Azərbaycanda 1 hakim niyə 2000 işə baxır?

 

mehkeme turk

Azərbaycan məhkəmələrində hakimlərin sayı o qədər az, işlərin sayı isə o qədər böyükdür ki, hakimlər işlərə çatdırıb baxa bilmirlər. Nəticədə bəzən məhkəmə işlərinə baxılması aylarla uzanır.

Son illərdə Azərbaycanda məhkəmələrə daxil olan şikayətlərin sayı kəskin artıb. Lakin hakimlərin sayı   onların baxacağı işlərin sayı ilə tərs mütənasibdir.

Fins.az-ın araşdırması göstərdi ki,   məhkəmə hakimlərinin işi getdikcə daha da ağırlaşır. Bu gün noyabrın 7-ə olan statistikaya görə,  ölkədə 511 məhkəmə hakimi fəaliyyət  göstərir. Onlar 248 729 işə baxmalıdırıar. Sadə hesabla hər hakimə ən azı 480 iş düşür.

Nəzərə alsaq ki, burada rayon məhkəmələrinin payı daha çoxdur, o zaman həmin hakimlərə daha çox iş düşür. Məsələn, bu günə olan məlumata görə, Sabunçu Rayon Məhkəməsində icraatda olan işlərin sayı 24  351-dir. Həmin işlərlə cəmi 10 nəfər hakim məşğul olmalıdır. Beləliklə, orta hesabla hər hakim təxminən 2 400 işi araşdırıb qərar verməlidir.

Yasamal məhkəməsində vəziyyət daha acınacaqlıdır. Belə ki, 13 hakimə 64 min məhkəmə işi düşür. Başqa sözlə, hər hakim 4900-dən artıq işə baxmalıdır. Şəki rayon məhkəməsindəki 4 hakim isə 23450 işə, yəni hər hakim 5800-dən artıq işə baxmalıdır. Oğuz məhkəməsindəki 4222 iş isə cəmi 1 hakimə həvalə edilib.

Elə rayonlar da var ki,   orada cəmi  2 və ya 3 hakim fəaliyyət göstərir.  35 rayonda isə məhkəməyə cəmi 1 hakim təyin edilib.

Mənzərə onu göstərir ki, gün ərzində 6-8  məhkəmə işinə baxan hakimlərin verdiyi qərarlar da ədalətli və adekvat olmayacaq.

  Baxılacaq  işlərin sayı Hakimlərin sayı
Sabunçu rayonu 24 351 10
Yasamal rayonu 63 828 13
Gəncə şəhər Nizami rayonu 18 779  6
Şəki Rayon Məhkəməsi 23 450 4
Bakı Apellyasiya Məhkəməsi 26 427 51
Şəki Apellyasiya Məhkəməsi 4 158 11
Oğuz Rayon Məhkəməsi 4 222 1
Quba Rayon Məhkəməsi 14 213 4
   

Hakimlərin gərgin iş rejimində çalışdıqlarını vurğulayan hüquqşünas Nicat Gözəlov bir hakimin gündə 4-5 qərardad yazmasının fikizi baxımdan mümkün olmadığını bildirib:

“Hakimlərin sayını ən azı 2 dəfə artırmaq lazımdır. Eyni zamanda onların işini azaltmaq üçün ciddi tədbirlər görülməlidir. Son zamanlar məhkəmələrə edilən müraciətlərin 50 faizi banklardakı problemlemli  kreditlərlə bağlıdır. Əgə rhökumət bununla bağlı müəyyən qərarlar versə, iş məhkəməyə gəlib çatmaz. Bu, sosial-iqtisadi həyata da aiddir”.

Hakimlərə verilən işlərin çoxluğu onların  ciddi araşdırılmasına imkan vermir. Bəzən bir məhkəmə iclasını 15-20 dəqiqəyə yekunlaşdırmalı olurlar. Bu zaman işin detalları tam araşdırılmır, tərəflər yetərincə dinlənilmir. Bu isə vətəndaşların məhkəmə-hüuqu sisteminə olan etimadını azaldır və bəzən tam məhv eidr.

İşlərə baxılması üçün vaxtın azlığı şikayətlərin keyfiyyətsiz araşdırılmasına və ədalətsiz qərarların  qəbul edilməsinə gətirib çıxarır. Ona görə də vətəndaşlar yuxarı instansiya məhkəmələrinə şikayət edirlər. Təsadüfi deyil ki, apellyasiya məhkəmələrində də şikayətlərin sayı kifayət qədərdir. Məsələn, 51 hakimi olan Bakı Apellyasiya Məhkəməsində 26 427  işə baxılmalıdır. Hər hakim orta hesabla 500-dən çox işi araşdırıb qərar verməlidir.