Kameron Trampdan üzr istəməyəcək

tramp-davaBöyük Britaniyanın baş naziri onu axmaq adlandırmışdı

“The Daily Telegraph” yazır ki, Britaniyanın baş naziri David Cameron Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizəd Donald Trump-dan üzr istəmək niyyətində deyil.
Cənab Cameron deyib ki, indi artıq respublikaçıların yeganə namizədi olan Trump-la bu yay Londonda görüşməyə hazırdır, lakin onun haqqında dediyi “axmaq” sözünə görə üzrxahlıq etməyəcək.

“The Telegraph” yazır ki, indi baş nazirə cənab Trump-la münasibətlərini qurmaq heç də asan olmayacaq. Cameron Trump-ı müsəlmanlar barədə təhqiramiz bəyanatlarına görə şəxsən tənqid atəşinə tutmuşdu.
Baş nazirə yaxın mənbələr bildirirlər ki, onlar demokrat namizəd Hillary Clinton-a daha rəğbətlidirlər, lakin Trump-la da münasibətlər qurmağa hazırdırlar.
“The Daily Telegraph” yazır ki, namizəd Trump Brityaniyaya avqust ayında özünün prezidentlik kampaniyası üçün fondtoplama səfərini edəcək.

Barışın getsin

Məqalədə deyilir ki, cənab Cameron ötən dekabrda parlamentin iclasında Donald Trump-ı “bölücü, axmaq və düzgün olmayan adam” adlandırmışdı.

Buna baxmayaraq, hökumət sözçüsü baş nazirin bu sözlərə görə üzr istəmək fikrində olmadığını bildirib.
Öz növbəsində Trump-ın yaxın dostlarından və müşavirlərindən biri deyib ki, milyarder müsəlmanlar barədə etdiyi sərt bəyanatlardan geri çəkilmək fikrində deyil, lakin cənab Cameron-un dəvətini məmnuniyyətlə qəbul edərdi.
“The Telegraph” yazır ki, Mühafizəkarlar Partiyasının vəzifəli üzvləri David Cameron-a iki ölkə arasındakı “xüsusi münasibətlərin” qorunub saxlanması naminə Trump-la “barışmağı” məsləhət görüblər.
Keçmiş müdafiə naziri və ABŞ Respublikaçılar Partiyasının rəğbətlisi Liam Fox deyib ki, iki ölkə arasındakı münasibətlər şəxsiyyətlərarası münasibətlərdən yüksəkdə dayanmalıdır. O deyib ki, aralarında olan siyasi konvensiyaya görə tərəflər bir-birlərinin daxili siyasətlərinə qarışmamaq öhdəliyi götürüblər.

Cameron “Trump-ın Putin sevgisini” bölüşməyəcək

Cənab Trump kampaniya çıxışlarından birində müsəlmanlara ABŞ-a gəlməyi qadağan edəcəyini bildirmişdi.
Trump həmçinin demişdi ki, Londonun bir sıra məhəllələri son dərəcə radikallaşıb və hətta polis belə həmin yerlərdə öz canının hayına qalır.
Həmin vaxt Trump-ın Birləşmiş Krallığa gəlməsinə qadağan qoyulmasına çağıran petisiyanı yarım milyon insan imzalamışdı.
Trump-ın keçmiş müşaviri Sam Nunberg deyib ki, cənab Cameron Trump-la bir neçə məsələdə onsuz da toqquşmalı olacaq.
Bunlardan biri də Trump-ın Rusiya prezidenti Vladimir Putinə ifrat heyranlığı məsələsidir.
Keçmiş müşavir bildirib ki, Donald-ın Rusiya liderinə heyranlığını Moskvanın təcavüzü ilə üzləşmiş Avropada yaxşı qarşılamayacaqlar. (Bbc azəri)