«Noyabrın 2-də Suraxanı rayon Polis İdarəsinin Təhqiqat şöbəsində oldum və 5 gün öncə mənə qarşı baş verən ölüm təhdidləri ilə bağlı şöbə rəisini məlumatlandırdım».
Bunu Azadlıq Radiosuna AXCP sədrinin müavini Gözəl Bayramlı bildirib,
G.Bayramlı üzləşdiyi ölüm təhdidləri ilə bağlı ətraflı izahat verdiyini qeyd edib: «Oktyabrın 28-də baş verən təhdidlərlə bağlı ancaq noyabrın 2-də polis idarəsinə dəvət edilməyim özü anormal haldır. Digər tərəfdən Daxili İşlər Nazirliyinin «102»qaynar xəttinə müraciətimə belə cavab verilmədi. Məni açıq nömrədən təhdidləri edən şəxsin tapılmasını, kimliyinin müəyyənləşdirilməsini tələb etdim. Təhqiqat şöbəsinin rəisi mənə həmin şəxsin qısa zamanda aşkar ediləcəyini bildirdi».
G.Bayramlı oktyabrın 28-də açıq nömrədən ölümlə hədələndiyini açıqlamışdı.
«Zəng edən şəxs kobud şəkildə məndən «nə yazırsan» deyə soruşdu. Ondan özünü təqdim etməyi istəyəndə, «gələndə biləcəksən, ünvanını de» cavabını verdi. Sonra da tərbiyəsizlik edib qışqırmağa başladı. Telefonu söndürdüm, yenə bir neçə dəfə zəng etdi. Soruşdum məni təhdid edirsən, dedi «bəli»» – xanım siyasətçi qeyd edirdi.