Bərdə sakini Mehriban Əliyevaya müraciət edir

mehriban yuneskoDörd əlil anası yerli məmurlardan şikayət edir

Bərdə rayonu, Nüşabə küçəsi ev 5-də yaşayan Zərifə Şəfixanova H.Əliyev Fondunun rəhbəri Mehriban Əliyevaya müraciət edir. “Azadlıq” vasitəsilə müraciət edən şikayətçinin məktubunda deyilir:

“Mən 8 uşaq anasıyam. Dörd uşağım 2-ci qrup əlildir. Oğlum Vüqar Şəfixanov isə 4 ildən çox Qarabağ döyüşlərində iştirak edib və aldığı kontuziyadan əlil olub. Mənim ailə vəziyyətimin nə qədər acınacaqlı olmasını təsəvvür etmək çətin deyil. Kömək üçün dövlət başçısına müraciət etmişəm və  müraciətimə baxılaraq Prezident Administrasiyası Bərdə rayon icra hakimiyyətinə göstəriş verib. Mənə sahibkarlıq fəaliyyətiylə məşğul olmaq üçün torpaq sahəsi ayrılıb.

Icra hakimiyyətindən bizə tapşırıldı ki, sahibkarlıqla məşğul olmaq üçün lazım olan tikilinizi inşa etdirin və torpağa və tikiliyə lazım olan bütün sənədlər hazırlanıb bizə təqdim olunacaq. Təəssüf ki, Prezident Administrasiyasının tapşırığı, ailə vəziyyətimiz rayon rəsmilərinin yadından çıxıb və unudulub. Bizə sənəd vermək əvəzinə, başımıza oyun açılır. Bərdə bələdiyyəsinin sədri  Sadiq Xəlilov sənədləşdirmə adıyla məndən külli miqdarda pul alıb və hətta rüsumlarda məni aldadıb. Indi bizə verilən torpaq sahəsi və öz vəsaitimizlə tikdirdiyimiz binalar hərraca çıxarılıb. Bizi də hərracda iştirak etməyə  çağırırlar. Naməlum səbəbdən bələdiyyənin keçirdiyi hərrac dayandırılıb. Məlum olub ki, ailəmizə ayrılan torpaq sahəsini əlimizdən alıb başqasına satmaq üçün yerli hakimiyyət orqanlarından məhkəmə oyununa başlanılıb.  Bələdiyyə sədri Sadiq Xəlilov və məhkəmə hakimi Cavid Tağıyev haqqımızı pozur.

Sizdən bir ana və azərbaycanlı qadını kimi xahiş edirəm, mənə kömək əlinizi uzadasınız. Müraciətimdə göstərilənlərin araşdırılması üçün göstəriş verəcəyinizə inanıram”.

Sosial şöbə