Elxan Şahinoğlu: “Bu o deməkdir ki, Azərbaycanda bu işlə məşğul olanlar Türkiyəyə bəllidir”
Türkiyənin Yarğıtay Başsavcılığı (ali ədliyyə orqanı) Fətullah Gülən təriqətinin fəaliyyəti ilə bağlı Azərbaycan Baş prokurorluğuna təriqətin fəaliyyətinə dair bütün detalların yer aldığı dosye göndərib.
Bu barədə Türkiyənin “Sabah” qəzeti məlumat yayıb. Məlumatda vurğulanır ki, Yarğıtay Başsavcılığı FETÖ ilə bağlı təhqiqat başladan Azərbaycan Baş Prokurorluğuna təşkilatla bağlı detallı dosye ünvanlayıb. Dosyedə FETÖ-nün TANAP kimi enerji layihələrini necə hədəfə aldığını göstərən MİT (Milli Təhlükəsizlik Təşkilatı) hesabatı da var.
Qəzetin yazdığına görə, Azərbaycan Baş Prokurorluğu məsələ ilə bağlı Türkiyənin Yarğıtay Başsavcılığı ilə əməkdaşlıq edir və ondan FETÖ işi ilə bağlı sənədlər istəyib.
Öz növbəsində Yarğıtay Başsavcılığı da Türkiyədə bu iş üzrə təhqiqat aparan bütün dövlət orqanlarına müraciət edərək onlardan Azərbaycan tərəfinə təqdim etmək üçün məlumat və sənədlər tələb edib. Ankara, İstanbul və İzmir Baş prokurorluqları daxil olmaqla Türkiyənin ədliyyə qurumlarından gələn məlumat və sənədlər Yargıtay Başsavcılığında toplanıb.
Bəs, Türkiyənin ünvanladığı ətraflı müraciətin sonu necə olacaq? Azərbaycan tərəfi bu istiqamətdə araşdırma başladacaqmı?
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu bildirdi ki, Azərbaycan tərəfi əslində Türkiyəyə müraciət edərək FETÖ ilə bağlı sənədləri onlara təqdim etməyi istəmişdi. Eyni zamanda R.Usubovun səfərini xatırladan E.Şahinoğlu bildirdi ki, həmin səfərdə nazir Azərbaycanın FETÖ-ya qarşı mübarizədə Türkiyəyə dəstək verdiyini bəyan etmişdi: “Hazırda bu dəstəyi göstərməyin zamanıdır. Yəqin ki, birgə komissiya qurularaq bu işlərin yoluna qoyulmasına çalışılacaq. Bu o deməkdir ki, FETÖ-ya qarşı birgə mübarizə var və Azərbaycanda bu işlə məşğul olanlar Türkiyəyə bəllidir. FETÖ-nun əngüclü dayaqlarından biri məhz Azərbaycanda idi. Ona görə Türkiyənin bununla bağlı arqumentləri də güclü olmalıdır”.
Xəyal