Daha bir jurnalistə qarşı məhkəmə

Elcin ismayilliOktyabrın 5-də saat 11:00-da İsmayıllı Rayon Məhkəməsində jurnalist Elçin İsmayıllıya qarşı növbəti məhkəmə prosesi keçiriləcək. Qeyd edək ki, İsmayıllı kənd təsərrüfatı idarəsinin rəisi Həsən Həsənovun jurnalistə qarşı mülki qaydada irəli sürdüyü iddiada Elçin İsmayıllının onun işgüzar fəaliyyətinə xələl gətirdiyini,şərəf və ləyaqətinin alçaldılmasını əsas gətirərək ondan təkzib verməsini və 10 min manat miqdarında maddi təzminat tələb edir.

Əslində isə bütün bunlar jurnalistin son dövrlərdə rayondakı məmur özbaşnalıqlarını ifşa etdiyinə görə gündəmə gətirilib. Jurnalistin rayon icra hakimiyyətinin başçısı Mirdamət Sadıqovu mütəmadi tənqid atəşinə tutması onda jurnalistə qarşı qisasçılıq hissi yaradıb. Bundan bir il əvvəl də təxminən eyni mövzu ilə bağlı Elçin İsmayıllı rayon rəhbərliyinin planı ilə xırda vəzifələrdə təmsil olunan qadınların iddiası əsasında məhkəməyə verilmişdi.

Rayondakı mənbələrin verdiyi informasiyaya görə icra başçısı bu dəfə hakimə ciddi tapşırıq verib ki, jurnalisti xeyli miqdarda cərimələsinlər və qərar dərhal icraya yönəldilsin. Onlar bu yolla jurnalistin qiymətli əşyalarını, kompyuter və s. əlindən almaqla onu tam zərərsizləşdirmək fikrindədirlər.