Akif Çovdarovun ölümü nəyə lazımdır?

covdarovSabunçu rayon Məhkəməsində ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarovun və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrlik etdiyi proses jurnalistlərin iştirakı olmadan keçirilib.

Vəkil Cavid Rzazadənin jurnalistlərə verdiyi məlumata görə, prosesdə bildirilib ki, Akif Çovdarov səhhətində olan problemlərlə əlaqədar məhkəməyə gətirilməyib. Həkimlər Akif Çovdarovu müayinə etdiyindən iclasda fasilə elan olunub.

Fasildən sonra Akif Çovdarov xərəkdə məhkəməyə gətirilib və xərəkdə uzalı vəziyyətdə prosesdə iştirak edib.

Bir müddət əvvəl Akif Çovdarov vəkili vasitəsilə bəyan etmişdi onu öldürmək istəyirlər. O, səhhətində ciddi problemlərin olmasına qəsdən müalicəyə şərait yaradılmadığını iddia edərək müddətsiz aclıq aksiyasına başladığını bildirmişdi. Akif Çovdarovun iddiaları doğrudursa, o zaman ortaya sual çıxır: “Qanlı general”ın ölümü nəyə lazımdır?

Həzərə alsaq ki, “MTN işi”nə görə nə Eldar Mahmudov, nə də müavini Hilal Əsədov məsuliyyətə cəlb olunub, o zaman belə ehtimal etmək olar ki, hakimiyyət bu məsələdə də “Hacı Məmmədov olayı”ndakı taktikanı seçib. Yəni, hökumət “MTN işi”ndə bandanın başçısı kimi Akif Çovdarovu ictimaiyyətə təqdim etməyə çalışır. “Qanlı general”ın sərt açıqlamalarının arxasında da bu dayana bilər. Akif Çovdarovun “agentlərimin adını açıqlasam ölkə qarışar”, “məni öldürmək istəyirlər” və s. kimi açıqlamaları əslində hakimiyyətə “danışaram” mesacıdır. Sonuncu dəfə Akif Çovdarov oğlu vasitəsilə hökumətə mesac göndərib. Ruslan Çodarovun “atam prezidentə və Eldar Mahmudova sədaqətlə xidmət edib” söyləməsi əslində Akif Çovdarovun əməllərinin özfəaliyyət olmadığına işarədir. Görünən budur ki, “qanlı general” ona cüzəşt edilməyəcəyi təqdirdə sensasion açıqlamalar verə bilər. Hakimiyyət isə bunun baş verə biləcəyindən çox narahatdır.