Hüquq müdafiəçisinin Avropa Şurasının təşkil etdiyi tədbirdə sərt çıxışına görə bu dəfə ölkədən çıxmasına imkan verilmədi
Bu gün Sumqayıt şəhər Məhkəməsində hakim Elman Məmmədovun sədrliyi ilə tanınmış hüquq müdafiəçisi, Hüquq Maarifçiliyi Cəmiyyətinin prezidenti İntiqam Əliyevin beynəlxalq tədbirlərdə iştirak üçün ölkədən çıxışına icazə verilməsi barədə ərizəsinə baxılıb. Hüquq müdafiəçisi bir neçə beynəlxalq tədbirdə iştirakı ilə əlaqədar bu il oktyabrın 11-dən noyabrın 30-na qədər olan dövrdə ölkədən çıxışına qoyulan qadağanın götürülməsinı istəmişdi. Məhkəmənin oktyabrın 6-da keçirilən iclasında prokuror iş materialları ilə tanış olmadığını söyləmiş və məhkəmə bu əsasla oktyabrın 10-na təxirə salınmışdı. Həmin gün məhkəmə icra şöbəsindən arayışın olmadığını əsas gətirib prosesi yenidən 18-nə təxirə salmışdılar.
Bu gün məhkəmə müraciətin rədd edilməsi barədə qərar verib. Qərarını da onunla əsaslandırıb ki, nə Cinayət Prosessual, nə də Cəzaların İcrası məcəllələrində şərti azadlıqdan məhrum olunan şəxslərin ölkədən çıxışına icazə verilməsini nəzərdə tutan hər hansı norma yoxdur. Xatırladaq ki, İntiqam Əliyev 2014-cü il avqustun 8-də həbs olunub. Hüquq müdafiəçisi 2015-ci ilin aprelində Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 7 il 6 ay azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi və Ali Məhkəmə də bu hökmü qüvvədə saxlayıb. Amma Ali Məhkəmənin bu qərarından cəmi bir ay sonra – 2016-cı ilin martında Baş Prokuror Zakir Qaralov Ali Məhkəməyə əlavə kassasiya qaydasında protest verib və onun əsasında Ali Məhkəmənin Plenumu işə yenidən baxaraq, martın 28-də İntiqam Əliyevin beş il sınaq müddəti olmaqla, şərti azadlığa buraxılmasına qərar verib. Plenumun qərarına əsasən, sınaq müddəti ərzində hüquq müdafiəçisinin üzərinə davranışına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerimi dəyişməmək vəzifəsi qoyulub və həmin müddətdə üzərimdə nəzarəti həyata keçirmək vəzifəsi Sumqayıt Şəhər İcra Şöbəsinə həvalə edilib. İntiqam Əliyev hansı beynəlxalq tədbirlərə dəvət almışdı?
İntiqam Əliyev 2016-cı ilin oktyabr-noyabr aylarında bir neçə beynəlxalq tədbirdə – Avropa Şurasının QHT qanunvericiliyi məsələləri üzrə Ekspert Şurasının üzvü kimi Ekspert Şurası üzvlərinin 11-12 oktyabrda Strasburqda keçirilən toplantısında, 20-21 oktyabrda BMT-nin İnsan Hüquqları Komitəsinin Mülki və Siyasi Hüquqlar Beynəlxalq Paktının 40-cı maddəsinə uyğun olaraq Azərbaycanın təqdim etdiyi Hesabatla bağlı Cenevrədə keçirilcək dinləmələrdə, İctimai Maraqlar Naminə Hüquq Qlobal Şəbəkəsinin (PİLNet) 16-18 noyabrda Amsterdamda keçiriləcək 10-cu Avropa Pro Bono Forumunda, Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunun 28-29 noyabrda Brüsseldə keçiriləcək 8-ci Ümumi Yığıncağında iştirak üçün dəvət alıb. İntiqam Əliyev 2016-cı ilin iyun ayında Avropa Şurasının 6-7 iyunda Strasburqda təşkil etdiyi beynəlxalq konfransda iştirak və açılış nitqi ilə çıxış etmək üçün dəvət almışdı. Avropa Şurasının rəhbərliyinin ölkə rəhbərliyinə müraciətindən sonra hüquqşünasa Sumqayıt Şəhər Məhkəməsinin 2 iyun 2016-cı il tarixli qərarı ilə 10 gün müddətinə (05-15 iyun) ölkədən çıxışına icazə verilmişdi. İntiqam Əliyev həmin konfransda ölkədə siyasi məhbuslar, vətəndaş cəmiyyətinə basqılar mövzusunda çıxışı hökumətdə ciddi qıçıq doğurmuşdu və bununla bağlı tədbirin təşkilatçılarına etiraz bildirilmişdi. Bu dəfə hüquqşünasa rədd cavabı verilməsində həmin çıxışın rolu az olmayıb.