Aprel döyüşləri təkrar oluna bilərmi?

uzeyir-ceferovÜzeyir Cəfərov: «Cəbhədəki hazırkı vəziyyət elədir ki, aprel döyüşlərinə bənzər hadisələr baş verə bilər»

Azərbaycan Müdafiə Nazirliyi cəbhədə vəziyyətin gərginləşməsi ilə bağlı oktyabrın 31-də məlumat yayıb. Nazirlik bildirir ki, oktyabrın 30-da axşam saatlarından başlayaraq Ermənistan silahlı bölmələri cəbhənin şimal-qərb istiqamətində Azərbaycan Ordusunun mövqelərini iri çaplı silahlardan atəşə tutub.

Məlumatda qeyd edilir ki, erməni tərəfi 60 millimetrlik minaatanlardan, “AQS-17” tipli avtomatik qumbaraatanlardan və iriçaplı pulemyotlardan istifadə edib.

Azərbaycan Müdafiə Nazirliyi xəbərdar edir ki, qoşunların qarşıdurma xəttində vəziyyətin gərginləşməsinə görə bütün məsuliyyət Ermənistan rəhbərliyinin üzərinə düşür.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, son sutka ərzində Ermənistan silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 45 dəfə pozub.

Öz növbəsində, Ermənistan mediası rəsmi mənbələrə istinadən erməni tərəfinin atəşkəs rejiminə əməl etdiyini və Azərbaycan Müdafiə Nazirliyinin məlumatının yalan olduğunu bildirir.

Cəbhədə son gərginlik ATƏT-in Minsk Qrupunun həmsədrlərinin regiona səfərindən sonraya təsadüf edir. Həmsədrlər oktyabrın 23-dən 25-dək regionda səfərdə olub və prezidentlərin növbəti görüşü, tərəflərin mövqelərinin dəqiqləşdirilməsi ilə bağlı məsləhətləşmələr aparıb.

Həmsədrlərin regiona səfərinin yekunları ilə bağlı birgə bəyanatında deyilir ki, atəşkəs rejimi haqqında razılaşmaya əməl edilməsi danışıqların davam etdirilməsi üçün çox vacibdir.

Bundan öncə isə oktyabrın 22-də amerikal həmsədr Ceyms Uorlik Bakıda keçirdiyi mətbuat konfransında bildirib ki, işğal olunmuş Azərbaycan əraziləri qaytarılmayınca danışıqlarda hər hansı razılıq əldə ediləcəyi mümkün deyil. Hazırki status-kvo davamlı olan bir amil deyil.

Bu il aprelin 2-dən 5-nə kimi Qarabağ cəbhəsində baş verən hərbi əməliyyatlarda hər iki tərəf onlarla itki verib. Rusiya tərəfinin təşəbbüsü ilə tərəflər hərbi əməliyyatları dayandırıb. Bundan sonra ATƏT-in Minsk qrupu Azərbaycan və Ermənistan rəhbərliyinin görüşünü təşkil edib.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayon Ermənistanın nəzarətinə keçib.

Aprel döyüşlərindən sonra baş verənlər göstərdi ki, ABŞ və Rusiya münaqişənin həllində hələ ki, perspektiv görmür. Hətta məsuliyyət dövlət başçılarının üzərinə qoyuldu. Cəbhədəki son durumu nəzərə alsaq, aprel döyüşləri təkrar oluna bilərmi?

Hərbi ekspert Üzeyir Cəfərov bildirdi ki, artıq neçə vaxtdır ermənilərin cəbhədə bu cür təxribata əl atacağı gözlənilən idi. Bunun bir sıra faktorlarla bağlı olduğunu deyən Ü.Cəfərov vurğuladı ki, Ermənistana hazırda yeni müdafiə naziri təyin olunub: «Baş qərargah rəisi separatçıların «naziri» olub. Bu adamlar Sarkisyanı bir növ xilas etmək üçün bütün cəbhə boyu göstərişlər veriblər. Onların hər ikisi ötən həftə cəbhə bölgəsinə səfər edib. Bundan da əlavə ATƏT-in Minsk Qrupunun həmsədrləri Ermənistan qarşısında şərtlər irəli sürüblər. ATƏT 20 il ərzində Ermənistana gözün üstündə qaşın var deməyib. Onların ermənilərdən yeganə xahişi budur ki, cəbhə bölgəsində gərginləşməlidir ki, prezidentlər arasında növbəti görüş təşkil olunsun. Dinamikaya baxsaq əgər bir müddət atəşkəs 5-10 dəfə pozulurdusa, artıq pozuntuların sayı 40-ı keçib. Oktyabrın 26-da düşmən böyük qüvvə ilə əvvəl itirdikləri mövqeləri geri qaytarmaq üçün hərəkətə keçib. Amma bizim ordunun sayıqlığı nəticəsində onların təxribatının qarşısı alınıb. Bir gün öncə isə iri çaplı silahlardan mövqelərimizi atəşə tutub. Bu o deməkdir ki, aprel döyüşlərinə bənzər hadisələr baş verə bilər. Bu isə vəziyyətin istənilən an toqquşma səviyyəsinə gətirib çıxara bilər. Beynəlxalq qurumların da istədiyi budur ki, yenidən toqquşma baş versin və beynəlxalq güclər də iki tərəfi görüşdürmək üçün səylər həyata keçirsinlər».

Xəyal