Devalvasiyadan sonra psixi problemi olan kişilərin sayı 30-40 faiz artıb
Artıq xeyli müddətdir ki, “devalvasiya” sözü Azərbaycan xalqının dilinin əzbərinə çevrilib. Ona görə yox ki, bu termin xoşlarına gəlir, ona görə ki, iki dağıdıcı devalvasiya xalqın belini qırdı. Onsuz da kredit faizləri altında əzilən, zəruri ehtiyaclarını ödəyə bilməyən insanlar, devalvasiyadan sonra daha da yükləndilər. Hər devalvasiyadan sonra hökumət vətəndaşalrı özbaşına buraxdı, qiymət artımları baş verdi, kredit borcu olanlar məhkəməylə hədələndi və.s
Faktiki olaraq hökumət məqsədli şəkildə vətəndaşı əjdahanın önünə atdı. Həm də bu əjdahanı yaradan hökumət özü oldu və bugün də insanlar devlavasiya şokundan çıxa bilmir. Amma devalvasiyadan iri məmur bankları, xüsusən hakim ailəyə yaxın banklar böyük pullar qazandı.
Hələ ilk devalvasiyadan sonra yazırdıq ki, bu “gecə qarəti” insanları ağır vəziyyətə salacaq, intihar həddinə çatdıracaq və hökumət təcili addımlar atmalıdır. Amma cəmiyyətdən gələn həyəcan siqnalları hökuməti qətiyyən tərpətmədi.
İndi isə devalvasiyanın cəmiyyətdə yaratdığı dəhşətlər rəsmən etiraf edilir, statistikada öz əksini tapır.
Səhiyyə Nazirliyi Psixi Sağlamlıq Mərkəzinin direktor müavini Rüstəm Salayev deyib ki, devalvasiyadan sonra psixoloji müayinə üçün mərkəzə müraciət edən kişilərin sayında 30-40 faiz artım qeydə alınıb.
Onun sözlərinə görə, son zamanlar daha çox gənclər, xüsusilə 25-30 yaşlı şəxslər mərkəzə müraciət edir: “Onların həyat tərzi ilə bağlı stress keçirdiklərini güman edirik. Sonuncu iqtisadi böhran vəziyyətindən sonra bu hal daha da artıb. Depressiyada olanların demək olar ki, 20 faizi intihar etmək barəsində fikirlərşir”.
Devalvasiyadan sonra vəziyyət o qədər kəskin pisləşib ki, hər kəs bunun səbəbini aydın görə bilir. Bu mənada həkimlər də insanların psixi vəziyyətinin bu qədər pisləşməsini yalnız bu amillə əlaqələndirir. Dollarla krediti olan adamlar ikiqat, üçqat borc ödəməlidir. Bankda manatla pul saxlayan adamlar bir ilin içində 110 faiz pul itirib. Bahalaşma, ailə qayğıları insanları bezdirib. Yekunda bu qədər ağır problemlər psixi pozğunluq yaradır, intihar həddinə çatdırır.
Hökumət bu hallardan nəticə çıxarmalıdır. İnsanların psixikasının pozulmasının, intihar etməsinin birbaş məsuliyyəti hakimiyyətin üzərindədir. Hakimiyyət milyardları mənasız layihələrə xərcləyir, amma vətəndaşı bank asılılığından xilas etmək üçün heç bir addım atmır. Avropa çempionatına xərclənən pullarla, dolarla krediti olanlara dəyən zərəri ödəmək olardı. Yaxud, “Formula-1” yarışlarına xərclənən 100 milyon dollarla təhsil haqqını ödəyə bilməyən 17000 tələbənin problemini həll etmək olardı, gənc ailələri evsizlik dərdindən xilas etmək mümkün idi.
Xülasə, 150 milyard neft pulunu talan etdikdən sonra da kifayətlənməyiblər. İndi də insanların əsəb sistemini talan edirlər.

Hökumət vətəndaşı necə intihara sürükləyir?
•