“Bu ölkədə müxalifət var” sualına Əli Kərimlidən cavab

akarimli-yeni5AXCP sədri Əli Kərimli Facebook səhifəsində son vaxtlar partiyaya olan təzyiqlər və bunun AXCP-yə qəbulların artması ilə nəticələnməsindən yazıb:

“Son bir ay ərzində təkcə Gənclər Komitəsi xəttilə AXCP-yə üzv olmaq üçün 220 nəfər müraciət edib. Baxın, partiyamız Milli Şura ilə birlikdə hakimiyyətin əsas hədəfidir. İki müavinim – Fuad Qəhrəmanlı və Seymur Həzi vicdan məhbusudur. Daha bir müavinim, professor Kamil Vəli Nərimanoğlu BDU-da işdən çıxarıldığından Türkiyə universitetlərində dərs demək məcburiyyətində qalıb. Bu gün ölkәdә vә azadlıqda olan sonuncu müavinim Gözəl Bayramlı ilә AXCP Ali Məclisinin sədri, professor Nurəddin Məmmədli də “bandotdelə” çağırılıb. Müşavirlərim Asif Yusifli və Məmməd İbrahim, köməkçim Faiq Əmirli də həbsdədir. Mən hələ partiyanın çoxsaylı digər siyasi məhbuslarını sadalamıram. Və biləsiniz ki, bu qədər təzyiqlərə məruz qalan partiyaya üzv olmaq üçün soydaşlarımız axınla gəlir.
Bu statusu ona görə yazdım ki, “bu ölkədə müxalifət var ki?” sualını verənlərin nə qədər haqsız olduğunu biləsiniz. Biləsiniz ki, ölkədə siyasi rəqabət bacarığı olmayan, buna görə də qorxaq və qəddar olan bir hakimiyyət var. Əmin olasınız ki, xalqımız ədalətlidir, ləyaqətlə mübarizə aparanların yanındadır, azadlıq istəyir və bu mübarizənin bir gün qələbə ilə nəticələnəcəyinə əminliyi günü-gündən artır”.