Pimco: Fed 2017-nin sonuna qədər 2 -3 dəfə faiz artıra bilər

fedPacific Investment Management Co. (Pimco), ABŞ Mərkəzi Bankı Fed-in 2017-ci ilin sonuna qədər iki – üç dəfə faiz artırımına gedə biləcəyi barədə proqnoz verib. ABŞ Xəzinə istiqrazları, neft qiymətlərinin qalxmasından sonra sərt düşüb.

“Marja” xəbər verir ki, Pimco, Bazar ertəsi günü Twitter hesabından verdiyi açıqlamada, yüksək iqtisadi artım və inflyasiyanın mərkəzi bankı pul siyasətini sərtləşdirməyə yönəldəcəyini qeyd edib. Dünyanın ən böyük istiqraz fondunu idarə edən Pimco (baş ofisi Kaliforniyada Newport Beach-də yerləşir) bu açıqlamanı, yüksələn neft qiymətlərinin ABŞ-da inflyasiyanın sürətlənəcəyi fərziyyəsini gücləndirməsindən sonra edib.

Fed-in faiz artırmağa hazırlaşması, ABŞ Xəzinə istiqrazlarını dünyanın ən pis performans göstərən dövlət istiqraz vərəqələrinə çevirib. ABŞ-ın 10 il və daha uzun müddətli istiqraz vərəqələri son üç ayda 5.8 faiz ucuzlaşıb  və Bloomberg və European Federation of Financial Analysts Socities-in təqib etdiyi 144 istiqraz indeksi arasında ən çox itirən qrup olub.

Tokioda “Sumitomo Mitsui Trust Asset Management”in istiqraz sərmayəçisi Hideaki Kurik, “ABŞ Xəzinə istiqrazlarının faizləri yəqin ki, daha da yüksələcək. Fed faizi Dekabr ayında 25 bənd artıracaq. Neft qiymətləri yüksəlir. İstiqraz faizləri iqtisadiyyatdakı yumşalma ilə 2017-də geri çəkilə bilər” şəklində fikir bildirib.

ABŞ-ın 10 ilik Xəzinə istiqrazlarının faizi beş bənd artaraq Tokio saatı ilə 10:40-da 1.77%-ə yüksəlib. Qərbi Texas nefti (WTI) Bazar ertəsi günü 3.1 faiz artaraq barreli 51.35 dollar ilə 2015-ci ilin İyul ayından bu yana ən yüksək səviyyəsindən bağlanıb.