Ərdoğan Putin razılaşması TANAP-a problem yaradacaq

tanapNemət Əliyev: «Cənub Qaz Dəhlizi layihəsinin gerçəkləşməsi dalana dirənib»

Qubad İbadoğlu: “Rusiya bu layihənin baş tutmaması üçün çalışacaq”

Rusiya və Türkiyə oktyabrın 10-da qaz sahəsində bütün mübahisəli və həll edilməmiş məsələlərin tənzimlənməsində irəliləyib. Energetika nazirləri “Türk axını” üzrə hökumətlərarası saziş imzalayıb.

Prezidentlər Vladimir Putinin və Ərdoğanın iştirakı ilə sazişi Rusiya energetika naziri Aleksandr Novak və Türkiyənin energetika və təbii ehtiyatlar naziri Berat Albayrak imzalayıb.

Putinin sözlərinə görə, Moskva və Ankara qazın qiymətində ucuzlaşma barədə razılığa gəliblər. Ərdoğan isə öz növbəsində qeyd edib ki, “Türk axını” üzrə işlər sürətləndiriləcək.

Saziş Qara dənizin dibi ilə qaz kəmərinin iki qolunun çəkilməsini nəzərdə tutur. Onların hər birinin gücü 15,75 mlrd kubmetr olacaq. Bunlardan biri Türkiyə bazarına, digəri Avropaya tranzit üçündür.

Sənədə əsasən, dəniz hissəsi 2019-cu ilin dekabrına kimi tikilməlidir.

Energetika naziri Aleksandr Novak deyib ki, kəmərin quru hissəsi Türkiyə şirkətinin, dəniz hissəsi Rusiya şirkətinin olacaq. “Rusiya dəniz hissəsini tikəcək, quru hissəsini isə Türkiyə şirkəti, yəqin ki, Botas tikəcək”, -deyə TASS agentliyi sitat gətirir. İkinci qol üçün birgə müəssisə yaradılacaq.

“Türk axını” Rusiyadan Türkiyəyə qaz kəməri çəkilməsini nəzərdə tutur. O, Anapadan Qara dənizin dibi ilə Türkiyənin Avropa hissəsində Kıyıköyə, sonra Türkiyə-Yunanıstan sərhədində İpsalaya çatacaq. Qaz kəmərinin dəniz hissəsi köhnə “Cənub axını” dəhlizi ilə 660 km uzanacaq, 250 km yeni dəhlizlə Türkiyənin Avropa hissəsində olacaq. Kəmərin quru hissəsi 180 km olacaq, Türkiyənin Qara dəniz sahilindən Türkiyə-Yunanıstan sərhədinə çəkiləcək. Boru kəmərinin iki xəttinin qiyməti 6 mlrd avro qiymətləndirilir.

Bəs, Rusiya-Türkiyə yaxınlaşmasının Azərbaycan təsirləri necə ola bilər? Çünki bu layihə Azərbaycanın Cənub Qaz Dəhlizi layihəsi (TAP və TANAP) layihəsinə əsas rəqib sayılır.

nemet-eliyev1

İqtisadçı Nemət Əliyev əsas diqqəti ona yönəltdi ki, hazırda Cənub Qaz Dəhlizi layihəsinin reallaşması ciddi sual altındadır. Çünki Dövlət Neft Fondunun bu il üçün nəzərdə tutulan xərclərinə nəzər salsaq, o zaman məlum olacaq ki, NF-nin ən böyük xərc maddəsi Cənub Qaz Dəhlizi layihəsinin reallaşmasıyla bağlıdır. Bu istiqamətə 1.7 milyard vəsaitin ayrılması nəzərədə tutulmuşdu: «Amma biz altı aylıq dövrün xərclərinə nəzər yetirsək, o zaman məlum olacaq ki, həmin vəsaitlərin çox az bir hissəsi konkret məqsədlər üçün yönəlib. O zaman belə çıxır ki, Cənub Qaz Dəhlizi layihəsinin gerçəkləşməsi dalana dirənib. Yəni Azərbaycan layihə ilə bağlı üzərinə düşdüyü öhdəlikləri icra edə bilməyib. İlin sonuna az müddət qalıb. Baş verənlər layihənin gerçəkləşməsinin çətinləşdiyinin əlamətidir».

N.Əliyev bildirdi ki, Rusiya «Cənub axını» layihəsinin reallaşması istiqamətində ciddi səylər göstərir. Rusiyanın bu istiqamətdə çox ciddi çalışmaları varkən, Azərbaycanın layihəsi Kremlə ciddi rəqib ola bilməz.

qubad-ibadoglu

İqtisadçı ekspert Qubad İbadoğlu ölkə.az-a bildirib ki, “TAP və TANAP layihəsi davam edəcək. TANAP və “Türk axını” layihələri rəqib layihələrdir. Hər iki layihə eyni hədəflə, eyni bazara çıxmağı planlayır. Sadəcə olaraq hər iki layihə arasında rəqabət var. Ancaq bütövlükdə Azərbaycanın layihəsinin dayanması və layihənin aktuallığını itirməsinə əsaslar yoxdur: «Təbii ki, TANAP layihəsi Rusiyanın maraqlarına uyğun deyil. Rusiya bu layihənin baş tutmamasında lazımi səviyyədə fəaliyyət göstərəcək. Çünki TANAP layihəsi Rusiyanın qaz bazarına alternativdir. Bu da Rusiyanın maraqlarına cavab vermir. İndiki halda bu layihənin dayandırılması, baş tutmaması üçün Rusiya istənilən addımı atacaq. Çünki proseslər müəyyən qədər davam edib və şimal qonşumuz indiki mərhələdə bu layihə üçün ciddi əngəl yaratmaq gücünə malik deyil”.

Türkmənistan qazının TANAP layihəsinə qoşula biləcəyi məsələsinə gəldikdə iqtisadçı ekspert bildirdi ki, hələ bu barədə danışmaq çox tezdir:

“Türkmənistan qazının Cənub Qaz Dəhlizi ilə göndərilməsi bütövlükdə bu layihənin əhəmiyyətini artıra bilər”.

Xəyal