Eyyub Hüseynov: «Gərək, Engin şirkəti üzərində Ermənistan şirkətinin adı olan məhsulun Azərbaycana idxalına getməyəydi»
Sosial şəbəkələrdə “Nutella” şokoladları ilə bağlı videogörüntü yayılıb. Videoda şokoladın qabının üzərindəki etiketdə məhsulun idxalçısının Ermənistan şirkəti olduğu yazılır. Amma maraqlıdır ki, bu məlumat daha bir etiket vasitəsilə gizlədilib. Həmin etiketdə məhsul barədə məlumatlar Azərbaycan dilində təqdim olunur. Yalnız bu etiketi qopartdıqdan sonra erməni şirkəti barədə məlumat üzə çıxır – Slav Qrup QSC Yerevan, Axtanaki 1/1, Ermənistan Respublikası.
Bu məhsul Azərbaycan bazarına necə yol tapıb? Bu məhsulu ölkəyə idxal edən şirkət bu barədə məlumatlıdırmı?
Araşdırmamış nəticəsində məlum oldu ki, “Nutella” şokolad yağını ölkəyə «Engin» LTD şirkəti gətirir.
Mövzu ilə bağlı Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynova müraciət etdik. E.Hüseynov bildirdi ki, rəhbərlik etdiyi təşkilat bu məsələni araşdırıb. Məlum olub ki, “Nutella” şokoladlarını istehsal edən şirkət markalanma zamanı yanlışlığa yol verib: «Biz məhsulun gömrük sənədlərini də əldə etmişik. Sənədlərə əsasən onun Ermənistandan gəlməsi mümkün deyil. Azərbaycanın istehsalçı şirkəti məhsulu birbaşa istehsalçıdan ölkəyə idxal edib. Amma gərək idxalçı «Engin» şirkəti üzərində Ermənistan şirkətinin adı olan məhsulun Azərbaycana idxalına getməyəydi. Bu məsələdə diqqətli olmaq lazımdır. Böyük səhvə yol verilib. Ona görə bu mallar marketlərdən yığışdırmalı və etiketlər dəyişdirilməlidir ”.
“Nutella” şokoladlarını Azərbaycana gətirən rəsmi distirbyutor “Engin” şirkəti ilə də əlaqə saxladıq. Şirkətin Xarici Əlaqələr üzrə direktoru Leyla Seyidzadə qəzetimizə açıqlamasında bildirdi ki, sosial şəbəkələrdə yayılan video il onlar da tanışdırlar: «Bu məhsul Azərbaycana Ermənistandan yox, birbaşa istehsalçıdan Polşadan gətirilir. Biz uzun zamandır həmin şirkətin Azərbaycanda rəsmi distribütoruyuq. İstehsalçı şirkət qablaşdırma zamanı marakalanmada yanlışlığa yol verib. Azərbaycana gətirdiyimiz bütün məhsullar gömrük nəzarətindən keçirilir. Qanunvericiliyə uyğun olaraq məhsulun üzərində Azərbaycan dilində məlumatlar olmalıdır. Əksər hallarda istehsalçı şirkət zavoda qablaşmanın üzərinə yapışdırdığı etiketlərdə məhsul barədə öz dilimizdə məlumat olur. Amma bu məlumat olmayanda biz qablaşmanın üzərinə məhsul barədə məlumat olan stikeri yapışdırırıq».
Əhali arasında xüsusilə hiddətə səbəb olan məqama – stikerin məhz Ermənistan şirkəti barədə məlumatın yazıldığı hissəyə yapışdırılmasına gəlincə isə, L.Seyidzadə bildirdi ki, əslində stiker hər məhsulda məhz həmin hissəyə yapışdırılmayıb. Və şirkət heç də bu məlumatı gizlətməyə çalışmayıb: «Güman ki, erməni şirkəti də məhsulu biz sifariş etdiyimiz zavoddan götürür. Region olaraq yəqin ki, biz Ermənistanla məhsulu eyni yerdən idxal edirik. Zavodun bu cür səhvə yol verməsi Ermənistanla, Azərbaycanın eyni regionda yerləşməsi də səbəb ola bilər».
Xəyal