Bələdiyyə sədrləri icra başçılarını bada verir

covdarov1Hazırda həbsdə olan sabiq MTN generalı Akif Çovdarovun respublikanın bir çox bölgəsində hektarlarla torpaq sahəsinə malik olması ilə bağlı ölkə mediasında kifayət qədər informasiya yer alıb. Bu günlərdə məlum məsələ ilə bağlı maraqlı informasiya daxil olub. Özəl mənbədən verilən məlumata görə, A.Çovdarova dövlət torpaqlarını peşkəş edən bəzi bələdiyyə sədrləri istintaqa cəlb olunub. İşin ən maraqlı tərəfi isə bələdiyyə sədrlərinin elə ilk dindirmədən icra başçılarını “xərcləməsi” olub.
Mənbənin sözlərinə görə, A.Çovdarova verilən dövlət torpaqları ilə bağlı ifadə verən bələdiyyə sədrləri məsuliyyətdən yayınmaq üçün bunu icra başçılarının göstərişi ilə etdiklərini bildirib. Onlar qeyd ediblər ki, bələdiyyə sədrlərinin icra başçısının göstərişi olmadan bir qarış yer belə kiməsə verə bilməz və bu həqiqət ölkədə hər kəsə bəllidir. “Ağsaqqallar ver deyib, biz də vermişik” deyən bələdiyyə sədrləri bu ifadə ilə icra başçılarının da məsuliyyətə cəlb edilməsi üçün hüquqi zəmin formalaşdırıb.
Mənbənin sözlərinə görə, bu ifadələrin ardınca icra başçılarının istintaqa çağırılıb-çağırılmayacağı bəlli deyil. (Moderator.az)