Nazarbayev Ermənistana səfər etməmək üçün “xəstələnib”

nazarbayevQazaxıstan prezidenti Nursultan Nazarbayev Ermənistana getməmək üçün özünü xəstəliyə vurub. Bu sensasion məlumatı “Reuters” agentliyi yayıb. Nazarbayevin ofisinin yaydığı məlumatda bildirilir ki, Qazaxıstan prezidenti soyuqdəymədən müalicə olunur. Dərhal belə fikirlər yayıldı ki, bu “diplomatik xəstəlikdir”. Məsələ burasındadır ki, Qazaxıstan qanunvericliyinə görə prezidentin sağlamlıq məsələsi dövlət sirri hesab olunur. Qazax politoloq Aydos Sarım hesab edir ki, bunda məqsəd Ermənistanda keçiriləcək tədbirdə iştirak etməməkdir. Nazarbayev oktyabrın 13-də Ermənistana səfər etməliydi. Ermənistanda Kollektiv Təhlükəsizlik Müqaviləsinə daxil olan ölkələrin rəhbərlərinin iştirakı ilə yüksək səviyyəli görüş keçirilməli idi.

Qazaxıstan və Ermənistanın münasibətləri Azərbaycanla Ermənistan arasında aprelin əvvəlində baş verən döyüşlərdən sonra gərginləşib. Qazaxıstan Avrasiya İqtisadi İttifaqının Ermənistandakı toplantısının başqa ölkədə keçirilməsini təklif etmişdi.