan qurumlar ləğv edilməli, eyni zamanda vacib olan yeni institular yaradılmalıdır: «Azərbaycanda bir-birini təkrarlayan eyni qurumlar hələ də qalmaqdadır. Məsələn, Vergilər Nazirliyini, Gömrük Komitəsini və Maliyyə Nazirliyini birləşdirmək mümkündür. Yaxud da, Sosial Müdafiə Fondu Sosial Müdafiə Nazirliyinə birləşdirildi. Amma orada sosial haqların yığılmasını Vergilər Nazirliyinə vermək lazımdır».

Xəyal