AXCP sədri Zakir Qaralovla Ramil Usubova müraciət etdi: “Səssiz qalmağınız şübhə doğurur”

ali-karimli-qurultayda1AXCP sədri Əli Kərimli Baş prokuror Zakir Qaralova və Daxili İşlər naziri Ramil Usubova müraciət edib. Müraciətdə partiyanın sədr müavini Gözəl Bayramlının ölümlə hədələnməsi barədə məlumat verilir, bununla bağlı müvafiq tədbirlər görülməsi və onun təhlükəsizliyinin təmin olunması istənilir.

“13 oktyabrda müavinim Gözəl Bayramlı Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə (BMCMİ) dəvət edilib. BMCMİ-də Gözəl xanıma facebook statuslarında, şərh və yazılarında dini eksremizmi dəstəkləmək, “Nardaran işi” ilə bağlı həbs edilənləri müdafiə etmək və dövlət quruluşu əleyhinə çağırış məqamları olduğunun narahatlıq doğurduğu bildirilib və xəbərdarlıq edilib. Amma Gözəl xanım polis əməkdaşına onun fəaliyyətinin dövlət əleyhinə deyil, siyasi müxalifət olaraq, bu rejimin apardığı siyasətə qarşı olduğu və bundan sonra da mübarizəsini davam etdirəcəyini bildirib.
Bundan 15 gün sonra – 28 oktyabrda Gözəl xanımı saat 14.52-də 050 393 34 68 nömrəsindən zəng edərək ölümlə hədələyiblər. Gözəl xanım dərhal 102 xidmətinə zəng etsə də, günün sonuna qədər polis heç bir tədbir görməyib. Yalnız mətbuatda və sosial şəbəkələrdə mövzu ciddi müzakirəyə səbəb olduqdan sonra, axşam saat 21:00-dan sonra Suraxanı polisindən zəng edərək, Gözəl xanımı ifadəsini almaq üçün polisə dəvət edəcəklərini bildiriblər. O vaxtdan polisin, prokurorluğun bu ölüm hədəsinə qarşı hər hansı tədbir görməsi haqqında heç bir məlumat yoxdur.
Hədələnmənin səhərisi günü – 29 oktyabrda “Abu Zerz Ahi” adlı bir facebook profilindən (https://www.facebook.com/abu.zerzahi.1?fref=ts&__mref=message_bubble) Gözəl xanımın şəkli ilə birlikdə belə bir post paylaşılıb: “Yaxın ətrafındakı insanlara sizə mən allahlıq edəcəyəm deyən həmin kafir qadın budur. İnşallah ki, tezliklə öz əxi qardaşımla bunun murdar başını öz dostlarının şam yeməyinə göndərib sizi bir-iki günə sevindirəcəyəm, əziz qardaşlarım mənim!” Hədənin “dəqiq” ünvanının sələfilər olduğunu təlqin etmək üçün profilin saxta adının altında mötərizədə “Azeri Selefi” sözünü də əlavə ediblər.
Gözəl xanımın Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinə çağırılıb xəbərdarlıq edilməsi, ardından açıq nömrə ilə zəng vurulub eyni məsələ ilə bağlı açıq şəkildə ölümlə təhdid edilməsi, bu da azmış kimi bir facebook profilindən yuxarıda göstərdiyim məzmunda daha ağır hədələrə məruz qalması və üstəlik hüquq mühafizə orqanlarının bu məsələ ilə bağlı səssiz qalması məndə müavinimin həyat və təhlükəsizliyi ilə bağlı olduqca dərin narahatlıq doğurur, hüquq mühafizə orqanlarının səssiz qalması isə məndə haqlı olaraq şübhələr yaradır. Aşkardır ki, Gözəl xanımın konstitusion hüquqlarından istifadənin qarşısı zor gücünə alınmağa çalışılır”, – deyə AXCP lideri yaranmış təhlükəni izah edib.

Ə.Kərimli müraciətində Baş prokurordan və Daxili İşlər nazirindən bu tədbirlərin görülməsini istəyib:

– Hüquq mühafizə orqanları kimi G.Bayramlının Konsitutsiya və ölkə qanunlarından, Azərbaycanın beynəlxalq təşkilatlar qarşısında götürdüyü öhdəliklərdən, ratifikasiya etdiyi anlaşmalardan, xüsusilə Mülki və Siyasi Hüquqlar haqqında Paktdan və Avropa Konvensiyasından irəli gələn siyasi hüquqlarından istifadəsi üçün normal şərait yaradılmasını təmin etsinlər;
– Bu məsələ ilə bağlı obyektiv, qərəzsiz araşdırma həyata keçirərək, zəng vurulan nömrənin sahibini, zəng vuran şəxsi müəyyən edib, onların məsuliyyətə cəlb edilməsi təmin olunsun;
– “Abu Zerz Ahi (Azeri Selefi)” adlı facebook profilinin arxasında duran həqiqi şəxsi müəyyən edib, terror hədəsinin dövləti sarsıdacaq bir duruma – siyasətdə terror presedentinin yaranmasına gətirib çıxara biləcəyi təhlükəsini nəzərə alıb, daha ciddi, dərin, əsaslı və qərəzsiz araşdırma aparılması təmin edilsin;
– Cinayət Prosessual Məcəlləsinin 37.3, 207-ci maddələrinə uyğun olaraq, Baş prokuror müvafiq tədbirlər görülməsini nəzarətində saxlasın. DİN tərəfindən “Polis Haqqında Qanun”dan, xüsusilə 3-cü və 5-ci maddələrdən irəli gələn vəzifələrin icra edilməsinə, təhdidin real olaraq aradan qaldırılması üçün müvafiq tədbirlər görülməsinə Daxili İşlər naziri nəzarət etsin;
– Təhdidin aradan qaldırılması ilə bağlı görülən tədbirlər haqqında partiya sədri olaraq ona və ictimaiyyətə məlumat verilsin.