Əliyev Putindən “İsgəndər” raketləri barədə niyə soruşmadı?

 

gultekin-hacibeyli1Gültəkin Hacıbəyli: “Rusiyanın Ermənistana “İsgəndər” raketlərini verdiyi bir zamanda Kerrinin hədəf almaq, yalnız hakimiyyətin “maraqlarına” uyğundur”

 

Son günlər hakimiyyət mətbuatında ABŞ-ın dövlət katibi Kerri yenə hədəf seçilib. Səbəb isə çox sadədir. ABŞ dövlət katibinin Qarabağ münaqişəsiylə bağlı reallıqları, həqiqətləri dilə gətirməsi. Xatırladaq ki, Kerri Qarabağ münaqişəsinin hazırda həllinin mümkün olmadığını demişdi.

Prezidenti Administrasiyası rəhbərinin müavini Novruz Məmmədovun səsləndirdiyi fikirlər də hakimiyyətin bunu məqsədyönlü şəkildə etdiyini deməyə əsas verir. N.Məmmədov bildirib ki,

Kerrinin Qarabag münaqişəsinin həlli ilə bağlı verdiyi bəyanat Azərbayacnı həddindən çox təəcübləndirir və məyus edir: “Biz düşünürük ki, bu gün dünyada bütün proseslərdə iştirak edən, bütün proseslərə özünün tövhəsini verməyə sanki çalışan super dövlətin vəzifədən getmə ərəfəsində olan bir rəsmisinin belə bir bəyənat verməsi çox məyusedici və təəcübləndiricidir”.

Amma nədənsə diqqət Rusiyanın Ermənistana verdiyi 4 İsgəndər raket kompleksindən yayındırılır. Dövlət başçısı İlham Əliyev bu gün Rusiya prezidenti Putini ad günü münasibətiylə təbrik etmək üçün onunla telefon əlaqəsi saxlanılıb. Amma hazırda Azərbaycanın milli təhlükəsizliyinə təhdid olan Rusiyanın ötürdüyü İsgəndər raketləriylə bağlı sual verilməyib. Kerriyə hücumun bəlkə də elə bir məqsədi diqqəti bu məqamdan yayındırmaqdır.

Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəyli bildirdi ki, əslində hakimiyyətin davranışı anlaşılandır. Çünki hakimiyyət sosial-iqtisadi sahədə çox böyük problemlərlə üzləşib. Ölkəni hazırda bürüyən böhranın səbəbinin yürüdülən yanlış siyasət olduğunu düşünən G.Hacıbəyli vurğuladı ki, ölkəni iflasın astanasına çatdıran iqtidar xalqın narazılığını gözəl bilir: “Sosial-iqtisadi vəziyyət fəlakət həddinə çatıb. Bu proses qarşısıalınmaz bir prosesdir. Hamıdan gec olsa da iqtidar özü də bu prosesin qarşısının alınmaz olduğunu anlayır. Bu da təbii ki, sistemli yanaşmanın olmaması, idarəetmə böhranıyla bağlıdır. Bütövlükdə sistem dəyişməyincə vəziyyətdən çıxış yolları görünmür. Belə olan halda insanların vətənpərvərlik hissini istismar etmək, onlar üçün ən həsas mövzu olan Qarabağ mövzusunu istismar edərərk, sosial problemləri arxaya keçirmək hakimiyyət üçün sanki xilas yolu kimi görünür. Bu dəfələrlə sınaqdan keçirilmiş metoddur. Biz gördük ki, böhranın ən ağır dövründə mart-aprel ayında belə insanlar işsizliyi, yoxsulluğu unudaraq Qarabağa kökləndilər. Qarabağ məsləsi ölkə üçün prioritetə çevrildi. Bunları nəzərə alaraq hakimiyyət həmişə Qarabağ kartından rezerv kimi istifadə edir”.

G.Hacıbəylinin sözlərinə görə, artıq vəziyyət o qədər acınacaqlıdır ki, Qarabağ kartından əvvəlki kimi istifadə etmək iqtidar üçün çox çətindir. 2017-ci ilin büdcəsində Azərbaycanın hərbi xərclərinin əhəmiyyətli dərəcədə azaldığını deyən G.Hacıbəyli vurğuladı ki, artıq Azərbaycan hərbi büdcəsinin Ermənistanın dövlət büdcəsi qədər olmasıyla öyünə bilmir. Əksinə Azərbaycan bu istiqamətdə Ermənistandan artıq geri qalır: “Rusiyanın Ermənistana İsgəndər raketlərini təmənassız verməsi Azərbaycan üçün ciddi bir təhdiddir. Belə bir vəziyyətdə dünyanın super gücünün rəsmi təmsilçisi Kerrinin açıq şəkildə “Qarabağın həllinin hazırda mümkün olmadığını” qeyd etməsi təbii ki, Azərbaycan hakimiyyətinin maraqlarına bir zərbədir. Çünki bu bəyanatdan sonra məlum olur ki, əgər bu münaqişənin həllində ABŞ hər hansı irəliləyiş duymursa, hər hansı uğurdan söhbət gedə bilməz. Bu həm də Azərbaycan siyasi hakimiyyətinin Rusiya ilə olan əlaqələrinin mahiyyətinə güzgü salan açıqlamadır. Hakimiyyət Ermənistana bu qədər təmənasız hərbi dəstək verən Rusiyaya qarşı reveranslar edir. Amma Azərbaycanın ərazi bütövlüyünü həmişə tanıyan ABŞ-ın dövlət katibinə qarşı bu cür aqressiv münasibət var. Bütün bunları Azərbaycan hakimiyyətinin üzləşdiyi problemlərlə izah etmək olar. Bu vəziyyət hər ötən gün daha da ağırlaşmaqdadır”.

 

Hikmət