Xaricdə milyonlar xərcləyənlər, xaricdə təhsilə niyə pul ayırmır?
Azərbaycan təhsilinin acınacaqlı vəziyyətini göstərən yüzlərlə fakt var. Təhsil müəssisələri korrupsiya yuvasına çevrilibsə, orta təhsil repetitorlardan asılı vəziyyətə düşübsə, ali məktəblrədə təhsil haqqı fantastik həddə çatıbsa və ən nəhayət, təhsil verən dilənçi maaşına möhtac edilib, seçki saxtakarına çevrilibsə, deməli həmin ölkədə təhsil məhv edilib. Bəli, Azərbaycanda təhsilin maketi qalıb. Elan edilən imtahan nəticələri də göstərir ki, dəhşətli tendensiyanı dayandırmaq üçün hökumət nəinki addım atmır, hətta vəziyyəti pisləşdirmək üçün israr edir.
Bugünlərdə Milli Məclisin iclası keçirildi və müzakirələrdən aydın oldu ki, bu il xaricdə təhsil almaq üçün 1 nəfər də tələbə göndərilməyib. Bunun izahını isə belə verirlər ki, dövlətni maddi sıxıntısı var. Bəli, xaricdə təhsil proqramının dayandırılması da məhz bu amillə izah edilir.
Konkret bu ilə gəlincə, xaricə tələbə göndərilməməsinin maddi vəziyyətlə əlaqələndirilməsi vətəndaşı ələ salmaqdır. Necə olur ki, böhranın dərinləşdiyi bir vaxtda Formula-1 yarışı keçirilə bilir, Avropa çempionatına sponsorluq edilir, Bolqarıstanda xarabalıqların abadlaşdırılmasına milyonlar ayrılır, gələn il keçiriləcək İslam Həmrəyliyi Oyunlarına büdcədən 200 milyon xərcləməyə qərar verilir, amma gənclərin xaricdə təhsil alması üçün pul tapılmır?
Bəs, ölkə başçısı deyirdi ki, biz böhrandan şərəflə çıxmışıq? Bəs, deyirdilər ki, böhran bizə təsir etməyib, zəruri layihələr davam etdiriləcək? Belə çıxır ki, Bolqarıstanda milyonlar xərcləmək, ölkə vətəndaşınnı təhsil almasından daha mühümdür. Deməli, təhsil hakimiyyət üçün zəruri sahə deyil.
Hansıki, xeyli mənasız layihəni məhz xaricdə təhsil proqramının dayandırılmaması üçün ləğv etmək olardı. Yuxarıda sadaladığımız faktlar da göstərir ki, xaricdə təhsilin dayandırılması maddiyyatla bağlı deyil. Bu saat hansısa xarici jurnal hökuməti tərifləmək üçün milyonlar tələb etsə, hökumət bu məbləği dərhal təmin edər.
Qayçılama prosesi ona görə təhsildən başladı ki, bu hökumətə təhsilli gənclər lazım deyil. Gənclərdə demokratik şüurun formalaşması, gənclərin hüquq və azadlıqlar haqqında geniş dünyagörüşünə sahiblənməsi hökumətin xoşuna gəlmir.
Bu il 1 nəfər də olsun tələbənin xaricdə təhsil almağa göndərilməməsi, hökumətin anti-milli mahiyyətinin, heç bir real islahat aparmayacağının göstəricisidir. Çünki, ölkəni ağır vəziyyətdən çıxarmaq üçün təhsil və səhiyyənin inkişafı prioritet olmalıdır.
Təhsil haqqının qiymətini fantastik həddə qaldırmaqla ölkədə təhsil almaq istəyənlərin qarşısına sədd çəkiblər. İndi də maddi amili əsas gətirərək xaricdə təhsilin qarşısını alırlar. Deməli, hökumət məqsədli şəkildə təhsili şikəst vəziyyətə salır. Hətta böhranın dərinləşdiyi vaxtda da şəxsi bizneslərini qorumağa çalışdılar. Beynəlxalq Bank özlərinin olduğuna görə bu bankın sağlamlaşdırılmasına 3 milyard manat vəsait ayrıldı, amma 10 nəfər gənci təhsil almaq üçün xaricə göndərmək istəmirlər.
Düşmənçilik başqa necə olur? Faktiki olaraq pulu havaya sovururlar, amma təhsilə yatırmırlar. Nə qədər ki, bu hökumət var, təhsil müəssisələri pul yığmaq, pul silmək yerinə çevriləcək.
Samir