Nemət Əliyev: «Bank Standart» ölkədə bank sektorunda olan vəziyyəti əyani şəkildə nümayiş etdirir»
Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) Direktorlar Şurasının (DŞ) qərarı ilə “Bank Standard” QSC–nin lisenziyasının ləğv olunması “Standard Insurance” ASC–nin fəaliyyətinə heç bir təsir göstərməyəcək. Bunu açıqlamasında Şirkətin İdarə Heyətinin sədri Aydın Rəhmanov deyib.
Onun sözlərinə görə, son aylar “Bank Standard”dakı məlum vəziyyətlə əlaqədar rəhbərlik etdiyi şirkət bazarda öz gücünə fəaliyyət göstərib, toplanmış sığorta haqlarında Bankın payı olmayıb: “Odur ki, “Bank Standard”ın bağlanmasının “Standard Insurance”in işinə heç bir təsiri ola bilməz”.
A.Rəhmanov onu da deyib ki, hazırda şirkətin təsisçisi olan “AB Standard” QSC yeni biznes strategiyası üzərində işləyir və son nəticədə “Standard Insurance” gələcəkdə də bazarda “Bank Standard”sız qala biləcək.
Xatırladaq ki, MBNP “Bank Standard”ın lisenziyasını sentyabrın 30-da ləğv edib. Bu münasibətlə keçirilmiş mətbuat konfransında qurumun rəhbəri Rüfət Aslanlı bəyan edib ki, “Standard İnsurance”in rəhbərliyi bazarda “Bank Standard”sız qalmasına imkan verən strategiya üzərində düşünməli, biznesə baxışını dəyişməlidir: “Ümidvarıq ki, şirkət yeni vəziyyətə uyğun strategiyasını bizə təqdim edəcək”.
(Report)
«Standart Bank»a dövlətin ayrıdğı pullar kömək etmədi
Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) Direktorlar Şurasının (DŞ) qərarı ilə lisenziyası ləğv olunmuş “Bank Standard” QSC ilə əlaqədar bu gün Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADİF) Himayəçilər Şurasının (HŞ) iclası keçiriləcək. Bunu açıqlamasında ADİF-in icraçı direktoru Azad Cavadov deyib.
Maliyyə Bazarlarına Nəzarət Palatasının sədri Rüfət Aslanlı bildirib ki, “Bank Standard” bundan artıq fəaliyyət göstərməsi hökumətin və özəl sektorun əlavə itkilər verməsinə səbəb ola bilərdi: “Maliyyə sektorundakı mövqeyi, aktivlərinin həcmi, hüquqi və fiziki şəxs olan müştərilərinin sayı nəzərə alınaraq “Bank Standard”ın sağlamlaşdırılmasına qərar verilmişdi. Bu məqsədlə “AzərTürkBank” Bankın sağlamlaşdırıcı (sanator) bankı təyin edilmiş və çox qısa müddətdə sanator bank tərəfindən “Bank Standard”ın idarə heyəti yenidən formalaşdırılmışdı. Yeni rəhbərliyə Bankın sağlamlaşdırılması məqsədilə proqramların hazırlanması həvalə olunmuşdu. Obyektivlik naminə demək lazımdır ki, bankın yeni menecmenti onun sağlamlaşdırılması üzrə bir neçə ssenarilər təklif etdilər. Təəssüf ki, bunların heç biri Bankın maliyyə dayanıqlığı üçün yetərli olmadı.
MB vəsaitlərinin 60 % əmanətlərin qaytarılmasına xərclənib
Hətta bu dövrdə Bankın üzləşdiyi likvidlik probleminin həlli məqsədilə Maliyyə Bazarlarına Nəzarət Palatasının müraciəti ilə Mərkəzi Bank “Bank Standard”da əlavə əhəmiyyətli likvidlik dəstəyi ayırmışdır. Bu vəsaitlər hesbına Bankda əhalinin vaxtı çatmış, amma bankın ödəmək iqtidarında olmadığı əmanətlər, əməkhaqqı, vergi və sosial xarakterli ödənişlər icra edilmişdir. Mərkəzi Bankın ayırdığı likvidlik dəstəyinin 60%-i sırf əhalinin əmanətlərinin qaytarılmasına sərf edilmişdir.
Rüfət Aslanlı qeyd edib ki, “Bank Standard”ın aktivləri onun öhdəliklərinin ödənilməsi üçün yetərli deyil. Buna baxmayaraq dövlətin zəmanətilə Mərkəzi Bankın ayıracağı vəsait hesabına Əmanətlərin Sığortalanması Fondu qısa bir müddətdə kompensasiyaların ödənilməsinə başlayacaqdır.
«Bank Standart»dakı əmanətlərin miqdarı 520 milyondur
Onu da qeyd edək ki, xatırladaq ki, “Bank Standard”dakı əmanətlərin məbləği 520 mln. manatdır. Bunun 460 mln. manatını qorunan əmanətlər təşkil edir. Kompensasiya ödəmək üçün ADİF-ə borc verilməsi nəzərdə tutulub. Hələlik isə Fondun dövlətə 118 mln. manat borcu var. ADİF-in icraçı direktoru Azad Cavadov onu da qeyd edib ki, ADİF-in ləğvedici olduğu kommersiya banklarının sayı 10-a çatacaq. Xatırladaq ki, hazırda Fond “Royal Bank”, “Bank of Azerbaijan”, “Atrabank”, “Qafqaz İnkişaf Bankı”, “Texnikabank”, “Dekabank”, “Kredobank”, “Parabank” və “Zaminbank” ASC-lərin ləğv edilməsi ilə məşğuldur. (Report)
Nə baş verir? «Bank Standart»ın bağlanması nəylə bağlıdır? Heydər Babayevin bankının hədəf seçilməsi təsadüfdirmi?
İqtisadçı Nemət Əliyevin sözlərinə görə, Azərbaycanda hələ fəaliyyətini davam etdirən bankların fəaliyyəti ciddi sual altındadır. Çünki Azərbaycanda bank fəaliyyəti faktiki olaraq dayanıb. Azərbaycanın ən aparıcı banklarından olan Beynəlxalq Bankın durumu buna əyani sübutdur: «Həm Mərkəzi Bankın, həm də hökumətin bu günləri yeritdiyi siyasət bankların duruş gətirmək imkanlarını sıfra endirib. Gərək bank fəaliyyəti üçün ölkədə normal şərait olsun. Bu yoxdursa, bankların yalnız valyuta dəyişməklə özlərini saxlaması çox absurdur. Ona görə də «Bank Standart» ölkədə bank sektorunda olan vəziyyəti əyani şəkildə nümayiş etdirir. Belə davam edəcəksə, digər bankların da bağlanması çox uzaqda deyil».
Xəyal