Yaxud, Gözəl Bayramlıya qarşı “demokratik” təhdid
Adamın bu ölkəyə heyfi gəlir. Bəzən bu ölkəyə adamın yazığı da gəlir. Bu qədər zəngin, potensiallı bir ölkə bütün parametrlər üzrə geriyə düşüb. Mövcud rejim əlindən gələni edib ki, ən geridəqalmış ölkələrə həsədlə baxaq.
Təkcə ölkənin sərvətləri talan edilsəydi, dözmək olardı. Amma bütün mənəvi dəyərlər də tapdaq edilib. Ölkədə ədalət, hüquq, qanun adına heç nə qalmayıb. Qanun, ədalət, hüquq, məhkəmə yalnız cəza aparatına, qisas vasitəsinə çevrilib.
Vəziyyət o qədər acınacaqlıdır ki, ölkənin ən böyük partiyasının sədr müavini ölümlə təhdid edilir və hələ də əzəmətli hökumətimz bu təhdidin ünvanını tapa bilmir. Dəhşətli burasıdır ki, ölüm təhdidi gizli formada yox, açıq şəkildə edilib. Yəni, Gözəl Bayramlını hədələyən adam açıq nömrədən zəng edib. Amma nə hikmətdirsə, ayıq hüquq mühafizə orqanlarımız bu qədər “şəffaf” təhdidi üzə çıxara bilmirlər.
Oktyabrın 28-də zəng olunub, amma 5 gündür ki, bu nömrənin sahibi tapılmır. Müxalifətçilərin iclas keçirəcəkləri yeri öncədən müəyyənləşdirə bilirlər, müxalifət funksionerlərinin telefonlarına qulaq asa bilirlər, amma Gözəl Bayramlını “yad” eləyən adamı tapa bilmirlər. Bu həmin Gözəl Bayramlıdır ki, ilin 12 ayı telefonu onsuz da dinlənilir.
Təbii ki, rüsvayçılıq bununla da yekunaşmır. Sonra izi itirmək üçün saxta profil yaradıb, Gözəl xanımı hansısa sələfinin hədələdiyi qənaətini formalaşdırmaq istəyirlər. Birincisi, gözəl xanım Qafqaz Müsəlmanları İdarəsində işləmir, ilahiyyatçı deyil və bugünə qədər hansısa təriqlətlə bağlı bir kəlmə fikir söyləməyib. Yəni, Gözəl Bayramlı bu ölkədə hansısa təriqət mənsubunun hədəf seçəcəyi son adam da deyil.
İkincisi, tutaq ki bu “qəhrəman profil” Gözəl xanımı həqiqətən də hədələyib. Sabiltiyin hökm sürdüyü, tolerantlığın fontan vurduğu, təhlükəsizliyin ən yüksək səviyyədə təmin edildiyi ölkədə adamlar bir-birini necə təhdid edə bilir? Deməli, etiraf edirlər ki, bu ölkədə adam öldürmək, bunu əvvəlcədən anaons etmək adi haldır. Üstəlik, bir müxalifət funksionerinə qarşı belə bir addım atmaq heç kimi narahat etmir. Adamlar başa düşür ki, hökumət müxalifətçiləri təhdid edənlərin xətrinə dəyməz. İstənilən halda Gözəl Bayramlının ölümlə təhdid edilməsi və bu işin hələ də qapalı qalması hüquq adına növbəti rüsvayçılıqdır.
Necə olur ki, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı heç bir əsas olmadığı halda yazdığı statuslara görə həbs olunur, amma Gözəl Bayramlını təhdid edən profilin sahibi tapılmır? Axı, profil qırmaqda, profilllərin sahiblərini axtarıb tapmaqda hökumətimiz peşəkardı.
Aidiyyatı qurumların bu səhlənkarlığı digərlərinə hansı mesajı verir? O mesajı verir ki, müxalifətçiləri rahatlıqla təhdid edə bilərsiz, həm də açıq nömrəylə.
Belə nəticəyə gəlmək olur ki, bu işin üstünün açılması hökumətin marağında deyil. Onsuz da Elmar Hüseynovun qətlindən üzü bu yana bütün prinsipial işlərin üstü açılmayıb.
Amma Gözəl Bayramlıya qarşı təxribatda müəyyən “inkişaf” da var. Yəni, əvvəllər gizli nömrəylə zəng edərdilər, arxadan vurardılar. Bu işdə isə killer “demokratik” qərar verib. Yəqin bilib ki, Gözəl xanım demokratiya tərəfdarıdı, ona görə də açıq təhdid formasını seçib.
İlham