Əliyevin seçki tərəddüdü

ilhamaliyev-shekide1Qarşıdakı mərhələdə ölkə başçısını hansı çətinliklər gözləyir
Sentyabrın 26-da ölkədə Referendum keçirildi və hökumət “Konstitusiya əməliyyatı”nı başa çatdırdı. Əlbəttə, bu dəfəki səsvermə prosesi daha rüsvayçı formada baş tutdu və saxtakarlığın miqyası daha şəffaf şəkildə göründü. Amma həmişəki kimi xaqlın adından yüksək faizlə “hə” deyildi və MSK nəticələri təsdiqlədi. Referendumun hansı zərurətdən doğduğu, Konstitusiya dəyişkiliklərinin nəyə xidmət edəcəyi barədə geniş şərhlər verilib. Qısası budur ki, hökumət kəmərləri bərkitmək qərarına gəlib, qarşıdakı ağır vəziyyəti nəzərə alaraq prezidentin səlahiyyətləri artırılıb və ölkədə monarxiya qurulur. Yəni, bu Referendum dövlət və xalq maraqlarının deyil, rejim maraqlarının nəticəsi kimi ortaya çıxıb.
Amma bu yazının əsas məqsədi Referendumun nəticələrini təftiş etmək deyil. Məsələ burasındadır ki, Referendumdan sonrakı mənzərə hökumət mətbəxindəki qeyri-müəyyənliyi və tərəddüdü göstərir. Referendumdan əvvəl belə qənaət var idi ki, hökumət Referendumdan sonra növbədənkənar seçki keçirəcək. Bu barədə geniş müzakirələr gedirdi və tam da məntiqli görünürdü. Amma Referendumdan sonra səssizlik hökm sürür və seçkilərlə bağlı hər hansı təbliğat aparılmır.
Bəs, bu tərəddüd nə ilə bağlıdır və hökumət niyə prezident seçkilərinin vaxtını təyin etmir?
Böyük ehtimalla Əliyevin seçki tərəddüdü əsasən iki məqamla bağlıdır. 1. Bildiyiniz kimi Konstitusiya edilən dəyişikliklərdən biri də vitse-prezidentlik institutunun yaranması ilə bağlıdır. Deməli, prezident özünə vitse-prezidentlər təyin edəcək. Deməli, prezidentdən sonra bütün səlahiyyətlər birinci vitse-prezidentə veriləcək və bu adam faktiki olaraq ölkəyə rəhbərlik edəcək. Bu isə onu deməyə əsas verir ki, prezidentin kimliyi qədər, birinci vitse-prezidentin kimliyi də xarici və daxili qüvvələr üçün mühüm məsələdir. Çünki, birinci vitse-prezidentin kimliyi ölkənin xarici siyasət kursunun da taleyini həll edən məsələdir. Sabah prezident hər hansı səbəbdən fəaliyyət göstərmək imkanını itirsə, birinci vitse-prezidentin kimliyi xarici siyasətin hansı istiqamətdə aparılacağından xəbər verəcək. Yəni, birinci vitse-prezident təyin olunan kimi, bu adamın Qərbmeylli, yoxsa Rusiyameylli olması bilinəcək. Artıq xarici maraqlı qüvvələr də hökumətin hansı xətt tutduğunu, gələcəklə bağlı planların hansı istiqamətdə qurulduğunu aydın görəcək. Təbii ki, həm iqtisadi, həm siyasi vəziyyətin ağır olduğu bir vaxtda hansısa qüvvələri narazı salmaq, birmənalı mesaj vermək çox çətindir. Hökumət bu xamıdan da balans yaratmaq istəyir və hələ ki, bu balans tapılmayıb.
2. Əliyevlər hakimiyyəti dövründə regionçuluq ölkədə geniş yayılıb. Hər regionu təmsil edən liderlər, klanlar, qruplar var. Məsələn, Naxçıvan klanı, Qərbi Azərbyacan klanı, Qarabağ klanı və.s. Cəmiyyətdə də bu klanlar haqqında geniş məlumat var və kimin hansı klana mənsub olduğu sirr deyil. Belə çıxır ki, birinci vitse-prezident hansısa qrupun təmsilçisi olmalıdır. Başqa bir problem bundadır ki, bu kanların öz arasında da mübarizə gedir və klanlar daxilində qruplaşmlar yaranıb. Məsələn, Naxçıvan klanının biznes qruplaşması başqadır, siyasi qruplaşması başqadır. Yaxud, Qərbi-Azərbaycan klanının dünənə qədər başqa lideri var idi, bugün fərqli adamlar meydana çıxıb v.s
Bəli, Əliyevin tərəddüdü həm də hökumətdaxili qruplaşmalarla bağlıdır. Bir neçə nazir vəzifədən azad edilib, bir neçəsinin səlahiyyətləri alınıb və onsuz da daxildə bu nazirlərə bağlı qrupların narazılığı mövcuddur. Belə bir vəziyyətdə daxildə yeni cəbhələr açmaq, komandadaxili ziddiyyətləri gücləndirmək məqsədəuyğun deyil. Sözsüz ki, bütün qruplaşmalar birinci vitse-prezidentlik uğrunda mübarizə aparacaq və hər qruplaşma öz liderini vitse-prezident görmək istəyəcək.
Beləliklə, növbədənkənar prezident seçkilərinin keçirilməsinə həm daxili, həm da xarici amil əngəl törədir. Əliyev Referendumun keçirilməsindən məmnun olsa da, prosesin sonrakı mərhələsində çətinliyə düşüb. Əliyevin kimə “stavka” edəcəyi, hansı xarici qüvvələrin könlünü oxşayacağı yaxın gələcəkdə məlum olacaq. Nə qədər tərəddüd edilsə də qərar vermək lazım gələcək.

Akif