Gültəkin Hacıbəyli: “Azərbaycana böhrandan çıxması üçün lazım olan vəsaitin verilməsi indiki situasiyada mümkün görünmür”
Maliyyə naziri Samir Şərifovun başçılıq etdiyi nümayəndə heyəti “Cənub” qaz dəhlizi layihəsinin maliyyələşdirilməsi üzrə danışıqlar üçün ABŞ-a gedib.
Maliyyə Nazirliyi mətbuat xidmətinin məlumatına görə, Dövlət Neft Fondu və “Cənub Qaz Dəhlizi” QSC-nin nümayəndələrindən ibarət heyət oktyabrın 7-də oktyabr Vaşinqtonda Beynəlxalq Valyuta Fondu (BVF) və Dünya Bankında danışıqlar aparıb.
Mənbənin məlumatına görə, danışıqların mövzusu sözügedən maliyyə qurumlarının “Şahdəniz” qaz-kondensat yatağının istismarının ikinci mərhələsinin işlənməsində iştirakının mümkünlüyü olub.
“Cənub” qaz dəhlizi” layihəsinin həyata keçirilməsi ilə bağlı ABŞ hökumətinin dəstəyinin Azərbaycanda yüksək qiymətləndirildiyi qeyd olunub.
Həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər üzrə beynəlxalq maliyyə təşkilatları çərçivəsində sıx əməkdaşlıq ətrafında müzakirələr aparılıb.
Xatırladaq ki, “Cənub” qaz dəhlizi layihəsi Xəzər yataqlarından Azərbaycan vasitəsilə Avropaya qaz nəqlini nəzərdə tutur.
Amma S.Şərifovun ABŞ-da olduğu bir zamanda öılkə daxilində cərəyan edən proseslər, məmurların və ölkənin birinci şəxsinin timsalında verilən bəyanatlar maraq doğurur. Maliyyə böhranı ilə üzləşən Azərbaycan vəziyyətdən çıxmaq üçün Qərbdən maliyyə cəlb etməyə çalışır. Amma bu maliyyənin əldə olunması üçün Azərbaycan gərək Qərbin bir sıra siyasi və iqtisadi tələblərini yerinə yetirsin. Bu tələblər əsasən iqtisadi və məhkəmə sektorunda islahatların aparılmasını, şəffaflığın təmin edilməsini özündə ehtiva edir. Digər tərəfdən İlham Əlieyvin son müşavirədə açıq mətnlə Qərbi hədəf seçməsi və bəyan etməsi ki, “biz niyə Avropaya inteqrasiya etməliyik” Qərbdən maliyyə alınmasını bir qədər qəlizləşdirir.
Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəylinin fikrincə, Qərbin Azərbaycana ciddi maliyyə dəstəyindən söhbət gedə bilməz. G.Hacıbəylinin sözlərinə görə, BVF, Dünya Bankı kimi mötəbət maliyyə qurumları hər hansı ölkəyə maliyyə dəstəyi irəli sürərkən ciddi tələblər irəli sürürlər. Adətən bu maliyyə dəstəyi ciddi islahat paketi ilə birgə ölkəyə təqdim olunur: “Ukraynanın timsalında görə bilərik ki, Qərbdən alınan hər yeni tranşla paralel ölkəyə qarşı yeni islahatlar tələbi irəli sürülür. İslahatların gedişi ilə bağlı hətta Qərb institutları tərəfindən açıq, sərt tənqidlərin də şahidi oluruq. Yəni iflas həddinə gətirilmiş Azərbaycan iqtisadiyyatının xilası üçün 10 milyardların alınmasından söhbət gedə bilməz. Söhbət xırda məbləğli dəstəkdən gedə bilərik ki, bu da Qərbin Azərbaycanın siyasi hakimiyyəti ilə bütün əlaqələri qırmamaq məqsədilə, hansısa siyasi dialoq saxlamaq üçün edilir. Məsələn, bir müddət əvvəl Avropa Birliyinin bir neçə milyonluq yardımıyla bağlı informasiya yayıldı. Amma geniş anlamda Azərbaycanın düşdüyü dərin sosial-iqtisadi böhrandan çıxması üçün lazım olan 15-20 milyardlıq vəsaitin verilməsi indiki şərtlər daxilində, indiki situasiyada mümkün görünmür. Bu gün Azərbaycan-Qərb münasibətləri daha çox beynəlxalq situasiyanın diqqtəsi ilə formalaşır. Azərbaycanda iqtisadi vəziyyət həddsiz ağırdır. Ölkə iqtisadiyyatı batır, bank sektoru iflas edib. Ölkədə istehsal kəskin azalıb. İnsanlar ən zəruri ərzaq məhsullarının istehlakını belə azaldıblar. Ölkənin vəziyyəti çox ağırdır. Belə bir vəziyyətdə Azərbaycanın siyasi hakimiyyəti Qərblə çox sərt danışır, Qərbdən asılı olmadığını bildirir. Bu əsla Azərbaycanın daxilindən qaynaqlanan situasiya deyil. Əksinə Azərbaycanın daxilində situasiya həddsiz dərəcədə ağırdır”.
G.Hacıbəylinin fikrincə, Rusiyanın özünü Ukraynada, Suriyada bir qədər sərt aparması ABŞ və Avropanın başının qarışıq olmasıyla bağlıdır. Hazırda ABŞ-da seçki dönəmi, Avropada isə referendumdan sonra siyasi proseslər yaşanır. Ona görə Rusiyanın avantürist addımları Moskvaya yaxın olan rejimləri də müəyyən mənada ürəkləndirib. “Amma bütün bunlar müvvəqəti addımlardır. Putin nə qədər sərt addımlar atsa da, sərt görünməyə çalışsa da bunun arxasında real, güclü iqtisadiyyat yoxdur. Əksinə Qərb kifayət qədər resurslara sahibdir. Bu qeyri-müyyənlik ABŞ-da prezident seçkiləri bitənə qədər davam edə bilər. Seçkilərdən sonra böyük ehtimal ilə Klintonun qələbəsiylə bu seçkilərə son qoyulacaq”, deyə G.Hacıbəyli bildirdi.
Xəyal