İlham Əliyevin “zərər”i, zərərli siyasət və ondan da zərərli olan

aqil-meherremovAqil Məhərrəmov

Yəqin ki, hamımız ölkə prezidenti İlham Əliyevin müşavirədəki çıxışını izləmişik. Çıxışda toxunulmalı olan xeyli məsələlər var. Amma ən əsas fikirlərdən biri İlham Əliyevin “alternativ siyasət zərərlidir” fikridir. Bu fikir özlüyündə çox məsələnin cavabıdır.

Öncə aydınlaşdıraq ki, indiki şəraitdə alternativ siyasət nədir? Alternativ siyasət uğursuz siyasətin əvəzlənməsi, axsaqlığın aradan qaldırılmasıdır. Hazırki böhranı hər birimiz cibimizdə, soyuducuda, mədəmizdə açıq aşkar hiss edirik. 2017-ci ilin dövlət büdcəsi ötən ilin büdcəsinə nisbətən 2,5 dəfə kiçilib. Üstəlik hökumət gələn il dövlət zəmanəti ilə 6 milyard dollar (10 milyard manat) həcmində borca girməyə çalışır.

Yeni büdcədən 1,9 milyard dollar əsaslı vəsait qoymağı planlaşdırırlar ki, bu da ötən illə müqayisədə 78 faiz azdır. İllərdir hərbi büdcəmiz Ermənistanın büdcəsindən çoxdur deyib öyünürdülər. Yeni büdcədən hərbiyə ayrılan xərclər ötən ilin büdcəsinə nisbətən 27 faiz azdır. Bu müqayisələri uzatmaq olar. Geriləmə bütün sahələri hörümçək toru kimi cənginə alıb.

İllərdir manat dünyanın ən etibarlı valyutasıdır deyirdilər. Neftin 100 dollardan baha satıldığı zamanlarda manatı stabil saxlamaq üçün milyardlar xərcləyirdilər. Manatın stabil saxlanılmasının arxasında güclü iqtisadiyyat dayanmırdı. Elə bilirdilər ki, dövran belə gəlib, belə də gedəcək. Bir dəfə tədbirlərin birində İlham Əliyev də dedi ki, “bu vəziyyətə hazır deyilik, düşünürdük neftin qiyməti hələ 30 il düşməyəcək”. Neftin qiyməti düşən kimi analaoqsuz inkişaf kəllə-mayallaq olub gəldi üzü aşağı. İki il ərzində bütün rezervlər əriyib tükəndi.

Ölkənin bank sistemi demək olar ki, sıradan çıxıb. Banklar sanki bağlanmaq üçün bir-biri ilə rəqabətə girib. Problemli iri kreditlərin həcmi 10 faizi üstələyib. İndi oturub düşünüblər ki, pambıqçılığa, baramaçılığa, tütünçülüyə sərmayə yatırmaqla böhrandan çıxmaq olar.

Neft pullarının ölkəyə sel kimi axdığı bir vaxtda alternativ siyasət yürüdüb, ölkə iqtisadiyyatına sərmayə yatırmayanlar, manatı milyardlar hesabına deyil, güclü iqtisadiyyat hesabına ayaqda tutmağa çalışmayanlar, fermerlərə yüksək faizlə kredit verənlər, təhsil haqqını hər il daha da artırıb təhsili məhv edənlər, ölkədə saxta dərman bazarı yaradanlar inanın ki, neft yenidən qalxıb 150 dollar olsa, yenə bu problemlərin aradan qaldırılması üçün heç bir səy göstərməyəcəklər.

Bütün bu sadalanan sahələrin inkişafı normal ölkələrdə, xalq hakimiyyətinin hakim olduğu dövlətlərdə qətiyyən alternativ siyasət predmeti deyil. Bu sahələrin inkişafı orada dövlət siyasətidir. Alternativ siyasət isə bu sahələrin fərqli və sürətlə inkişafı yolunda ola bilər ancaq. Təəssüf ki, bizim ölkəmizdə çapıb talamaq siyasətdir, ölkənin inkişafı üçün çalışmaq isə zərərli alternativ siyasət hesab edilir.

Hökumətin zərəli deyib dad etdiyi alternativ siyasətin kökündə ciddi islahatlar dayanır. Bu fikrin israrla səsləndirilməsi isə təsadüfi deyil. Bilirsiniz ki, hökumət Beynəlxalq Valyuta Fonduna, Dünya İnkişaf Bankına, Avropa İnkişaf Bankına milyardlarla dollar dəyərində kreditlər üçün müraciətlər edib. Çünki hazırda bu kreditlərə hava-su kimi ehtiyacları var. Amma geri addım atmaq kimi bir niyyətlərinin olmadığını da indidən vurğulayırlar. Anlayırlar ki, heç kim əsaslı islahatlar olmadan kredit verməyə isti yanaşmır. Əsaslı islahatların başında isə siyasi azadlıqların təmin edilməsi, iqtisadi azadlıqların verilməsi, korrupsiyaya qarşı ciddi mübarizə aparılması, müstəqil məhkəmələrin formalaşdırılması, monopoliyaların ləğv edilməsi dayanır. Əlbəttə ki, bütün bunlar ölkəni illərdir talayanlar üçün zərərli siyasətdir.

Öz hakimiyyətini rəqiblərini sıradan çıxarmaq üzərində quran hökumətə müstəqil məhkəmə sistemi niyə zərəli olmasın ki? Bəs, o zaman şərlənən müxalifətçilərə kim hökm oxusun? Siyasi azadlıqların mövcud olması niyə zərərli siyasət olmasın ki? Axı o zaman gərək müxalifətçilər televiziyalarda çıxışlar etsin, istədikləri yerlərdə mitinqlər keçirsin, etdikləri tənqidlərə görə təqib və təziqlərə məruz qalmasın. Monopoliyalar niyə ləğv olunsun? Bəs o zaman hamı ölkəyə istədiyi qiymətə, istədiyi məhsulu gətirəcək, rəqabətlilik yaranacaq, qiymətlər ucuzlaşacaq axı. Belə olan halda ölkədə bütün sahələrə, iş adamlarına nəzarət əldən çıxacaq. Katastrofik gömrük gəlirləri birbaşa ciblərinə axır. Sizcə, o gəlirlərdən məhrum olmaq zərərli siyasət deyil?

Xalqın rifahı, ölkənin inkişafı üçün həyata keçirilən siyasətlər hər zaman avtoritarizmlərdə zərərli siyasət hesab olunur. Onların cibinə dəyən bir qəpik ziyan, hakimiyyətləri üçün təhlükəli hesab etdikləri bütün siyasətlər zərərlidir. İndi siz deyin, xalqın rifahı üçün atılan addımları zərərli hesab edən hökumətlərmi daha zərərlidir, yoxsa ölkəni çapıb-talayan hökumətin bu davranışlarına susmaqmı?