AXCP üzvü Elçin Həsənzadə ədalətsizliyin qurbanı olduğunu bildirir
“2 aydan coxdur özümə hec yerdə iş tapa bilmədiyimdən tezlikə 1 il həbsxanada yatmalı olacağam. Səbəb də Nizami rayon Məhkəməsində xuliqanlıqda ittiham olunaraq, aylıq əmək haqqımın 20%-i tutulmaqla, bir il islah işlərinə məhkum edilməyim və Sumqayıtda 2 ay ərzində iş tapa bilməməyimdir”. Bunu “Azadlıq” qəzetinə açıqlamasında jurnalist və AXCP Ali Məclisinin üzvü Elçin Həsənzadə deyib. AXÇP üzvü 2 aydır, məhkəmənin tələb etdiyi şərtlərə uyğun iş tapa bilmədiyini vurğulayıb: “Maraqlı məqam budur ki, iş tapmağım üçün qoyulan şərtlər də sərtləşdirilib. Belə ki, axtardığım iş yerində gərək sahibkarla elektron müqavilə bağlayım və sahibkar öz VÖEN-in surətini məhkəmə icrasına göndərib dövlətə vergi verməsi ilə bağlı bəyannamə imzalasın. Bu şərtlərlə də iki aydır ki, iş tapa bilmirəm. Çünki bu gün ölkədə bu şərtlərlə ancaq dövlət idarələrində iş tapmaq olur. İndiyədək etdiyim müraciətlər də nəticəsiz qalıb. Özəl sektorda isə heç kəs bu şərtlərlə işçi götürmək istəmir, çünki hamı vergidən yayınmağa çalışır. İkincisi də, siyasi sifarişlə məhkum olunmuş, hazırda da siyasi fəaliyyətlə məşğul olan bir adama hansı sahibkar risk edib iş verər? “Barəmdə qərar 27.07.2016-ci ildə qüvvəyə minsə də, Sumqayıt məhkəmə icraçısı Anar Həsənov heç yerdə işləmədiyimi bəhanə edərək, 1 il islah işlərinin icrasına başlamayıb. Bu gün mənə bildirdi ki, 3 ay ərzində özümə iş tapıb əməkhaqqımın 20%-i tutulmaqla, dövlətə rüsum ödəməsəm, cəzam çəkilməmiş sayılacaq və həbs cəzası ilə sonuclanacaq. Bügün Sumqayıt şəhər Məşğulluq Mərkəzindən mənə zəng edib dedilər ki sənə iş tapmışıq məndə sevincək ora getmişəm. Ən gülməlisi də budur ki, mənə Təmizlik İdarəsində küçə süpürmək işi tapiblar, onun da maaşı cəmi 125 manatdı. Bu pulla mən hər ay həm özümü dolandirmalı, həm də 25 manat dövlət rüsumu ödəməliyəm. İndi siz deyin, hansı müftə yeyən iribuynuzlu məmur oğlu mənim kimi kücə süpürüb, 125 manatla özünü dolandıra bilər? Mən də sözsüz ki, bu işdən imtina etdim. Onlar da işdən imtina etdiyim ücün Sumqayıt məhkəmə icraçısı Anar Həsənova təklif edilən işlərdən heç birində işləmədiyimi bəhanə edərək məktub göndəriblər. Və beləliklə mənə kəsilmiş cəza 4 aydan 1 ilə kimi həbs cəzası ilə əvəzlənəcək”.
Qeyd edək ki, bu il iyunun 1-də Nizami Rayon Məhkəməsində jurnalist və ictimai fəal Elçin Həsənova hökm oxunub. Məhkəmə soyuq silahla törədilən xuliqanlıq ittihamını daha yüngül maddəyə tövsif edərək, aylıq maaşının 20 faizi tutulmaqla Elçin Həsənovu 1 il islah işlərinə məhkum edib. Mayın 13-də prokuror ona 3 il 6 ay həbs cəzası istəmişdi. E.Həsənov ötən il keçmiş “Asiya” agentliyinin rəhbəri Cəfər Cəfərovun ona basqı göstərməsi ilə bağlı şikayət edib. Sonradan bu şikayət onun özünə qarşı çevrilib.