Qəpik-quruşun izinə düşən prokurorluq, göz deşən faktları niyə izinə düşə bilmir?
Bugünlərdə Azərbaycan Respublikasının Baş Prokuroru Zakir Qaralov jurnalistlərin MTN işiylə bağlı suallarını cavablandırıb. Eldar Mahmudovun niyə həbs olunmaması ilə bağlı suala Zakir Qaralov belə cavab verib: “ Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları haqqında Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində bu gün də istintaq davam edir. Bütövlükdə istintaq 280 epizod üzrə aparılır. Artıq bilirsiniz ki, həmin cinayət işlərindən biri məhkəməyə göndərilib, digərləri üzrə istintaq davam edir. İstintaqın sonunda kimin həbs olunub-olunmayacağı bəlli olacaq. Prokurorluq orqanlarının ümdə vəzifələrindən biri də vətəndaşlarımızın ərizə və şikayətlərinin baxılmasıdır. Müraciətlər araşdırılır, müvafiq tədbirlər də görülür. Kimin məsuliyyəti varsa, o, məsuliyyətdən kənarda qalmayacaq”.
Məsələ burasındadır ki,Eldar Mahmudovun vəzifədən azad edilməsindən az qala 1 il ötür və hələ də cinayətkarları müəyyən etmək mümükün olmayıb. 280 epizod üzrə araşdırma aparılır, amma heç 28 adam məsuliyyətə cəlb olunmayıb. Üstəlik, Maliyyə Nazirliyi də Baş Prokurorluğa xeyli sayda qanun pozuntuları ilə bağlı sənədlər təqdim edib.
Necə olur ki, hansısa QHT-nin fəaliyyətində qəpik-quruşun izinə dərhal düşmək olur, amma 1 ilə yaxındır ki, MTN işinin araşdırılması yekunlaşmır. MTN işində prokurorluq əməkdaşlarından tutmuş, məhkəmə hakimlərinə qədər hər kəs ittiham edilir.
Amma Hesablama Palatasının hesabatlarındakı qanunsuzluq faktlarından tutmuş, MTN işindəki cinayət faktlarına qədər bütün hallar cəzasız qalıb. “Azadlıq”ın maliyyə direktorunu heç bir araşdırma olmadan, heç bir ağlabatan ittiham olmadan həbs edə bilirər, amma MTN işinin araşdırılmasını başa çatdırmaq mümkün olmur. MTN işinin əsas “qəhrəman”ı isə hələ də azadlıqda gəzir. İstintaq dövründə bu adamların həbsdə saxlanmasına ehtiyac duyulmur, amma hansısa müxalifətçi qatıq bankası qıranda da haqqında həbs qətimkan tədbiri seçilir.
Xülasə, bu qədər qanunsuzluq faktları meydan sulasa da, heç bir real iş görülmür. 280 iş üzrə istintaq aparılır, amma hələ də həbs olunan yoxdur. Razılaşdırılmış mitinqə getdiyinə görə 170 cəbhəçinin “iz”inə düşənlər, bu qədər rəngarəng cinayətlərin izini tapa bilmir.
Axı, Zakir Qaralov nəyi gözləyir? Bu necə istintaqdır ki, epizodlarının sayı çox, nəticə isə yoxdur? Nə hikmətdirsə, bu ölkədə prinsipial işlərin istintaqı illərlə davam edir, nəticədə isə nəticəsizlik hasil olur. Görəsən, bu məhşur MTN işinin istintaqı nə vaxt yekunlaşacaq?
Akif