Mənasız telekanallara baxmaq üçün 22 manat ödəməliyik
Hökumətin istənilən addımı cəmiyyətdə qıcıq yaratmağa, eyni zamanda cəmiyətə meydan oxumağa hesablanıb. Böhrannı dərinləşdiyi gündən etibarən sadə vətəndaşın maraqlarına xidmət edən, dövlətin imicini yaxşılaşdıracaq heç bir addım atılmayıb. Əksinə, vəziyyət pisləşdikcə hökumət vətəndaşı daha çox sıxmağa, vətəndaşın hesabına böhrandan çıxmağa cəhd edib. Cərimələr sərtləşdirilib, qiymətlər qalxıb, ixtisarlar sürətlənib və.s Amma hökumət qətiyyən dayanmaq istəmir, israrla vətəndaşı dalana dirməkdədir. Daxildən basıqların olmaması, vətəndaşların öz haqqı uğrunda etiraza başlamaması hökuməti daha da ürəkləndirib.
Sanki, gecə-gündüz “vətəndaşı necə müflisləşdirmək olar” sualına cavab axtarırlar. Real islahatlar aparmaq, böhrandan çıxmaq üçün ciddi proqramlar tərtib etmək, vətəndaşın yolunu açacaq qərarlar vermək əvəzinə, pul qoparmağa çalışırlar.
Guya, ölkənin bütün problemləri həllini tapıb, təkcə analoq televiziya yayımının fəaliyyətini tənzimləmək qalıb. Oktyabırn 31-dən etibarən ölkədə analoq televiziya yayımı dayandırılıb. İndi vətəndaş televizora baxa bilmək üçün 22 manat ödəyib dekoder almalıdır. Təbii ki, bu 22 maant rəsmi açıqlamada səslənən rəqəmdir. Yəqin ki, bu məsələdə də “Azərbaycansayağı” manevrlər olacaq.
Heç kimə sirr deyil ki, bu gün geniş funksiyaya malik olmayan, ucuz televizrolar əhalinin kasıb təbəqəsindədir. Deməli, dünəndən etibarən yüzminlərlə insan telvizora baxa bilmir. Görəsən, indiki ağır vəziyyətdə belə bir addımın atılması hansı zərurətdən doğub? Axı, vətəndaşla bu qədər düşmənçiliyin səbəbi nədir? İki devlavasiyadan sonra vətəndaşa kompensasiya ödənilmədi, qiymət artımı durdurulmadı, maaşlar artmadı, üstəlik bədbəxt vətəndaşın cibinə girib 22 maant da çıxarmaq eşqinə düşüblər. Onsuz da zəruri ehtiyacları ödəməkdə çətinlik çəkən ölkə insanını 22 manat zərərə salmaq düşmənçilikdi. Mənasız yarışlara ev sahibliyi etməyə, ermənipərəst ölkələrdə abadlıq işləri aparmağa, futbol çempionatlarına milyonlar xərcləməyə pul tapanlar, vətəndaşın əvəzinə 22 manat niyə ödəmir? Deməli, növbəti dəfə ciblərini doldurmaq üçün məqam tapıblar. Bundan sonra da belə hallar müşahidə olunacaq. Vətəndaşın zəif yerini tapacaqlar və müəyyən ödəniş üçün zəmin yaradacaqlar.
Amma bir reallıq da var ki, bu hökumətin dövründə Azərbaycan telekanalları ikrah hissi yaradıb, məddahlıq məkanına çevrilib. Sadəcə olaraq müəyyən teleseriallara baxılıb, alternativ informasiya almayan adamlar xəbərlərə qulaq asmaq istəyib. İstənilən halda hökumətin bu addımı da vətəndaşı tələyə salmaqdı. 23 ildə bir dəfə olsun adambaşına 22 manat pul paylamayıblar, amma mənasız telekanllara baxmaq üçün də vətəndaşdan pul tələb edirlər.
P.S Məsləhət görərdim ki, hökumətin bu qərarına vətəndaşlar adekvat reaksiya versin. Yəni, Azərbyacan telekanallarına baxmaqdan birdəfəlik imtina etmək lazımdır. AzTv-lərin yalanlarına qulaq asmaq əvəzinə, “Turan.tv” yə baxmaq lazımdır. Həm yalanlardan canınız qurtarar, həm də ölkə həqiqətlərini daha çılpaq şəkildə eşidərsiniz.
İlham