Neft Fondu riskə gedir

nemet-eliyev1Fondun daşınmaz əmlaka vəsait yatırtması yanlış addım kimi dəyərləndirilir

Nemət Əliyev: «Bu vəsaiti iqtisadiyyatın investisiyaya olan ehtiyaclarının ödənilməsinə xərcləmək lazımdır»

Neft ucuzlaşandan bəri Azərbaycan xarici ölkələrə böyük sərmayələr yatırmaqla durumdan çıxmağa çalışır, bundan ötrü hətta riskə getməyə hazırdır. Bunu «Nikkei Asian Review» qəzeti yazır.

Qəzet Azərbaycan Dövlət Neft Fondunun (SOFAZ) icraçı direktorunun müavini İsrafil Məmmədova istinad edərək, fondun səhmlərə investisiyaları, eləcə də birbaşa sərmayəni 15-dən 25 faizədək artırmağı planlaşdırdığını xəbər verir.

Daşınmaz əmlaka investisiya artırılır

«Nikkei Asian Review»un yazdığına görə, keçən il Azərbaycanın Dövlət Neft Fondu Tokiodakı «Kirarito Ginza» ticarət mərkəzini almaqdan ötrü nəhəng yapon şirkəti «Orix»ə 52.3 milyard yen (496 milyon dollar) ödəyib. Bundan başqa, SOFAZ Yaponiyada daşınmaz əmlakın inkişafında iştirak edən fondlara, o cümlədən ucqar şəhərlərdə logistik komplekslər və daşınmaz əmlaka sərmayə yatırır.

Qəzetə müsahibəsində İsrafil Məmmədov deyib ki, Azərbaycan Neft Fondu daşınmaz əmlaka qoyulan investisiyanı təxminən iki dəfə artırmaq – 5.5%-dən 10%-ə qaldırmaq niyyətindədir.

Neft Fondunun Azərbaycanın gələcəyi üçün ehtiyat toplamaq və ölkədə iqtisadi stabilliyi bərpa etmək funksiyasını xatırladan «Nikkei Asian Review» fondun aktivlərinin 2006-cı ildən bu yana 24 dəfə artdığını, ancaq neft dəyərdən düşəndən bəri aktivlərin azalmaqda olduğunu qeyd edir. Müəllif yazır ki, həm faiz dərəcələrinin aşağı olmasının gəlirləri azaltması, həm də neftin kəskin ucuzlaşması Azərbaycanın Neft Fondunu investisiya portfelinə daha riskli aktivlər qoşmağa vadar edib.

Kiçik biznes

«Nikkei Asian Review» eyni zamanda Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) xarici ölkələrdə emal sənayesi, nəqliyyat və elektrik enerjisi istehsalına cəlb olunduğunu yazır. Qəzetin məlumatına görə, SOCAR Yunanıstanın qaz kəməri operatorlarından birinin səhmlərinin 49%-ni almaqla bağlı razılaşmanı əldə etmək üzrədir.

Qəzet həmçinin, SOCAR-ın Albaniyadan Xorvatiyaya uzanan qaz kəmərinin tikintisində iştirakını, Trans-Anadolu və Trans-Adriatik qaz kəmərlərinin 2020-ci ilə kimi hazır olacağını və Azərbaycan qazını Türkiyə vasitəsilə İtaliyaya çatdıracağını xatırladır. «Balkan yarımadasında qurulacaq qaz nəqliyyatı şəbəkəsi Azərbaycan qazına tələbatı artıra və yeni yataqların inkişafına səbəb ola bilər». «Nikkei Asian Review» belə yazır. (azadliq.org)

Yürüdülən siyasəti necə qiymətləndirmək olar? Bun ə dərəcədə düzgün yatırımdır?

İqtisadçı Nemət Əliyev bildirdi ki, seçilən bu yol yanlışdır. N.Əliyevin sözlərinə görə, fondun dünyanın məhşur şəhərlərində daşınmaz əmlaka yatırdığı vəsait hazırkı dönəmdə təhlükəlidir. Çünki ötən müddət göstərdi ki, fondun bu istiqamətdə yatırdığı vəsait elə də ciddi gəlir gətirmir: «Hətta Neft Fondu Rusiyada əldə etdiyi 135 milyon dollar dəyərdə əmlakdan gəlir götürə bilməyib. Biz onun da şahidi olduq ki, Neft Fondu Rusiyada həm daşınmaz əmlaka, həm də VTB Bankın səhmlərinə yatırdığı vəsaitin xeyli hissəsindən məhrum olub. Fondun eyni zamanda Çinə yatırdığı vəsaitlərdən də gəlir əldə edə bilməib. Belə olan halda daşınmaz əmlaka yatırdığı vəsaitdən gəlir əldə etməsi nə dərəcədə realdır. Yatırım etmək xatirinə pul yatırmazlar».

N.Əliyev bildirdi ki, əgər Neft Fondu gəlir yatırmağa yer tapmırsa, daha səmərəli sahələr tam başqalarıdır. Məsələn, Neft Fondu Azərbaycan iqtisadiyyatına vəsait yatıra bilər. Birincisi, iqtisadiyyatın hazırda investisiyaya böyük ehtiyacı var. İkincisi, Neft Fondundakı vəsait Azərbaycan xalqına məxsusdur: «Bu ölkə iqtisadiyyatında tənənzülün durdurulmasına, iqtisadiyyatın dirçəlməsinə xidmət edə bilər. Ona görə bu vəsaitin yarsını və ya hamısını Azərbaycan iqtisadiyyatının investisiyaya olan ehtiyaclarının ödənilməsinə xərcləmək lazımdır. Hətta gəlir götürülməsə belə bəzi sahələrin inkişafı həm Neft Fondu, həm də dövlət üçün əhəmiyyətli olay olacaqdır».

Xəyal