Marneulidə Gürcüstan polisi müxalifətdə olan Vahid Milli Hərəkat Partiyasının namizədi Əhməd İmamquliyevin 7 nəfər tərəfdaşını saxlayıb.
Onlar oktyabrın 8-də seçki günü Marneulinin Qızılhacılı kəndində 48 saylı seçki məntəqəsində baş vermiş insidentdə təqsirli bilinir.
Gürcüstan DİN-nin məlumatına görə, Vahid Milli Hərəkat və Paata Burçuladze-Xalq üçün Dövlət blokunun tərəfdaşları seçki qutusunu qaçırmağa cəhd ediblər.
Vahid Milli Hərəkatın namizədi Əhməd İmamquliyevin Rustavi 2 TV-ə verdiyi məlumata görə, saxlanılanların hazırda harada olmaları barədə onlara məlumat verilmir.
İmamquliyev deyir ki, hökumət bu hərəkəti ilə yerli əhalini qorxutmaq istəyir.
“Bizim dairədə yaşayan insanlar hakim partiyanın namizədinə səs verməyiblər.”
Oktyabrın 8-də polis və partiya tərəfdarları ilə baş vermiş qarşıdurmada 5 polis əməkdaşı yaralanıb.
Gürcüstan Mərkəzi Seçki Komissiyası həmin dairədə seçkinin nəticələrini ləğv edib.
Vahid Milli Hərəkatın namizədi Əhməd İmamquliyev 47,9 faiz, onun rəqibi Gürcü Arzusundan olan Tamaz Naveriani 43,4 faiz səs toplayıb.
Namizədlər 50 faizlik həddi keçmədiklərinə görə, noyabrın 2-də ikinci tur keçiriləcək.