Manat son 15 gündə 3,3% dəyər itirib

nemet-eliyev1Mərkəzi Bank bu gün növbəti yeni rekorda imza ataraq manatı daha da gözdən salıb. Baş Bankın qərarına görə, bu gün 1 dollar 1,6490 manatadır. Kommersiya bankları isə 4% bahasına sata bilərlər. Qiymətdə sui-istifadə halları da istisna edilmir.

Beləliklə son 56 günün ilk 41 günündə 2,6% dəyər qazanan “manat” sonrakı 15 gündə 3,3% dəyərini itirib. Başqa sözlə, bir addım irəli, iki addım geri atılıb.

Görünən budur ki, ölkədə qiymətlərin sabitliyinə görə məsuliyyət daşımalı olan Mərkəzi Bank “manatı” elə hala gətirib ki, dəyərini saxlaya, bir yerdə qərar tuta bilmir. Mərkəzi Bankın ipinin üstünə odun yığılası deyil artıq. İndi görün özəl kommersiya bankları nə haldadır.

Əminliklə demək mümkündür ki, belə siyasətlə banklara, milli valyutaya itmiş inamı bərpa etməkdən söhbət gedə bilməz.

Mərkəzi Bankın bu yöndəki siyasəti davam etdikcə xarici valyutada kredit borcu olanların borc yükü daha da artacaq. Manatla saxlanan əmanət və depozitlər, dövriyyədə olan kredit resursları növbəti dəfə dəyərini itirəcək ki, bu da manata inamı daha da sarsıdacaq. Qara bazar dövriyyəsi bir az da böyüyəcək ki, bu da hesablaşmalarda milli valyutanın rolunu xeyli zəiflədəcək. Bahalaşma əlavə sürət alacaq ki, bu da gərgin sosial vəziyyəti daha da pisləşdirəcək.

Yazı iqtisadçı-ekspert Nemət Əliyevin facebook səhifəsindən götürülüb.