Özünüz niyə ölkəyə sərmayə yatırmırsız?

prezident-iclasÖlkəyə investor çağıranlar, ölkədən pul çıxarırlar

Son dövlər hökumət xarici investorlara çağrışlar etməyə başlayıb. Ölkə başçısı dəfələrlə bildirib ki, Azərbaycanda münbit biznes mühiti var, sərmayələr sığortalanır və.s Hətta icra başçılarına tapşırıq verilib ki, ölkə xaricində fəaliyyət göstərən yerli iş adamları ölkəyə cəlb edilsin.

Beləliklə, hökumət cəmiyyəti inandırmağa çalışır ki, real islahatlar aparmağa, ölkəyə investisiya cəlb etməyə maraqlıdır və bu istiqamətdə işlər gedir. Amma statistik rəqəmlər göstərir ki, ötən müddət ərzində ölkədən valyuta axını sürətlənib. Yerli iş adamları Türkiyədə, Gürcüstanda, Ukraynada, hətta Dağıstanda fəaliyyət göstərməyə daha çox maraqlıdır.  Xarici iş adamlarının ölkəyə  axını üçün isə münbit şərait göz dəymir. Korrupsiya, inhisarçılıq, hüquqsuzluq o qədər şaxələnib ki, heç kim ölkəyə pul yatırmağa risq etmir.

Amma problem təkcə bundan ibarət deyil. Həm xarici investorlar, həm də yerli iş adamları müşahidə edir ki, iri məmurlar da öz pullarını ölkədən çıxarır və ölkə xaricində biznes qurmağa maraq göstərir.

Məsəələn, bir neçə gün öncə məlum oldu ki, Paşa Holdinq Türkiyədə növbəti otelini isitfadəyə verib. Heç kimə sirr deyil ki, Paşa Holdinq ölkəni ən böyük biznes strukturudur və hakim ailəyə yaxın şirkətdir.

Göründüyü kimi ölkə başçısı  xariciləri ölkəyə sərmayə qoymağa çağırsa da, öz maliyyələrini ölkədən çıxarmaqla məşğuldular. Faktlar təkcə Paşa Holdinqlə bağlı deyil. İri məmurlara məxsus xeyli sayda şirkətlər var ki, dünyanın müxtəlif yerlərində iri həcmli sərmayə qoyuluşu həyata keçirir. SOCAR isə Montoneqrodan tutmuş, Türkiyəyə qədər hər yerdə özünə yer eləyib.

Ona görə də xarici və yerli iş adamları sual edə bilər ki, ölkədə biznes mühiti varsa, ölkənin pula ehtiyacı varsa, siz niyə öz pulunuzu ölkədən çıxarırsız. Ən böyük investisiya offşor zonalardadı, niyə bu pullar ölkəyə qaytarılmır?  Məhz buna görə də heç kim ölkəyə sərmayə qoymaq istəmir. Adamlar düşünür ki, bu hökumətin növbəti tələsidir və onların pulları təhlükəsizlikdə olmayacaq.

Əgər hökumət həqiqətən də ölkədə canlanma yaratmaq, investisiya bolluğuna nail olmaq istəyirsə, ilk növbədə özü nümunə göstərməlidir. Yoxsa, öz milyonlarını Türkiyə otellər tikməyə sərf edən hökumətin özgələrinə çağırış etməsi qeyri-səmimi görünür.

Nəticə isə budur ki, investor axtarışı da imitasiyadır və boşluğu müvəqqəti doldurmaq cəhdidir.

Samir