Ekspertlər neftin qiymətinin 25 dollara düşə biləcəyini proqnozlaşdırır
Nemət Əliyev: «Qeyri-neft sektorunun inkişafında əməldə nəticələr əldə etmək lazımdır»
Neft ixrac edən ölkələrin təşkilatı OPEC–də yeni qalmaqal yaranıb. “Reuters” agentliyi OPEC üzvü olan ölkələrlə kartelə üzv olmayan ölkələrin nümayəndələrinin ötən həftə Vyanada hasilatın məhdudlaşdırılması məsələsi ilə bağlı keçirilmiş iki günlük toplantısı zamanı Səudiyyə Ərəbistanı nümayəndə heyəti İranı hədələyib. Səudiyyə Ərəbistanı açıq şəkildə bəyan edib ki, İran neft hasilatını artırarsa, o zaman onlar da bu addımı atacaqlar. Bu isə dünya bazarında neftin qiymətinə ciddi təsir göstərə bilər.
Neft 25 dollara düşsə Rusiya iqtisadiyyatı çökəcək
Dünya bazarında neft qiymətlərinin 25 dollar/barelə qədər enməsi ehtimalı tamamilə realdır. Belə bir vəziyyətdən isə Rusiya iqtisadiyyatı uzunmüddətli durğunluq riskindən sığortalanmayıb. “Report”un “RİA Novosti” agentliyinə istinadən verdiyi xəbərə görə, bu açıqlamanı Rusiyanın sabiq iqtisadiyyat nazirinin müavini, hazırda “Yeni iqtisadi artım” təsərrüfat partnyorluğunun prezidenti Mixail Dmitriyev verib.
Onun sözlərinə görə, Rusiyanın bu cür iqtisadi zərbələrdən qorunması üçün təhlükəsizlik mexanizmi mövcud deyil: “Neft qiymətlərinin 25 dollar/barelə enməsi durumunda ölkəni 1990-cı illərdəki sistem böhranı gözləyir”.
Onun fikrincə, neft qiymətlərində çöküşə səbəb olacaq ən önəmli amil Çinin maliyyə bazarında yaranacaq problemlərdir. “Çin bank sektoru inanılmaz dərəcədə “şişib”. Kreditlərin həcmi ÜDM-in 200%-nə yüksəlib. Bu isə Çinin hazırkı iqtisadi artım tempi ilə uyğun gəlmir”.
M.Dmitriyev qeyd edib ki, hazırda Çin Rusiya neftinin alışını mütəmadi olaraq artırır. Çində yaranacaq hər hansı iqtisadi problem neft alışının azalmasına gətirib çıxaracaq ki, bu da öz növbəsində Avropaya neft satmaqda getdikcə çətinliklərlə üzləşən Rusiyanı daha da pis vəziyyətə salacaq. Bununla yanaşı, Çində neftə tələbatın azalması neft qiymətlərini uzunmüddətli olaraq aşağı səviyyədə qalmasına səbəb ola bilər.
Bütün bu proqnozlar onu deməyə əsas verir ki, Azərbaycan iqtisadiyyatının «qara günləri» hələ qarşıdadır.
İqtisadçı Nemət Əliyev bildirdi ki, İranın neft hasilatını artırmaq niyyəti başa düşüləndir. Çünki uzun müddət İrana qarşı Qərb tərəfindən sərt iqtisadi sanksiyalar tətbiq olunmuşdu. Ona görə İranın əvvəlki mövqelərini geri qaytarmaq üçün səylərini artırması normal haldır. İranın bu niyyətinin qarşısını almaq mümkün deyil. Konkret halda Səudiyyə Ərəbistanın ata biləcəyi addımlara gəlincə isə, səudiyyənin hasilatı artıra biləcəyi ilə bağlı verdiyi mesajlar onu deməyə əsas verir ki, növbəti dövrdə də neft hasilatının azalacağı və qiymətlərin düşəcəyi ilə bağlı gözləntilər özünü doğrultmayacaq. N.Əliyevin sözlərinə görə, buradan Azərbaycan hökumətinin çıxarmalı olduğu ciddi nəticələr var: «Təəssüf doğurucu hal odur ki, Azərbaygcan hakimiyyəti neftin hazırkı qiyməti ilə bağlı giley-güzarlarını gizlətmir. Hakimiyyətə görə neftin hazırkı qiyməti ədalətli deyil. Məncə reallıqlara istinad edib, siyasət qurmaq lazımdır. Bu gün faktiki olaraq neftin bazar qiyməti ahağı düşüb və Azərbaycanın gəlirləri azalıb. Neftin qiyməti gələcəkdə qalxsa, lap yaxşı. Amma qiymətlərin qalxmama ehtimalı daha çoxdur. Qeyri-neft sektorunun inkişafında əməldə nəticələr əldə etmək lazımdır. Bu istiqamətdə yalnız bəyanatların verilməsi yetərli deyil».
Aqrar sektorun hazırkı dönəmdə inkişaf etdirilməsinin vacib olduğunu deyən N.Əliyev vurğuladı ki, idxal olunan məhsulların ölkə dailində istehsalına nail olmaq lazımdır.
Hikmət